İspan qızılı və Stalin yardımı

Valter Krivitski “Mən Stalinin agenti idim” əsərində yazırdı: “Artıq 1936-cı ilin dekabrında Madriddə, Barselonada, Valensiyada terror əsirdi, xüsusi həbsxanalar yaradılmışdı, agentlər insanları öldürür və oğurlayırdılar”.

Foto: Meydan Tv


SSRİ-nin İspaniyaya göndərdiyi “könüllülər” arasında xüsusi xidmət orqanlarının xeyli əməkdaşı vardı…

Sovet dövründə tarixi əsərlərdə xüsusi vurğulanırdı ki, İspaniyada üç ilə yaxın davam edən vətəndaş müharibəsi zamanı yalnız SSRİ (bir az da Meksika) qanuni ispan hökumətinə təmənnasız beynəlmiləl yardm edib. Qərb ölkələri isə “qarışmamaq” siyasəti adı altında general Frankonun Almaniya və İtaliyanın köməyi ilə qanuni hökuməti devirməsini laqeydliklə izlədilər.

Qərb hökumətləri barədə deyilənlər doğrudur. Meksikada isə 1934-cü ildən sosialist Lasaro Kardenas prezident idi və İspanıyanın solçu Xalq cəbhəsi hökumətinə yardımı təsadüfi deyildi. Ən ciddi dəstək isə SSRİ-dən gəlirdi, bu şübhəsizdir. Amma həmin dəstək nə qədər təmənnasız idi və İspaniyadakı hadisələrdə Moskva həqiqətənmi mütərəqqi rol oynadı? Növbəti məqaləmiz bu barədədir.

***

İspaniyada monarxiya 1931-ci ildə devrildi və respublika elan edildi. Həmin il keçirilən seçkilərdə respublikaçılar qalib gəldilər: parlamentdəki 470 yerin 394-nə yiyələndilər, bunlardan da 291-i sol respublikaçıların payına düşdü. Dekabrın 9-da yeni konstitusiya qəbul olundu. Bu sənədin bəzi, xüsusən də katolik kilsəsinə qarşı yönələn aşırı sol müddəaları respublikaçıları parçaladı və bir çox tarixçilərin fikrincə respublikanın sonrakı uğursuzluğunun səbəbi oldu.

Qadınların ilk dəfə iştirak etdiyi 1933-cü il seçkilərində Müstəqil Sağların Konfederasiyası (La Confederacion Espanola de Derechas Autonomas — CEDA) qalib gəldi. 1936-cı ilin fevral seçkilərində isə Xalq Cəbhəsi koalisiyasında birləşən sollar hakimiyyəti yenidən özlərinə qaytardılar. Bundan sonra əsasən monarxist və mühafizəkar əhval-ruhiyyəli ispan ordusunda hərbi qəsd formalaşmağa başladı.

Qiyam 1936-cı il iyulun 17-də başladı. Üsyançılar bir neçə gün ərzində qalib gələcəklərinə əmin idilər, axı ordunun çox böyük hissəsi onları dəstəkləyirdi. Həqiqətən də ilk gündə hərbçilərin 80%-i qiyama qoşuldu. Amma istənilən nəticə əldə olunmadı. Xalq cəbhəsi hökumətinin mülki tərəfdarları ciddi müqavimət göstərdilər. Ölkənin böyük şəhərlərindən yalnız Sevilya qiyamçıların əlinə keçdi, Madrid və Barselona da daxil olmaqla digərləri hökumətin nəzarətində qaldı. Nəticədə hərbi qiyam uzun sürən vətədaş müharibəsinə çevrildi.

İlk günlərdəki uğurlu müqavimətə baxmayaraq, hökumətin vəziyyəti ağır idi. Az bir qisim hərbçi hökumətə sadiq qaldı. Çoxsaylı sol partiyaların üzvlərindən formalaşan könüllü dəstələrdə intizam acınacaqlı vəziyyətdə idi. Ən əsası isə hökumətin silah-sursatı, hərbi texnikası yox idi. Hərbi ləvazimatın çoxu qiyamçıların əlində idi. Amma hökumətdə qiyamçılarda olmayan bir şey vardı: qızıl.

Həmin dövrdə İspaniya qızıl ehtiyatına görə dünyada dördüncü yeri tuturdu. 1936-cı il iyulun 1-nə olan rəsmi məlumata görə ölkədə 5,24 milyard peseta dəyərində qızıl vardı. Bunu “New York Times” qəzetində 718 milyon dollara bərabər saymışdılar. Bu da 2005-ci ildəki hesablamalara görə, 9,7 milyard dollardan çox idi. 2010-cu ildə başqa bir hesablama isə 12,2 milyard avroya bərabər olduğunu iddia edirdi. Üstəlik, bu zaman yalnız çəki dəyəri hesablanır, bəzi sikkələrin numizmatik dəyəri nəzərə alınmırdı.

