İstefa mədəniyyətinin sirri

Öz potensialını sonuna qədər reallaşdıra bilməyən, nəyə sahib, nəyə qadir olub-olmadığını test edə bilməyən bir mühitdə istefa mədəniyyəti də olmur, ola bilməz.

Foto: Meydan Tv


Azərbaycan siyasi səhnəsi oz potensialını reallaşdıra bilməyən, bu təbii imkan əllərindən alınmış insanların məkanıdır

Ölkənin siyasi həyatında ara-sıra, amma gur səslənən suallardan biri də budur: Niyə Azərbaycanda normal siyasi istefa mədəniyyəti yaranmadı, olmadı? Hansı mötəbər səbəblərdən partiya liderlərindən bir nəfər belə səmimi şəkildə siyasi karyerasını bitirdiyini elan edib, siyasi iddialarından biryolluq əl çəkmədi, özünü tamamilə başqa, yeni bir sahəyə həsr eləmədi?

Kimsə Milli İstiqlal və ya Liberal partiyalarının sabiq sədrlərini nümunə gətirə bilər. Ancaq əvvəla, hər iki siyasətçi keçmiş partiyalarının lideri kimi hələ də qalmaqdadır. Partiya liderliyi postunun əslində nə olduğunu, konkret hansı funksiyaları ehtiva etdiyini, partiya nizamnaməsi ilə necə tənzim edildiyini dəqiq bilməsəm də, bu postun yerinin və rolunun bu cür aydın şəkildə ayrılması və fərqləndirilməsi partiya iyerarxiyasında ona verilən əlahiddə dəyərdən xəbər verir. Digər tərəfdən, bu şəxslərin sədrlikdən getdikdən sonra siyasi səhnədən tam və qəti ayrılmasını, geri çəkilməsini göstərən heç bir dəqiq əlamət də yoxdur. Vaxtaşırı onların siyasi dönüşü haqda söz-söhbətlər dolaşır, üstəlik də özlərinin hər an qayıtmaq üçün məqam, fürsət gözləyən tövrləri iddialarının tükənmədiyini dolayı yolla təsdiqləyir.

Qayıdaq suallara. Bu sualların qoyulma tərzi əksərən cavabını axtarıb, tapmaq cəhdindən daha çox, aşkar kinayə və ümumi ittiham təsiri bağışlayır. Yəni, sualın qoyulma tonu, səslənmə tərzi və arqument kimi istifadə edilmə yeri, məqamı onun bir qayda olaraq cavabın özü kimi çıxış etdiyini, cavabı əvəzlədiyini göstərir. Bir az da dəqiqləşdirsək, sual bütövlükdə siyasi mühitə deyil, siyasi subyektlərə, onların şəxsi keyfiyyyətlərinə vurğu və istinad edir. “Filankəs, indiyə qədər bütün seçkilərin hamısını uduzub, amma yenə də çıxıb getmir”, “bəhmənkəs, filan vaxtda üzüsulu getməliydi, amma qaldı”, “90-cı illərin siyasətçiləri siyasətdən tamam getməlidir” və s. tipli reaksiyalar bu məzmunlu müzakirələrdə ən çox rast gəlinən rezümelərdən olur.

Əslindəsə, bu sualın altında həm Azərbaycan siyasi mühtinin, həm də insan xarakterinin çox maraqlı mətləbləri gizlənib.

Birinci insan xarakteri haqda.

Son illərin ən çox işlənən bir ifadəsi var – “uğur hekayəsi”. Bu ifadə indi bir az fərqli kontesktdə, yeri gəldi-gəlmədi istifadə edilir. Hərçənd məncə, ugur hekayəsi o vaxt yaranır ki, insan özünün bütün şəxsi potensialını tamamilə reallaşdıra, xərcləyib qurtara bilir. Özü də fərqi yoxdur, bu potensial nə boydadır, hansı hədəfə yönəlib, nəticəsi necədir və ya necə olacaq və s. Əsas məsələ onun reallaşma imkanı, bunun üçün münbit, əlverişli şəraitin olub-olmamasıdır.

