Məlumatlar məqsədli şəkildə mətbuata ötürülür
Azərbaycanda hakimiyyətin birbaşa nəzarətində olan və maliyyələşdirilən media orqanları – “Baku TV”, “Oxu.az”, “Real TV”, “APA”, “Qafqazinfo”, “Report” və bir sıra İnformasiya Agentlikləri “AbzasMedia”, “Toplum TV”, “Meydan TV” və digər şəxslərlə bağlı ibtidai istintaq gedən zaman onları qaçaqmalçılıqda ittiham edən, həmin işlər üzrə sübut kimi təqdim edilən və yalnız istintaqla əldə edilə bilən məlumatlar paylaşır və həmin şəxslərə qarşı ittihamlar irəli sürür.
Qanuna görə, istintaq dövründə bu məlumatların yayılması qadağandır, hətta bu işlər üzrə dindirilən şahidlərə də “İltizam aktı”na imza atdırılır ki, istintaq sirri açılmasın.
Ona görə də Meydan TV yerli qanunvericliyi araşdıraraq, müvafiq qurumlara informasiya sorğusu göndərərək bu məsələni insan hüquqları və qanun çərçivəsində təhlil edib.
Hansı informasiyaları əldə etmək və paylaşmaq olar?
“İnformasiya əldə etmək haqqında” Qanunun 34-cü maddəsi informasiyanı əldə olunma növünə görə açıq, məxfi və gizli (konfidensial) olaraq təsnifləndirir.
Həmin maddənin təsnifatına əsasən, Azərbaycan qanunvericiliyi ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq, dövlət sirri isə məxfi informasiyadır.
Vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri isə konfidensial informasiya hesab edilir.
Yəni həmin qanuna əsasən, yuxarıda adıçəkilən media orqanlarında istintaqa cəlb olunan şəxslərlə bağlı paylaşılan məlumatlar ibtidai istintaq sirri olduğu üçün konfidensial informasiya hesab olunur.
İbtidai istintaqa cəlb olunan şəxslərlə bağlı konfidensial informasiya haradan əldə edilə bilər?
Sözügedən məqalələrdə dərc edilən materiallar hazırda ittiham olunan şəxslər həbs edildikdən, evlərində və ofislərində axtarış keçirildikdən sonrakı tarixlərdə dərc edilib.
Dərc edilən məqalələrdə əldə edilən və material hazırlamaq üçün istifadə edilən heç bir sənədin haradan və hansı üsullarla əldə edilməsinə dair istinad göstərilməyib.
İbtidai istintaqa cəlb olunan şəxslərə aid olduğu iddia edilən həmin materialların məhkəmə dəyərləndirilməsi hələ baş tutmadığı, vəkillərin istintaq sirrinə görə işin detalları ilə bağlı açıqlama verə bilməyəcəklərini ictimai bəyan etdikləri halda, hakimiyyətyönlü mediada şəxslərin adının qeyd olunduğu sənədlər, şəxsi görüntülər və ittihamlar nümayiş etdirilib.
Mediada gedən xəbərlərin tarixlərinə istinadən, həmin materiallar istintaqa cəlb olunan və barəsində həbs qətimkan tədbiri seçilən şəxslərin telefon və kompüterlərinin polis tərəfindən götürülməsindən bir neçə gün sonra paylaşılıb.
Konfidensial informasiya kimlər tərəfindən yayıla bilər?
“İnformasiya əldə etmək haqqında” Qanun konfidensial informasiyanı açıq olmayan informasiya kimi izah edir.
Yerli qanunvericilik konfidensial informasiyasiyanın paylaşılmağına yalnızca müəyyən hallar daxilində icazə verir.
Dərc edilən materiallar həmin dövrdə ibtidai istintaq altında olan şəxslərlə və onların peşə fəaliyyətləri ilə bağlı olduğuna görə, burada konfidensial informasiya həm də istintaq sirri sayılır.