İyulun 26-dan etibarən İspaniya öz qızılının hissə-hissə Fransaya göndərməyə başladı. 1937-ci ilin martına qədər şimal qonşuya 193 ton qızıl (və ya 174 ton xalis qızıl) göndərildi ki, bu da qızıl ehtiyatının 27,4%-i edirdi. Göndərilən qızılın müqabilində Madrid hökuməti 3 milyard 922 milyon frank (196 milyon dollar) və bunu silah-sursat almağa xərclədi. Fransaya göndərilən qızılın 40,2 tonunun əvəzi ödənilmədi. Vətəndaş müharibəsindən sonra Franko hökumətini tanıyan Paris bu qalığı ona qaytardı. Qızılın çox hissəsi isə Moskvaya göndərildi.

***

Sovet İttifaqı İspaniyada baş verən hadisələrə əvvəlcə xeyli soyuq yanaşdı. Bu ölkədə Kremlin elə də maraqları yox idi. SSRİ hətta Madriddə səfirlə belə təmsil olunmurdu. Doğrudur, Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə kəsilən diplomatik münasibətlər 1933-cü ildə bərpa olundu və tanınmış sovet xadimlərindən Anatoli Lunaçarski səfir təyin edildi, amma o, İspaniyaya çatmadan, hələ Fransada stenokardiyadan öldü.

Bundan sonra uzun müddət növbəyi səfirin təyin olunmaması hakimiyyətdə CEDA-nın olması ilə yanaşı, həm də SSRİ-nin İspaniya ilə münasibətlərə ciddi önəm verməməsinin göstəricisi idi. Moskva İspaniyaya növbəti səfirini (Marsel Rozenberq) yalnız 1936-cı ilin avqustun 28-də, vətəndaş müharibəsi başlayandan sonra təyin etdi.

Sovet hökuməti baş verən qiyama və vətəndaş müharibəsinə də soyuq yanaşırdı. Qiyamın başlamasından artıq bir həftə sonra Baş nazir Xose Xiral Fransadakı sovet səfirinə silah təchizatı ilə bağlı müraciət etdi. Sonrakı günlərdə analoji müraciətlər daha bir neçə dəfə müxtəlif yollarla edildi. Amma sovet tərəfi müsbət reaksiya vermədi.

SSRİ-nin Xarici işlər naziri Maksim Litvinov avqustun 23-də Parisdəki sovet səfirinə göndərdiyi təlimatda ispan səfirinə bunları deməyi tapşırırdı: sovet hökuməti İspaniyanın uzaqda yerləşməsi, nəqliyyat xərclərinin bahalığı, yüklərin ələ keçirilə biləcəyi, eləcə də “qarışmamaq” siyasətinə tərəfdar olması səbəbindən ispan hökumətinin müraciətini həyata keçirə bilməyəcək. Ertəsi gün isə SSRİ digər qarışmamaq haqqında sənədi imzaladı (ümumən bu sənədi 27 dövlət, o cümlədən qiyamçılara ciddi yardım göstərən Almaniya və İtaliya imzaladı).

Amma sentyabrın ortalarından etibarən sovet rəhbərliyinin yanaşması dəyişdi. İspaniyaya yardım etmək qərara alındı. Yardım göstərilməsinin yolları kəşfiyyatçılar tərəfindən hazırlandı və ayın sonunda Kommunist partiyasının siyasi bürosu tərəfindən “X əməliyyatı” adı altında təsdiqləndi. Planı həyata keçirmək üçün Kəşfiyyat idarəsinə (Razvedupr) 1,91 milyon rubl və 190 min ABŞ dolları ayrıldı. İspaniyaya həm SSRİ-də istehsal olunan, həm də saxta firmalar vasitəsilə xaricdən alınan silah-sursat, texnika ilə yardım göstərilməsi nəzərdə tutulurdu.

Sovet rəhbərliyinin fikrini dəyişməsinin səbəbi barədə dəqiq məlumat yoxdur. Tarixçilər bu barədə yalnız ehtimallar səsləndirirlər. Qərbi Avropada sovet kəşfiyyatına rəhbərlik edən Valter Krivitski hesab edirdi ki, burada geosiyasi səbəblərlə yanaşı ispan qızılı da mühüm rol oynadı.