Sonunadək reallaşma olmayanda, ölməmişdən əvvəl imkan edib, özünü başqa bir işə həsr eləmək, bu yeni sənətin özünəxas həyacanını da yaşamaq olmur.

Azərbaycan siyasi səhnəsi oz potensialını reallaşdıra bilməyən, bu təbii imkan əllərindən alınmış insanların məkanıdır. Başqa cür deyək, siyasi liderlər də daxil olmaqla ölkəmizin siyasi mühitində öz potensialını sonunadək reallaşdıran bir nəfər belə yoxdur. Bu, istisnasız olaraq hamıya, həmçinin 4-cü prezidentliyinin 2-ci yayını yaşayan hazırki ölkə başçısına da aiddir. Biz sıravi seçicilər, siyasi mühitdə olanların həqiqi potensialını, əsl bacarıq və imkanlarını bilmirik, bütün kənar təsirlərdən arınmış, bərabar imkanlara malik mühitdə onların potensialını yoxlayıb, sınaqdan keçirmək imkanından məhrumuq. Güman ki heç onların özləri də bunu bilmirlər. Cəmiyyətdə onların siyasi bacarıqları ilə bağlı aydın, tam və yetkin təsəvvürlərün olmamasının əsl səbəbi də elə budur.

İstefa mədəniyyəti öz həqiqi potensialını sonunadək reallaşdıran, bacarıq və imkanlarının sərhədlərinə “baş çəkib, qayıdan” insanların lüksüdür. Azərbaycan siyasi mühitində bu lüks yoxdur. Öz potensialını sonuna qədər reallaşdıra bilməyən, nəyə sahib, nəyə qadir olub-olmadığını test edə bilməyən bir mühitdə istefa mədəniyyəti də olmur, ola bilməz.

Bu mənada hətta siyasi partiya sədrliyindən istefa verib, siyasi iddialarına son qoyduğunu bəyan edən, amma keçmiş partiyası ilə əlaqələrini tamamilə üzməyib, siyasi lider statusunda qalan, siyasi proseslərlə guşənişin, amma bütün incəliklərinə qədər maraqlanan adamların insani emosiyaları başadüşüləndi.

Azərbaycan siyasi mühitində istefa mədəniyyətinin təşəkkülü siyasi fiqurların əsl potensialını reallaşdırmasından, bunun üçün əlverişli mühitin olmasından keçir. Gələcəyi rahatca seçmək azadlığı köhnədən ağrısız ayrılmaq imkanından asılıdır. O yerdə ki, tam, büsbütün həsretmə, bunun üçün uyğun şərait olmadı, edə biləcəklər axıra qədər edilmədi, ya buna imkan verilmədi, yarımçıq nəsə qaldı, yaxud yarımçıq qoyuldu, ədalətli yarışma və özünü sınama fürsəti əldən alındı, ordan özxoşuna ayrılmaq mümkün deyil.

Necə deyərlər, tam doyma olmayanda, yeni aclıq da yaranmır.

Azərbaycanın hazırki (və bu vaxta qədərki) siyasi mühiti insan potensialını aşkarlamaq və realizə eləmək üçün bütünlüklə yararsızdı. Bu, siyasi arealımızın ən vacib özünəməxsusluğudur. “Lazım olduğundan artıq qalmaq” individual seçim deyil, bu özünəməxsusluğun ağır diktəsidir.

Belə bir ortamda istefa mədəniyyətindən danışmaq məntiqsiz və qeyri-təbii təsir bağışlayır, istefa gözləntisi, bu haqda laflar aşkar qərəz və qaralama tryuku, ya da eləcə söz israfı olur.

Ürəklə və ərklə istefaya çağırmaq üçün istefanı mümkün edən başlanğıc şərtləri, normal siyasi mühiti bərpa eləmək və yaxud yaratmaq lazımdı.

Ana səhifəXəbərlərİstefa mədəniyyətinin sirri