İran neftinin üç çaları: Müsəddiq

Müsəddiq

Müsəddiq

İran hadisələri çox güman ki, Böyük Britaniya parlamentinə oktyabrın 25-də keçirilən seçkilərin nəticələrinə də təsir etdi

Bundan öncəki məqaləmizdə İkinci dünya müharibəsindən sonra İran neftinin milliləşdirilməsi uğrunda milli hərəkatdan bəhs etmişdik. Böyük Britaniyanın və ona məxsus AİOC (İngilis-İran neft şirkəti) müqavimətinə baxmayaraq, 1951-ci il martın 15-də İran parlamenti (Məclis) neftin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Bununla İran nefti uğrunda savaş daha da alovlandı.

***

Məclisin neftin milliləşdirilməsi barədə qərarından sonra AİOC ağır əmək şərtlərinə görə İran neftçilərinə ödədiyi 30% əlavəni dayandırdı. Buna cavab olaraq öncə Bender-Maşur və Ağacari neftçiləri tətilə başladılar, sonra isə başqa şəhərlərdəki həmkarları da onlara qoşuldu. Ölkənin digər yerlərini isə neftçilərlə həmrəylik mitinqləri bürüdü.

Yeni Baş nazir Hüseyn Əla tətilçilərin üzərinə hərbi qüvvələr göndərdi. Baş verən toqquşmalarda bir neçə nəfər neftçi öldürüldü və yaralandı. Lakin tətilin davam etməsi AİOC-u geri çəkilməyə vadar etdi. 30%-lik əlavə bərpa edildi, üstəlik tətil günlərinə görə də tam əmək haqqının ödənilməsi vəd olundu.

Aprelin 25-də Müsəddiqin rəhbərlik etdiyi neft komissiyası Məclisə neftin milliləşdirilməsindən bəhs edən daha iki qanun layihəsi təqdim etdi. Milliləşdirmənin əleyhdarı olan Əla sələfi Rəzmara kimi qətl olunmaq istəməyərək istefa verdi. Bundan sonra Milli Cəbhənin lideri Məhəmməd Müsəddiq Baş nazir postuna namizəd oldu.

Müsəddiq 1951-ci il aprelin 28-də Məclis üzvlərinin böyük səs üstünlüyü ilə (79 səs lehinə, 12 səs əleyhinə) Baş nazir seçildi. Məhəmməd Rza şah Pəhləvi Baş nazirliyə qatı monarxist Seyid Ziya Təbatəbaini təyin etmək istəsə də, Milli Cəbhə liderinin böyük populyarlığından çəkinərək Məclisin qərarını təsdiq etdi. 

Sözügedən iki qanun layihəsi isə mayın 1-də qəbul olundu. Qanunda neftdən gələn gəlirlərin 25%-nin kompensasiya olaraq AİOC-a ödənilməsi nəzərdə tutulurdu. Temza sahillərində isə bu paya razı olmadılar.

Mayın 26-da İngiltərə İranla aralarındakı problemin çözülməsi üçün BMT-nin beynəlxalq məhkəməsinə (Haaqa Məhkəməsi) müraciət etdi. Məhkəmə yekun qərarına qədər İran hökumətinə AİOC-un əmlakının müsadirəsi istiqamətində addımlar atmağı qadağan etdi.

Müsəddiq

Müsəddiq

Beynəlxalq məhkəmənin yekun qərarını gözləmək üçün bir ildən çox vaxt lazım gəldi. 1952-ci il iyulun 22-də çıxarılan hökmdə məhkəmə 1933-cü il müqaviləsinin iki dövlət arasında deyil, İranla AİOC arasında imzalandığını əsas gətirərək bu işə baxmaq üçün səlahiyyətinin olmadığını bildirdi.

İranı iqtisadi cəhətdən cəzalandırmaq istəyən Dumanlı Albion milliləşdirilən nefti 1951-ci ilin ortalarından etibarən almaqdan imtina etdi. Abadan limanına yan almış tankerlər neft doldurmadan geri qayıtdılar. Nəhəng neft ixracatçısı olan İranın da bircə dənə də olsun öz tankeri yox idi və müstəqil satış imkanına malik deyildi. Nəticədə illik neft hasilatı xeyli azaldı.

