İstirahətdə ölüm: Məsuliyyətsizlik, yoxsa keyfiyyətsizlik?

“Turizmin inkişafına mane olan əsas səbəblərdən biri turizmin xalqın gəlir mənbəyinə çevrilən sahə olmamasıdır”

Foto: Meydan TV


“Turizmin inkişafına mane olan əsas səbəblərdən biri turizmin xalqın gəlir mənbəyinə çevrilən sahə olmamasıdır”

Azərbaycandakı turizm mərkəzlərində son illər ard-arda bədbəxt hadisələr baş verir. Ötən həftə Şəki xan sarayı önündəki qocaman ağacın budağının qırılması 19 nəfərin yaralanması və bir nəfərin ölməsi ilə nəticələnib.

Ölən Xatirə Ağamalıyeva qardaşı ilə Şəkiyə istirahət etmək üçün gedibmiş. Xatirə Ağamalıyeva aldığı xəsarətdən 1 gün sonra yerləşdirildiyi Şəki şəhər Xəstəxanasında həyatını itirib.

Bu, baş vermiş ilk bədbəxt hadisə deyil. Məsələn, 2017-ci ilin iyul ayının 17-də İsmayıllı rayonundakı istirahət mərkəzlərinin birində hovuzda çimən 4 nəfəri cərəyan vurmuşdu. Onlardan ikisi elə yerindəcə ölmüş, digər iki nəfər isə xəsarət almışdı.

Bundan başqa, 2013-cü ildə 2 yaşlı uşağın Xaçmazdakı istirahət mərkəzində hovuzun su çəkən qurğusuna düşüb ömürlük əlil olması da istirahət məkanlarında təhülkəsizliyin kifayət qədər təmin olunmadığını təsdiqləyir.

Elman Fəttah
Elman Fəttah

Müsavat Partiyasının Divan üzvü Elman Fəttah da deyir ki, Azərbaycanda turizm sahəsində göstərilən xidmətdə keyfiyyət dəyişikliyinin yaranacağı gözlənilmir.

“Səbəb odur ki, Azərbaycan keçmiş possovet ölkəsidir və cəmiyyətdə olan əsas insan kütləsi qərbdə çoxdan formalaşmış olan biznes kültürünü mənimsəyə bilməyib. Tarix göstərdi ki, 30 illik bir zaman, bir nəsil dəyişimi belə buna kifayət etmir. Hər hansı postsovet ölkəsində turizm sahəsində inkişaf kəmiyyətdə özünü göstərsə də keyfiyyətdə göstərər bilmir. Məsələn, deyək ki, Gürcüstanda turizm ticarəti turizmdə xidmət keyfiyyətinin yaxşı olmasına görə yox, xərclərin az olmasına görədir. Bazar iqtisadiyyatına keçid etmiş Gürcüstanda iqtisadiyyatda rəqabət mühiti var və bu turizm gəlirlərinin artmasına səbəb olur. Ancaq bu, hələ də Gürcüstanda turzimin keyfiyyətinin yüksək olmasını təmin edə bilməyib”.

Natiq Cəfərli
Natiq Cəfərli


Turizmdə inhisarçılıq

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda turizmin istər keyfiyyət, istər də təhlükəsizlik baxımından inkişafına mane olan bir çox səbəb var. O, əsasən iqtisadi səbəblərin keyfiyyətə təsirindən danışır:

“Turizmin inkişafına mane olan əsas səbəblərdən biri turizmin xalqın gəlir mənbəyinə çevrilən sahə olmamasıdır. Türkiyədə əhalinin böyük hissəsi, təxminən 11 milyona yaxın insan turizmin inkişafında sahibkar kimi iştirak edirlər. Bu rəqabətli mühit şəraitində keyfiyyətin və təhlükəsizliyin inkişaf etməsinə səbəb olan amilə çevrilir. O cümlədən Gürcüstanda da 5 nəfərdən 2-si turizmdən birbaşa, ya dolayı yolla gəlir əldə edir. Azərbaycanda isə bütün sahələrdə olduğu kimi dövlət önə çıxmağa çalışır. Azərbaycanda nə qədər ki, əhali turizmdə rolu olmayacaq bu sahədə inkişaf olmayacaq”.

Natiq Cəfərli deyir ki, Azərbaycanda inihisarçılıq da rəqabət mühitini sıfırlayır:

“Əsasən də AZAL şirkətinin inhisarçılığı turizmdə gerilələməyə səbəbdir. Ölkəyə ucuz uçuşların təşkilinə mane olur AZAL, viza və sair kimi vasitələrlə…

Əsas rəqiblərimiz iki dost ölkə olsa da, Gürcüstan 108, Türkiyə isə 100-ə yaxın ölkə ilə viza rejimini ləğv edib ki, bu da turizmə imkan yaradan əsas səbəbdir. Azərbaycanda isə viza rejimi qalır. Avropa, Amerika, Çin, Yaponiya üçün viza rejimi ləğv edilməlidir.

Hekayə quruculuğu da önəmlidir. Məsələn, tarixi turizm, dənizçilik turizmi və s. Məsələn, Gürcüstan qədim çaxır növü ilə yaxşı piar etdi. Azərbaycan da bu kimi hekayələr quraraq nələrisə piar etməlidir”.