İlk sovet yardımı oktyabrın əvvəllərində İspaniyaya gəldi. Yardım təkcə texnikadan ibarət deyildi, həm də göndərilən texnikanı idarə edə biləcək hərbçilər də vardı. Əgər İspaniyanın hərbi-hava qüvvələri demək olar ki, tam şəkildə hökumətin tərəfində qalmışdılarsa, digər qoşun növləri üzrə hərbi kadrlara kəskin ehtiyac duyulurdu. Həmin ehtiyacı sovet hərbçiləri ödəyəcəkdilər.

***

İspaniya hökumətinin Maliyyə naziri Xuan Neqrin “qızıl ehtiyatının qorunmasını təmin etmək üçün” sentyabrın 13-də məxfi dekret imzaladı. Bu sənədə əsasən qızıl ehtiyatı qiyamçıların sürətlə üzərinə yeridikləri Madriddən çıxarılaraq təhlükəsiz yerə aparılmalı idi. Ertəsi gün qızıllar İspaniya bankından götürülərək Atoça dəmiryolu vağzalına gətirildi, buradan Kartaxena liman şəhərinə göndərildi. Qızıl dolu 10 000 yeşikdən 7800-ü oktyabrın 25-də isə dörd sovet gəmisinə yükləndi və SSRİ-yə yola salındı.

İspan qızılının Moskvaya göndərilməsi ideyasının kimə məxsus olması da tarixçilərin mübahisə mövzusudur. Kimisi bunun Neqrinin öz ideyası olduğunu, kimisi isə sovet nümayəndələri (bu zaman Artur Staşevskinin adı çəkilir) tərəfindən pıçıldandığını deyirlər. Hər halda, hər birində təxminən 65 kq qızıl olan 7800 yeşik bir neçə gündən sonra SSRİ-nin Odessa şəhərinə yetişdi, oradan da qatarla Moskvaya aparıldı.

Qızılın yalnız az hissəsi (792 kq) külçə şəklində və 999 əyarlı idi. Qalan hissəsi isə müxtəlif ölkələrin qızıl sikkələri idi ki, onlarda da müəyyən qədər başqa metalların qarışığı vardı. Sovet tərəfinin hesablamalarına görə, çəkisi 509,2 tondan artıq olan qızıl pullardan 460,57 tona yaxın 999 əyarlı qızıl alındı.

Bəzi sikkələr nadir və antikvar olduğuna görə əsl qiymətləri nominal dəyərindən daha çox idi. Amma sovet tərəfi bunu nəzərə almaqdan imtina etdi. Mütəxəssislər hesab edirlər ki, bu üzdən ispan tərəfi 20 milyon dollar həcmində ziyan gördü. Ehtimal olunur ki, həmin sikkələr digərləri kimi əridilmədi, beynəlxalq hərraclarda satıldı, fərqini isə sovet hökuməti mənimsədi.

Qızılın çəkisi hesablandıqdan sonra sovet hökuməti oktyabrda göndərdiyi “yardım”ın haqqının ödənilməsini tələb etdi. Bu zaman sırf hərbi ləvazimatların dəyəri deyil, daşınma xərcləri, İspaniyaya göndərilən “könüllü” sovet hərbçilərinin və digərlərinin yol xərcləri və gündəlik ödənişləri, həlak olanların ailələrinə ödəniləcək məbləğ və s. xərclər bu tələbə daxil idi. Üstəlik, ispan qızılının SSRİ-yə daşınma, eləcə də burada yoxlama, əritmə xərclərini də ödənməli idi.

Sonrakı dövrdə İspan hökumətinin verdiyi sifarişlər əsasında qızıl hissə-hissə London fond birjasının kursu əsasında funt-sterlinqə, dollara, Fransa frankına çevrildi. Əldə olunan vəsaitin 2,1%-i komisyon haqq kimi, 1,2%-i isə qızılın daşınması, saxlanılması və əridilməsi xərcləri kimi (cəmi 14,5 milyon) SSRİ tərəfindən tutuldu. İspaniya Respublikası təxminən 470 milyon dollar ekvivalentində vəsait əldə etdi. 131,6 milyon müxtəlif malların alınması və xidmət haqqı kimi SSRİ-yə ödənilir. 338,5 milyon dollar isə başqa ölkələrdən hərbi mallar almaq üçün Parisdə yerləşən Şimali Avropa kommersiya bankına köçürüldü. Bu bank SSRİ-nin Dövlət bankına məxsus idi.