İndi təsəvvür etmək çətindir, amma o zaman ABŞ İran icimai fikrində daha mütərəqqi imicə malik idi. Bundan istifadə etmək istəyən prezident Trumen xarici məsələlər üzrə köməkçisi Averell Harrimanı vasitəçilik üçün Tehrana göndərdi. Lakin bu missiya uğurlu olmadı. İranlılar milliləşdirmədən başqa bir şey haqqında eşitmək istəmirdilər.

Avqust-sentyabr aylarında neft mədənlərində və Abadan neft emalı zavodunda AİOC-ın ixtisaslı mütəxəssisləri İranı tərk etdilər. Vaxtilə Rəzmaranın xəbərdar etdiyi kimi, İran yüksək ixtisaslı personalın yoxluğundan əziyyət çəkməyə başladı. Amma zatən nefti satmaq da imkansız idi.

Böyük Britaniyanın təzyiqi sayəsində heç bir ölkə İrandan neft almırdı. Əvəzində Səudiyyə Ərəbistanı, İraq və Küveytdə çıxarılan neftin həcmi artırıldı və İran neftinin əvəzinə bazara çıxarıldı. Bir italyan tankeri Abadan limanında neft doldurub uzaqlaşmaq istərkən, Fars körfəsindəki Britaniya donanması tərəfindən saxlanıldı və daşıdığı "oğurluq neft" müsadirə edildi.

Əgər 1950-ci ildə hasilat 32,5 milyon ton təşkil etmişdisə, 1951-ci ildə 16,8 milyon ton oldu. Lakin bu, hələ ilk yarımildə normal (tətil günlərini istisna etsək) hasilatın və ehtiyat çənlərin doldurulması nəticəsində idi. Növbəti iki ildə hasilat demək olar ki, tam dayandı.

Böyük Britaniya problemi hətta BMT TŞ-na daşımağa cəhd etdi. Oktyabrın ortalarında Nyu-Yorka səfər edən Məhəmməd Müsəddiq TŞ-nı məsələ ilə bağlı heç bir bəyannamə qəbul etməməyə razı sala bildi. Bu, Tehranın böyük qələbəsi, Londonun isə acı məğlubiyyəti idi.

BMT-dəki uğurundan sonra Müsəddiq prezident Trumenin dəvətilə Vaşinqtona yollanır, burada ABŞ prezidenti və dövlət katibi ilə görüşür. Lakin nə "ağayi Trumen", nə də "ağayi Açeson" İranın Baş nazirini ingilislərlə konsensusa gəlməyin zərurətinə inandıra bilmir.
Müsəddiq amerikanlara İran neftinin hasilatında əməkdaşlıq təklif edir. Bu amerikalılar üçün cəlbedici təklif idi, lakin köhnə müttəfiqi Böyük Britaniya ilə münasibətləri korlayacaq qədər cəlbedici deyildi.

İran hadisələri çox güman ki, Böyük Britaniya parlamentinə oktyabrın 25-də keçirilən seçkilərin nəticələrinə də təsir etdi və hakimiyyət dəyişikiyinə səbəb oldu. Doğrudur, hakim Leyborist Partiyası daha çox səs (13,95 milyon və 48,8%) topladı, lakin majoritar sistemin özəliklərinə görə mühafizəkarlara (12,66 milyon və 44,3%) uduzdu. Onların 295 mandatı müqabilində mühafizəkarlar 302 mandat qazandılar və 77 yaşlı Uinston Çörçill Baş nazir oldu.

Adi halda bu uğuruna görə Çörçill yəqin ki, üçüncü dəfə "İlin adamı" seçilərdi, lakin “Time” jurnalı Müsəddiqin Qərb istismarına qarşı mübarizəsini daha yüksək qiymətləndirdi. Məhz İranın Baş naziri 1951-ci il üzrə "İlin adamı" seçildi.

***

Əlbəttə ki, Böyük Britaniyanın yaranmış status-kvo ilə barışacağını gözləmək sadəlövhlük olardı. London ilk dövrlərdə hətta birbaşa hərbi müdaxilə barədə düşünürdü. Lakin Vaşinqtonun razılıq verməməsi səbəbindən bu plandan vaz keçməli oldu. O zaman ingilislər Müsəddiqi daxildən yıxmaq barədə düşünməyə başladılar. 1952-ci ilin yazında keçiriləcək parlament seçkiləri bu işdə yardımçı ola bilərdi.