Qanuna görə, bu məsələni Cinayət Prosessual Məcəllə (CPM) tənzimləyir.
CPM-nin 222-ci maddəsi “ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi” haqqındadır (buna qısaca “İstintaq sirri” də deyilir).
Həmin maddəyə əsasən istintaq sirri iki halda yayıla bilər:
- Cinayət prosesi iştirakçıları və jurnalistlər tərəfindən;
- İstintaq orqanının özü tərəfindən.
Əgər istintaq sirri cinayət prosesi iştirakçıları və jurnalistlər tərəfindən yayılırsa, bu halda onlar cinayət təqibi orqanından (müstəntiq, prokuror və ya məhkəmə) icazə almalıdır (cinayət prosesi iştirakçısı ərizə ilə, jurnalist isə sorğu ilə müraciət edərək bu məlumatları tələb edə bilər).
Belə yayılma üçün icazə o halda verilir ki, yayılan məlumat istintaqın maraqlarına zidd olmasın və cinayətin digər iştirakçılarının hüquqlarını pozmasın.
Əgər istintaq sirri cinayət təqibi orqanı tərəfindən yayılırsa, bu halda şərtlər daha sərtdir.
İstintaq orqanı istintaq məlumatlarını özü birbaşa ya da media vasitəsilə yaymalıdır. Bu halda media həmin məlumatın istintaq tərəfindən yayıldığını aşkar şəkildə bildirməlidir. Əks halda, həmin media orqanları da məsuliyyət daşıyır.
İstintaq orqanı məlumatı yalnız o halda yaya bilər ki, həmin məlumatın yayılması ictimai maraq kəsb etsin və ya həmin məsələ ilə bağlı yanlış qənaətin aradan qaldırılmasına ehtiyac olsun. Bu halda istintaq orqanı yayılan məlumatın istintaqın marağına zidd olmamasını təmin etməli, şəxsin hüquqlarını (məsələn, şəxsi toxunulmazlıq hüququnu) pozmamalı və təqsirsizlik prezumpsiyasına riayət etməlidir.
İstintaq orqanı məlumatı yaydıqda şəxsin təqsirli olmasına dair təəssürat yaradacaq üslubiyyətdən qaçınmalıdır.
Beləliklə, CPM istintaq sirrinin yəni istintaq materiallarının yayılması ilə bağlı həm media, həm cinayət prosesi iştirakçısı, həm də istintaq orqanı üçün şərtlər müəyyən edir. Bu şərtlərə riayət edilməməsi hüquqi məsuliyyətə səbəb olur.
İbtidai istintaq materialları yayılmasına görə hansı məsuliyyət nəzərdə tutulur?
Proses iştirakçıları üçün cinayət məsuliyyəti
Əgər istintaq sirri cinayət prosesi iştirakçısı (təqsirləndirilən şəxs, vəkil, şahid, zərərçəkən şəxs və sair) tərəfindən yayılarsa, bu halda həmin şəxslər cinayət məsuliyyəti daşıyırlar.
Cinayət Məcəlləsinin 300-cü maddəsinə əsasən həmin şəxslər istintaq sirrini yaymağa görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin proses iştirakçısının məsuliyyətə cəlb edilməsi üçün müəyyən şərtlər nəzərdə tutulur.
Bu şərtlərdən birincisi odur ki, proses iştirakçısı məlumatı yaymamağa dair xəbərdar edilməlidir. Bunun üçün həmin şəxs yazılı iltizamı imzalamalıdır. Əgər belə xəbərdarlıq edilməyibsə, onda məsuliyyət meydana çıxmır.
Cinayət məsuliyyəti üçün isə digər şərt odur ki, istintaq sirrinin yayılması istintaq gedişinə maneə yaratmalı ya da şəxslərin hüquqlarını pozmalıdır. Əgər məlumatın yayılması nəticəsində belə zərər baş verməyibsə, onda cinayət prosesi iştirakçısı cinayət məsuliyyətinə cəlb edilmir.