İspan qızılının satılması və hərbi ləvazimatların alınması zaman sovet tərəfinin əliəyriliyə yol verib-verməməsi barədə tarixçilər arasında yekdil rəy mövcud deyildir. Bəziləri hər şeyin dürüst olduğunu iddia edir, bəziləri isə ispanların seçim imkanının olmamasından Moskvanın sui-istifadə etdiyini söyləyir. Bu zaman başqa valyutalara dəyişdirmə zamanı rublun kursunun, eləcə də hərbi texnikanın dəyərinin süni şişirdilməsi, sovet anbarlarında qalan köhnə silahların satılması və digər halalr nəzərdə tutulur.

Əliəyrilikdə bağlı ittihamlar doğru olmasa belə, faktlar onilliklər boyu təbliğ edildiyinin əksinə olaraq, SSRİ-nin İspaniya respublikasına təmənnasız yardım etmədiyini ortaya qoyur. Moskva haqqı ispan hökuməti tərəfindən ödənilməyən heç bir iş görməyib. Hətta haqqı ödənilən ləvazimatları göndərmək üçün Sovet İttifaqı rəhbərliyi bəzi şərtlər irəli sürürdü. Bu da əsasən müxtəlif vəzifələrə kommunistlərin təyin edilməsi və digər siyasi addımlarla bağlı olurdu. 1938-ci ilin aprelində qızıl ehtiyatı tükənəndən sonra isə İspaniyaya heç bir yardım göstərilmədi. Nəticədə bir il sonra respublika süqut etdi və 36 il davam edən Franko diktaturası quruldu.

SSRİ-nin İspaniyaya göndərdiyi “könüllülər” arasında xüsusi xidmət orqanlarının xeyli əməkdaşı vardı. Tezliklə onlar İspaniyada dövlət içində dövlət yaratdılar və trotskiçilər, anarxistlər, Stalini sevməyən digər solçulara qarşı terrora başladılar. Valter Krivitski “Mən Stalinin agenti idim” əsərində yazırdı: “Artıq 1936-cı ilin dekabrında Madriddə, Barselonada, Valensiyada terror əsirdi, xüsusi həbsxanalar yaradılmışdı, agentlər insanları öldürür və oğurlayırdılar”. Sovet təchizatından asılı vəziyyətdə olan hökumət isə bu cinayətlərə göz yummağa üstünlük verirdi.

Bu terrorun ən məşhur nümunəsi Marksist Vahid İşçi Partiyasının (Partido Obrero de Unificacion Marxista – POUM) lideri Andres Ninin NKVD agentləri tərəfindən oğurlanaraq ağır işgəncələrdən sonra öldürülməsi oldu. Britaniya Leyborist partiyasının tanınmış üzvü Robert Smillinin nəvəsi, Rusiya menşeviklərinin nümayəndəsi Rafail Abramoviçin oğlu və başqaları Stalin terrorunun qurbanı oldular.

Stalin terroru qiyamçılara qarşı respublikaçı cəbhənin birliyini parçaladı. Dünyanın müxtəlif ölkələrindən İspaniyaya gələn solçuların xeyli hissəsi terrordan qurtulmaq üçün geri qayıtdılar və ömürlərinin sonuna kimi sosializmin Stalin modelinə nifrətlə yanaşdılar. POUM sıralarında döyüşən məşhur yazıçı Corc Oruel bu baxımdan xüsusi yer tutur. Onun “Heyvanıstan”, “1984” və digər əsərlərində stalinizm öldürücü satiraya məruz qaldı.

Terror sovet nümayəndələrindən, xüsusən qızılın Moskvaya aparılmasına aidiyyatı olanlardan da yan keçmədi. SSRİ-nin İspaniyadakı ilk iki səfiri Marsel Rozenberq və Leon Qaykis güllələndilər. Onları əvəz edən işlər vəkili Segey Marçenko (əsl adı Tateos Mandalyan) da az sonra eyni aqibəti yaşadı. İspan ordusunda baş hərbi məsləhətçi kimi bir-birilərini əvəz edən Yan Berzin, Qriqori Ştern, Kuzma Kaçanov da repressiya qurbanı oldular. NKVD əməkdaşlarının da bir çoxu, məsələn, Artur Staşevski, Moskvaya çağrıldılar və güllələndilər. Andres Ninin qətlinin əsas təşkilatçısı olan Aleksandr Orlov və Valter Krivitski isə terrordan qurtulmaq üçün Qərbə sığındılar.

Ana səhifəXəbərlərİspan qızılı və Stalin yardımı