Xüsusən əyalətlərdə nəzarətin zəif olmasından istifadə edərək ingilislərə yaxın olan, hətta birbaşa əlaltısı və agenti olanların Məclisə düşməsi və çoxluq təşkil etmələri planlaşdırılırdı. Buna görə əyalətlərdəki feodallara xeyli vəsait xərcləndi. Şəhərlərdə, xüsusən də böyük şəhərlərdə isə Milli Cəbhənin mövqeləri güclü idi.

Lakin o zaman İranda seçkilər bütün ölkə üzrə eyni gündə keçirilmirdi. İngilislərin planından duyuq düşən Müsəddiq yalnız bəzi yerlərdə seçkilər keçirdi. On yeddinci çağırış Məclisin 136 üzvündən yarısından çoxu, 79-u seçilən kimi digər yerlərdə seçkilər təxirə salındı.

Müsəddiq

Müsəddiq

Tehrandan seçilən 12 deputatın, Təbrizdən seçilən 9 deputatın hamısı Milli Cəbhəni təmsil edirdilər. Ümumən parlamentə 30 Milli Cəbhə üzvü seçildi. Bu çoxluq deyildi, lakin küçə hərəkatının təzyiqi ilə Məclisi və hökuməti nəzarətdə saxlamaq mümkün idi.

Zatən bundan əvvəlki Məclisdə də Milli Cəbhə çoxluqda deyildi, əksinə cəmi 8 mandata malik idi. Bununla belə, cəmiyyətin demək olar ki, bütün təbəqələrinin neftin milliləşdirilməsinə tərəfdar olmasından istifadə edərək hakimiyyətə yiyələnə bilmişdilər.

Müsəddiqin seçkini yarıda saxlamasını əlbəttə demokratik addım kimi qiymətləndirmək çətindir. Lakin Məclisin ingilislərin pulu ilə formalaşmasını da demokratiya təntənəsi saymaq olmazdı.

***

Parlament tərəfindən öz hakimiyyətini az-çox sığortalayan Müsəddiq hərbçiləri də nəzarət altına almağa çalışdı. O, hökumətin yeni tərkibinin layihəsini hazırlayıb şaha təqdim edir. Bu layihədə o, Baş nazirliklə yanaşı müdafiə naziri postunu da özü üçün nəzərdə tutur.

Bu isə şahın etirazına səbəb olur. Mövcud ənənəyə görə, müdafiə nazirini generallar arasından şah şəxsən təyin edirdi. İndi Baş nazirin onun səlahiyyətinə müdaxiləsini Məhəmməd Rza şah Pəhləvi qəbul etmir. Belə olan halda iyulun 16-da Müsəddiq istefa verdi. 

Sevmədiyi və onu formal fiqura çevirən Baş nazirdən qurtulduğunu güman edən şah köhnə siyasətçilərdən olan Əhməd Qəvvamı sevincək Baş nazir təyin etdi. Buna cavab olaraq ölkənin böyük şəhərlərini etirazlar bürüdü. Əsas hadisələrin cərəyan etdiyi Tehranda Milli Cəbhə tərəfdarları ilə yanaşı etirazlarda kommunistyönümlü Tudə Partiyasının üzvləri yaxından iştirak etdilər.

Etirazçılara qarşı zor tətbiqi və açılan atəş nəticəsində 20 nəfərin öldüyü, 200-dən artıq adamın isə yaralandığı güman edilir. Lakin repressiyalar etirazları səngitmədi. Nəticədə iyulun 21-də Qəvvam istefa verdi və şah yenidən Müsəddiqi, həm də onun istədiyi şərtlər daxilində Baş nazir təyin etməli oldu.

Üstəlik Məclisin şahpərəst spikeri, Tehranın imam-cüməsi Həsən Emami istefa verdi, onun yerinə ayətulla Kaşani seçildi. Bu dövrdə Müsəddiq öz populyarlığının zirvə nöqtəsini yaşayırdı. O, bundan istifadə edərək Məclisdən 6 ay müddətinə fövqəladə səlahiyyətlər aldı. Bu səlahiyyətlərə görə Baş nazir parlamentin təsdiqi olmadan da qanunlar qəbul edə bilərdi.