Media üçün inzibati xəta məsuliyyəti
“Media haqqında” Qanunun 15-ci maddəsi “informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar” başlığı altında müstəntiqin icazəsi olmadan ibtidai istintaq materiallarını paylaşmağı qanun qadağa edir. Bu qadağa İXM-in 388-ci maddəsi ilə tənzimlənir.
Həmin qaydada qeyd edilir ki, media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Beləliklə, qanunvericilik media tərəfindən istintaq sirrinin yayılmasına görə inzibati xəta məsuliyyəti nəzərdə tutur.
İstintaq orqanı üçün intizam məsuliyyəti
Qanunvericiliyə görə, əgər istintaq orqanı (məsələn, müstəntiq) istintaq sirrini qəsdən yayarsa, yaxud yayılmaması üçün lazımi tədbirlər görməzsə, bu halda həmin müstəntiq buna görə intizam məsuliyyətinə cəlb edilməlidir.
Hazırda “AbzasMedia” daxil olmaqla tənqidçi media orqanları ilə əlaqədar cinayət işlərini polis müstəntiqləri həyata keçirdiyi üçün onların hüquqi məsuliyyəti “Polis haqqında” Qanunun 33-cü maddəsi və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin VII və VIII fəsilləri ilə tənzimlənir.
Qeyd edilən hüquq qaydalarına əsasən polis əməkdaşı kimi polis müstəntiqi hüquqazidd davrandıqda buna görə intizam məsuliyyəti daşıyır.
İntizam məsuliyyətinin isə müxtəlif növləri var: töhmət, şiddətli töhmət, xəbərdarlıq, polis orqanlarından xaric etmə və sair.
İstintaq sirrinin qanunvericiliyə zidd şəkildə yayılması cinayət prosesi tərəflərinin (məsələn, təqsirləndirilən şəxsin) hüquqlarını ciddi şəkildə pozur.
Bundan əlavə, bu cür pozuntu istintaqın maraqlarına da ziddir. Belə olan halda belə pozuntuya yol vermiş müstəntiqə qarşı ən ağır intizam tədbiri olan polis orqanlarından xaric etmə tədbiri tətbiq edilməlidir.
Ziyana görə kompensasiya
İstintaq sirrinin yayılması nəticəsində hüquqları pozulan şəxs onun hüquqlarını pozan istintaq orqanına qarşı inzibati məhkəmədə kompensasiya tələbinə dair iddia qaldıra bilər. Eyni zamanda, media orqanlarına qarşı mülki kompensasiya iddiası verilə bilər.
Zərərçəkən şəxsin belə iddianı verməsi üçün müddətlər nəzərdə tutulmayıb. Zərərçəkənlər belə iddianı istənilən vaxt qaldıra bilərlər.
İbtidai istintaq materiallarının mediaya selektiv ötürülməsi…
”AbzasMedia”, “Toplum TV”, “Meydan TV” kimi tənqidçi media orqanlarına qarşı başlanılmış cinayət işlərində yalnız istintaqla əldə edilə biləcək informasiyaların yayılmasına dair bir çox nümunələr var.
Hökumətyönümlü media ardıcıl olaraq audio-video formatda istintaq sirri təşkil edən məlumatları yayır.
Bu cür xəbərlər nəticəsində həmin işlər üzrə təqsirləndirilən şəxslər cəmiyyətə cinayətkar kimi təqdim edilir və onların təqsirsizlik prezumpsiyası hüquqları pozulur.
Eyni zamanda, həmin şəxslərin şəxsi toxunulmazlıq hüququna aid məlumatlar paylaşılır (Məsələn, “AbzasMedia” işində ATM-dən pul çəkilməsi, Bəhruz Səmədovun işində ailə üzvləri barədə məlumatlar, “Toplum TV” və “Meydan TV” işi daxil olmaqla işlərin əksəriyyətində şəxsi yazışmaların yayılması və sair). Bununla həmin şəxslərin şəxsi toxunulmazlıq hüquqları pozulur.
