COVİD-19 və neft

Mənbə: Foto: google.ru

Başlıq: COVİD-19 və neft

İqtisadçı: Yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir

“Hazırda bazarda sürətlə azalan tələb qiymətləri daha çox aşağı dartır”

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,36 dollar geriləyərək 31,48 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,33 dollar ucuzlaşaraq, 22,76 dollar təşkil edib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, OPEC-in gözlənilən toplantısı baş tutsa da, neftin qiyməti yenə də ucuzlaşıb:

“OPEK+ video görüşündən sonra aparıcı neft markalarından olan “Brent”in qiyməti hər barel üçün 3 faiz, WTI qiyməti isə hər barel üçün 5 faiz ucuzlaşıb. Baxmayaraq ki, bu görüşdə gözlənildiyi kimi hasilatın aşağı salınmasına qərar verildi. Qərara görə, gündəlik hasilat may-iyun aylarında 10 milyon barel, iyuldan 8 milyon barel, 2021-ci ilin yanvar ayından isə 6 milyon barel azalacaq”.

İqtisadçı deyir ki, bu ssenari üzrə əsas yük Səudiyyə Ərəbistanı və Rusiyanın üzərində olacaq. İlkin olaraq Səudiyyə Ərəbistanı gündəlik hasilatını 4 milyon barel, Rusiya isə 2 milyon barel aşağı salacaq:

“Digər ölkələrin kvotası məlum olmasa da, ixtisar İran, Liviya və Venesuelaya şamil olunmayacaq”.

Qubad İbadoğlunun sözlərinə görə, neftin qiymətinin təkrar ucuzlaşması göstərdi ki, hazırda bazarda sürətlə azalan tələb qiymətləri daha çox aşağı dartır. Belə ki, Goldman Sachs hesablamalarına cari vəziyyətdə hasilatın artıqlığı gündə 20 milyon barel təşkil edir:

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Meydan TV

“Odur ki, sürətlə azalan tələbatın müqabilində hətta 10 milyon barel eniş gerçək olsa da, qiymətlərə təsir gücünə malik deyil. Belə ki, ekspertlər və bazar iştirakçıları gündəlik hasilatın 10 milyon barel azaldılacağına şübhə ilə yanaşırlar. Buna misal olaraq hasilatın azadılmasının əleyhinə olan Meksikanın OPEK+ formatında iclası vaxtından əvvəl tərk etməsidir. Bu isə o deməkdir ki, yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir”.

Azərbaycana neftinin qiymətinə gəlincə, iqtisadçı deyir ki, o, birjada müəyyənləşdirilmədiyinə və hazırda azalan satış kontraktları ilə tənzimləndiyinə görə daha çox ucuzlaşmaya məruz qalacaq.

2020-ci ildən başlayaraq dünya bazarlarında neftin qiyməti kəskin enib. Buna səbəb Çində yaranıb dünyaya yayılan COVİD-19 virusudur. Artıq koronavirusdan dünya üzrə ölənlərin sayı 95 mini ötüb.

Virusun daha böyük əhatədə yayılmasının qarşısının alınması üçün bir sıra dövlətlər beynəlxalq uçuşlara məhdudiyyət tətbiq edib. Ölkələrdə karantin rejim elan olunub. Nəticədə, benzinə tələbat azalıb.

2020-ci ilin əvvəlində neftin qiyməti 70 dollar/barel, martın əvvəlində isə 50 dollar/bareldən çox olub.

Azərbaycanın 2020-ci ilin büdcəsində neftin bir barelinin qiyməti isə 55 dollardan hesablanıb.

Azərbaycan neftinin bir barelinin qiyməti ən son 2001-ci ilin dekabrında minimuma enmişdi. Bu zaman qiymət 19,15 dollar olmuşdu. 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollara qalxmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sd9h0q

Ən çox baxılan