Ölkədəki ümumi vəziyyət isə getdikcə ağırlaşırdı. Milliləşdirmənin əvvəllərində Müsəddiq çıxışlarının birində "neft gəlirləri ilə biz büdcəmizi doldura, insanlarımız arasındakı yoxsulluq, xəstəlik, savadsızlıqla mübarizə apara bilərik", - deyirdi. Üstündən 1 il keçəndən sonra vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşmişdi.

İranın Britaniya banklarındakı hesabları dondurulumuşdu. Neft sənayesi çökmüşdü. 1952-ci ildə cəmi 1,3 milyon ton, 1953-cü ildə 1,2 milyon neft çıxarılacaqdı. Bu da əsasən daxili istehlaka yönəlirdi. Onminlərlə insan işsiz idi. Onlar neftin milliləşdirilməsini və Müsəddiqi dəstəkləməkdə davam edirdilər, bununla belə Baş nazirdən problemin həllini umurdular.

İranın başqa ölkələrdən neft mütəxəssislərini dəvət etmək cəhdi uğursuz oldu. Böyük Britaniyanın təzyiqi ilə kimsə buna razılaşmadı. Üstəlik, neft çıxarılıb emal edilsəydi belə, ingilislərin dəniz blokadası üzündən satılması müşkül idi.

Hələ yaz aylarında ayətulla Kaşani və xarici işlər naziri Kazım Bağeri ilə sovet səfiri İvan Sadçikov arasında İran neftinin alınması barədə danışıqlar aparıldı. Lakin Moskva bu məsələdə İrana kömək etməkdə aciz idi. Çünki Abadandan neft daşımaq üçün tankerlərə malik deyildi. İranın cənubundan sovet sərhədlərinə qədər boru çəkmək isə xeyli vaxt və maliyyə tələb edirdi.

Yenidən hakimiyyətə qayıdan Müsəddiq "Neftsiz iqtisadiyyat" şüarını irəli sürür. O, büdcəni doldurmaq üçün bir sıra iqtisadi islahat aparır. Eləcə sosial islahatlar hökumətin fəaliyyətində önəmli yer tutur. Lakin bu islahatlar Milli Cəbhə daxilində parçalanma yaradır.

Müsəddiqin sarsılmaz sekulyarizmi, iri torpaq sahibkarlığının məhdudlaşdırılması və onların vergilərini artırması, eləcə də təhsil sahəsindəki islahatları ruhanilər tərəfindən yaxşı qarşılanmır. Ayətullah Kaşani noyabr ayından etibarən Baş nazirin ünvanına tənqidlər səsləndirməyə başlayır.

Milli Cəbhə vahid ideologiyaya malik təşkilat deyildi. Burada neftin milliləşdirilməsi ideyası altında sağçılar və solçular, sekulyaristlər və dindarlar birləşmişdi. Milliləşdirmədən sonrakı addımlarla bağlı isə tədricən fikir ayrılıqları yaranır və böyüyürdü.

Maraqlıdır ki, Müsəddiqin addımlarından Milli Cəbhənin əks qanadlarında narazılıq yaradır. Ayətulla Kaşaninin başçılıq etdiyi mühafizəkar qanadla yanaşı Müzəffər Baxayinin başçılıq etdiyi, sosia-demokrat yönümlü İran zəhmətkeşlər partiyası da Milli Cəbhədən və Müsəddiqdən uzaqlaşdı. Əvəzində Tudə Partiyası Müsəddiqi daha güclü dəstəkləyir.

İki keçmiş müttəfiqin daha açıq toqquşması isə 1953-cü ilin yanvar ayında baş verir. Fövqəladə səlahiyyətlərin vaxtının bitməsindən sonra Müsəddiq yenidən parlamentə müraciət edir, bu dəfə bir illik müddətə eyni səlahiyyətlər istəyir. İndi Kaşani ona qarşı çıxır, diktatorluqda ittiham edir, hətta Hitlerin reyxstaqdan aldığı fövqəladə səlahiyyətlərlə müqayisələr aparır.