Həm təqsirsizlik prezumpsiyası hüququ, həm də şəxsi toxunulmazlıq hüququ həm Azərbaycan Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) ilə qorunur.
Konstitusiyanın 32-ci maddəsi və AİHK-in 8-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu, Konstitusiyanın 63-cü maddəsi və AİHK-in 6.2-ci maddəsi isə təqsirsizlik prezumpsiyası hüququnu qoruyur.
Qeyd edilən işlərdə bu hüquqların pozuntusu təşkil edən xəbərlərin yayıldığını şahidi oluruq. Lakin müvafiq dövlət orqanları bunlarla bağlı hər hansı tədbirlər görmürlər. Eyni zamanda, bu məlumatlar yalnız istintaq orqanı tərəfindən hökumətyönümlü media orqanlarına ötürülə bilərdi. Çünki həmin məlumatlara hazırda həmin orqanlar sahibdirlər. Bu məlumatlar isə CPM-lə nəzərdə tutulan qaydada deyil, həmin qaydaları pozmaqla paylaşılır. Həmin xəbərlərdə şəxslərin hüquqları pozulur. Onlar haqqında cinayətkar təəssüratı yaradılır.
Bundan əlavə, həmin media orqanları bu məlumatların istintaq orqanı tərəfindən onlara verilməsi barədə heç bir məlumat vermirlər. Beləliklə, hazırda istintaq orqanı (Bakı Şəhər Baş Polis İdarəsi) bu məlumatları ötürməklə hüquq pozuntusuna yol verir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq isə bu pozuntuların aradan qaldırılması istiqamətində heç bir addım atmır.
Nəticədə, həmin məqalələrdə sübut kimi təqdim edilən şeylər ibtidai istintaqa cəlb olunan şəxslərlə bağlı selektiv və qərəzli informasiya yaymaq, onlara və yaxınlarına mənəvi ziyan verməklə yanaşı, eləcə də onların digər hüquqlarını pozur. Belə ki, mediadakı sözügedən materiallarda şəxslərin bank hesabına gələn pul göstərildiyi halda, o puldan dövlətə verginin ödənib-ödənmədiyi araşdırılmayıb və ya göstərilməyib.
İbtidai istintaqa cəlb olunan digər şəxsin ATM-dən nağdlaşdırma etdiyi vaxt çəkilən şəkli mediadakı həmin materiallarda sübut kimi təqdim edilib. Lakin şəxsin ATM-dən nə qədər vəsait çəkdiyi, hansı məqsəd üçün istifadə etdiyi bilinmədiyi halda qanunla qadağa olmayan nağdlaşdırma əməliyyatı kriminallaşdırılmış formada təqdim edilib.
Paylaşılan materiallarda AR Konstitusiyasının 32-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddələrində nəzərdə tutulan şəxsi həyata hörmət hüququ pozulub. Çünki həmin şəxslərə aid bank, daşınmaz əmlak məlumatları, şəxsi yazışmalar paylaşılıb.
İnformasiya sorğularına cavab verilmir…
Meydan TV istintaq materiallarının sızdırılması ilə bağlı hər hansısa müstəntiqə qarşı intizam icraatının başladılıb-başladılmadığını öyrənmək məqsədilə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa informasiya sorğusu göndərib. Lakin informasiya sorğusuna cavab almağın qanuni müddəti dolduğu halda belə, hər hansısa açıqlama almaq mümkün olmayıb.
Eyni zamanda istintaq materiallarının jurnalistlər və ya media tərəfindən dərc edilməsi ilə bağlı da hər hansısa tədbir görüldüyünə dair cavab almaq mümkün olmayıb.