İsmayıllı sakini: Prezidentə çatdırmaq istəyirəm ki…

“Hansı ölkədə belə şey var?”

Source: Specify Source


“Xahiş edirəm, bizim dərdimizə bir çarə edin”

İsmayıllının Üzeyir Hacıbəyov küçəsinin sakini Ayaz Mirzəyevin şikayəti var. Deyir, zəlzələdə evi uçub, bununla bağlı aidiyyatı qurumlara müraciət edib, ancaq baxan olmayıb. Bir müddət qəzalı şəraitdə olan evdə yaşayıblar. Sonra Bakıya köçməli olublar.

“Evin hər yeri dağılmışdı. Külək əsəndə aynabənd silkələnirdi. Bu, anamı çox pis narahat edirdi. Onsuz da zəlzələdə də çox pis qorxmuşdu. Psixologiyası pozulmuşdu, qala bilmirdi. Elə bizim üçün də təhlükəli idi. Axırda qərar verdik və Bakıya köçdük”.

Ayaz Mirzəyev deyir ki, Bakıya köçəndən sonra anası xeyli psixoloji müalicə alıb. Bir müddət ruhi əsəb dispanserində yatıb. İndi özünə gəlib. Kirayəni çatdırmaq çətindir, bəzən ödəyə bilmirlər. Ancaq anasını yenidən İsmayıllıdakı yarıuçuq evə gətirmək istəmir.

“Güclə özünə gəlib, yenidən bura gətirib, əsəblərinin korlanmasını istəmirəm. Üstəlik, ev hazırda daha da pis vəziyyətə düşüb. Yaşanası deyil. Bir baxın, mənim nəsə deməyimə ehtiyac varmı? Pis gündədir. Burada kimsə yaşamaz”.

Mirzəyevlər ailəsi 5 nəfərdən ibarətdir. Ata Bakıda tikintilərdə işləyib ailəni dolandırmağa çalışır. Bəzi günlər iş olmur. Deyir, çətindir, ancaq başqa çarə də yoxdur, İsmayıllıya dönə bilmir. Bakıda ev almağa da maddi gücü yetmir:

“Anamın xəstəliyini də, evimizin pis durumda olmasını da sənədlərlə, görüntülərlə təsdiq edə bilərəm. Bizim prezidentimiz zəlzələdə, daşqında zərər görən evləri təmir etdirir, mümkün olmayanda həmin insanlara yeni ev tikilməsi ilə bağlı göstəriş verir. Bəs hanı o göstəriş? Bizə çatanda işləmir? 1 ildən çoxdur ki, zülmdəyik. Səsimizi kimsə eşitmir”.

image_from_ios (1).jpg
“Yaşanası deyil”

Mirzəyevlər ailəsi son çarəni Prezident İlham Əliyevə müraciətdə görür. Xahiş edirlər ki, ya onların qəzalı evini təmir etsinlər, yox, bu, mümkün deyilsə, onlara yeni mənzil tiksinlər:

“İcra Hakimiyyətinə müraciət etmişik. Fövqəladə Hallar Nazirliyinə məktub göndərmişik. Deyiblər: “Gəlib baxacağıq”. Ancaq baxan olmayıb. Ev problemimiz həll edilsə, bizim nə işimiz var Bakıda, gələrik öz şəhərimizə. Burada gül kimi güzəranımız var idi. İndi bu ev yaşanası durumda deyil. Qorxuram uçar, qalarıq altında”.

Ayaz Mirzəyev Prezidentə çatdırmaq istəyir ki, onun tapşırığına bölgələrdə əməl edilmir:

“Ailəm və xəstə anamla birgə küçələrdə, kirayələrdə qalmışıq. Özüm də gah işləyirəm, gah aylarla işsiz qalıram. İnanın, bəzən kirayə pulunu da verə bilmirəm. Xahiş edirəm, bizim dərdimizə bir çarə edin. Heç olmasa gəlib evimizə baxsınlar. Təmir lazımdırsa təmir, yox qəzalıdırsa, bizi yeni evlə təmin etsinlər”.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, zəlzələdən zərərçəkmiş evlərlə bağlı şikayətlərə həmişə baxılır:

“Fövqəladə Hallar Nazirliyinin buradakı nümayəndələri gedir, baxır, əgər həqiqətən yaşanası durumda deyilsə, kömək göstərilir. Görünür, həmin vətəndaş ya müraciət etməyib, ya da baxılıb, bir köməklik göstəriləcək. Bəzən bu işlər vaxt apara bilir, ancaq hər bir şikayətə mütləq baxılır”.

image_from_ios (2).jpg
Ayaz Mirzəyev

2020-ci ildən Azərbaycan ərazisindəki bütün evlərin məcburi icbari sığortası həyata keçiriləcək. Bir illik minimum sığorta qiyməti Bakı şəhərində 50, bölgələrdə 30 manatdan başlayacaq. Prezident İlham Əliyev də sığortanın olmasını vacib sayır. Deyir, ticarət obyektləri sığortalansa, bədbəxt hadisələrdə yük dövlətin üzərinə düşməz. Əvəzində dövlət bədbəxt hadisələr zamanı yalnız kasıb insanlara dəstək olar:

“Ticarət obyektlərinin hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir? Ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var?”

image_from_ios (6).jpg
İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, zəlzələdən zərərçəkmiş evlərlə bağlı şikayətlərə həmişə baxılır
image_from_ios (5).jpg
“Bir illik minimum sığorta qiyməti Bakı şəhərində 50, bölgələrdə 30 manatdan başlayacaq”
image_from_ios (3).jpg
“Prezident İlham Əliyev də sığortanın olmasını vacib sayır”.
Ana səhifəBölgəİsmayıllı sakini: Prezidentə çatdırmaq istəyirəm ki…