Turizm sahəsi üzrə ekspert Ülvi Həsənli deyir ki, Azərbaycanda turizm sahəsində xidmətin keyfiyyətini də, təhlükəsizliyini də dövlət strukturları tənzimləyir:

“Turistlərin təhlükəsizliyi əgər tur səyahət şirkətlər tərəfindən təşkil olunubsa, onlar, fərdi fəaliyyət göstərən bələdçi qrup səhayəti təşkil edirsə, o, yox, əgər turistlərin özləri tərəfindən təşkil olunubsa, həm də turizm obyektinin rəhbərliyi, aidiyyatı qurumlar məsuliyyət daşıyır. Şəkidə baş verən isə təbiət hadisəsidir. Amma bununla bağlı qoruğun rəhbərliyi, aidiyyatı qurumlar məsuliyyət daşıyır. Azərbaycan Turizm Haqqında qanunda da bildirilir ki, səyahət zamanı turistin təhlükəsizliyinə ya səfəri təşkil edən şirkət, bələdçi, ya da turizm obyektinin rəhbərliyi cavabdehdir. Uzun müddət əvvəl tikilmiş, yüz illərlə tarixi olan abidələrin təhlükəsiz, turistlər üçün təhlükəli yaratmaması ilə bağlı mütəmadi yoxlamalar aparılmalı, nəzarət olunmalıdır. Görünür Şəki Xan Sarayının həyətindəki ağacların küləyə davamsız olması ilə bağlı heç bir yoxlama aparılmayıb. Üstəlik, elə küləkli havada turistlərin səyahətini müvəqqəti dayandırmaq da olardı, amma olunmayıb və nəticədə elə bir ağır hadisə baş verib”.

Ulvi Hesenli
Ülvi Həsənli


Azərbaycanda turistlərin sayında artım yoxdu

Ekspert onu da əlavə edir ki, Azərbaycanda turistlərin sayında heç bir irəliləyiş yoxdur:

“Gürcüstanda son 10 ildə ora gələn turistlərin sayını müqayisə edəndə, görürük ki, ölkə azı 6 dəfəyə yaxın daha çox turist qəbul edib. Azərbaycanda isə qəbul edilən turist sayında heç bir dəfə artıq irəliləyiş yoxdur. Rəsmi statistikalara görə, 10 il əvvəl Azərbaycanın (1,8 milyon) Gürcüstandan (1,5 milyon) daha çox turist qəbul etdiyi göstərilir, amma bu gün qonşu ölkə bizdən 3 dəfədən daha çox qonaq qəbul edir. Belə ki, 2018-ci ildə Gürcüstan 8,7 milyon, Azərbaycan isə 2,8 milyon əcnəbi qəbul edib. Mən niyə məhz daha çox Gürcüstanda paralel aparıram, çünki bir çox məsələdə ortaq nöqtələrimiz var, başlanğıc vəziyyəti demək olar eynidir, amma sonradan hər iki ölkə tamam fərqli inkişaf trayektoriyası çəkdi”.

Ülvi Həsənli ölkədə son illər ard-arda keçirilən beynəlxlaq yarışlara da diqqət çəkir. Bildirir ki, xərclənən milyardlar belə turizmin inkişafına səbəb ola bilmir:

“Bu il Avroliqanın finalının Bakıda keçirilməsinə baxmayaraq, bir çox xarici bundan şikayət etdi. Bildirdilər ki, təyyarə bileti tapa bilmirlər, yaxud çox bahalıdır. Amma 4 il bundan əvvəl, 2015-ci ildə Tbilisidə UEFA Superkubokun oyunu keçirilmişdi və belə bir narazılıq yaranmamışdı, stadion da Azərbaycandakından fərqli olaraq tam dolu idi. Çünki gürcülər bir çox ölkənin “loukost” aviaşirkətini ölkəyə buraxıblar”.


“Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkədir”

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə deyir ki, son illər Azərbaycana gələn turislərin sayında artım var və Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkədir.

“Təhlükəsizlik nöqteyi0nəzərdən Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu, həm terror, həm kriminal və sair aiddir. İldən-ilə də gələn turistlərin sayı artır. Sorğular göstərir ki, turislər buranı təhlükəsizlik OAZİS-nə bənzədirlər. Dövlət Turizm Agentliyinin tabeliyində olan 7 qoruq var ki, onlar da digər turizm sahələri də kifayət qədər qorunur. Sistemli şəkildə təhlükəsizlik üçün mütəmadi nəzarət aparırıq”.

Şəkidə baş verən təbii hadisəyə gəldikdə dövlət rəsmisi bildirir ki, bu hadisə məsuliyyətsizlikdən deyil, intensiv yağışlar səbəbindən baş verib.

“Ekoloqlar rəy verdilər ki, bu, təbii fəlakətdiir. Ordakı çinar ağaclarının 500-ə yaxın yaşı var. Lakin ağacın budaqları qurumamışdı və budanmaya ehtiyac yox idi. Sadəcə son günlər intensiv yağışlar yağımışdı və budaq öz ağırlığının altında qırılıb”.

Dövlət Sərhəd Xidmətinin bu ilin yanvar-iyun ayları ərzində yaydığı məlumatda deyilir ki, Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi gəlib.

Ana səhifəXəbərlərİstirahətdə ölüm: Məsuliyyətsizlik, yoxsa keyfiyyətsizlik?