Müsəddiqin köməyinə bu dəfə də "küçə" yetişdi. Minlərlə insan parlamentin önünə toplaşaraq "Ya Müsəddiq, ya ölüm!", "Münafiqlərə ölüm" şüarlarını səsləndirirlər. Məclisdəki səsvermədə iştirak edən 67 deputatdan 59-u Baş nazirin fövqəladə səlahiyyətlərinin daha bir il uzadılmasına səs verdi. Bundan sonra ayətulla Kaşani və Müsəddiq açıq düşmən oldular.
Ayətulla yanvar məğlubiyyətindən bir ay sonra revanş götürməyə cəhd göstərdi. Məhəmməd Rza şah artıq iki il evli olduğu, lakin uşağı olmayan arvadı Soreyyanın müayinəsi üçün Avropaya səfər etməyi planlaşdırırdı. Kaşani və tərəfdarları dezinformasiya yayaraq (guya Baş nazir şahı qovur) bundan istifadə etmək qərarına gəldilər.

Qeyd etmək lazımdır ki, həmin dövrdə əhali arasında monarxizm kifayət qədər güclü idi və əksəriyyət İranı şahsız təsəvvür etmirdi. Sui-qəsdçilər (burada Kaşanidən başqa daha bir din xadimi, Müsəddiqin köhnə əleyhdarı ayətulla Bəhbəhani önəmli rol oynayırdı) bu hisslərdən istifadə etmək fikrində idilər.

Öyrədilmiş insanların qızışdırdığı kütlə fevralın 28-də şah sarayının önünə toplaşdı. Onlar şahdan heç yerə getməyəcəyi barədə vəd alandan sonra Müsəddiqin evinə tərəf hücum etdilər. Lakin Tehranın polis qüvvələri bu yürüşün qarşısını aldılar və iki ayətullanın planı iflasa uğradı.

Müsəddiq əleyhdarları fevral məğlubiyyətindən müəyyən dərslər aldılar. Onlar Baş nazirə birbaşa hücum etməzdən öncə mövqelərini zəiflətməyin vacibliyini anladılar. Müsəddiqin tərəfdarı və Tehran polisinin rəisi, fevral hadisələrinin qarşısının alınmasında önəmli rol oynayan Mahmud Afşartusun qətli belə tədbirlərdən biri idi. Lakin bu haqda daha ətraflı növbəti məqaləmizdə danışacağıq.

Böyük Britaniyanın tətbiq etdiyi blokadanın öldürücü təsiri nəticəsində iqtisadi vəziyyətin ağırlaşması və narazılığın artması, eləcə də əleyhdarlarının intriqaları fonunda Müsəddiq hakimiyyətini möhkəmləndirmək üçün addımlar atır. O, ayətulla Kaşaninin yerinə yaxın silahdaşı Abdulla Moazzaminin Məclisin sədri seçilməsinə nail olur.

Bundan sonra isə Müsəddiq özünə parlamentin buraxılması səlahiyyətlərini verən referendum keçirir. 3-10 avqust tarixlərində keçirilən və demokratikliyi ciddi suallar doğuran referendumda səsverənlərin guya 99,9%-i (2 milyondan çox) Baş nazirə belə bir səlahiyyətlərin verilməsinin lehinə, 0,06% (1207 nəfər) isə əleyhinə səs verir. Lakin referendumun bitməsindən cəmi 9 gün sonra Müsəddiq devrildi.

***

Məhəmməd Müsəddiq ingilislərin nəyin bahasına olursa olsun onu devirmək istəməsindən xəbərdar olduğu üçün 1952-ci ilin oktyabrında Böyük Britaniya ilə diplomatik əlaqələri kəsdi, səfirliyin və digər strukturların bütün nümayəndələrini ölkədən çıxardı.

Bu addım ingilislərin çevriliş planlarını həyata keçirmələrini xeyli çətinləşdirdi. Buna görə də kömək üçün ABŞ-a müraciət etdilər. Mərkəzi Kəşfiyyat İdarəsinin Müsəddiqi devirməsi planı "Ayaks" əməliyyatı adlanırdı. Xaricdə hazırlanan və daxili müxalifətin köməyilə baş tutan bu çevriliş barədə "İran neftinin üç çaları: Ayaks" adlı növbəti məqaləmizdə oxuya bilərsiniz.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/18dal0

Ən çox baxılan