İqtisadçı: Yarıtmaz idarəetmə bütün mənalarda sözünü deməkdədir

Ölkəni idarə edənlər papaqlarını qarşılarına qoyub neftdən kənar istehsal sahələrinin rolunun niyə bu dərəcədə zəifləməsinin gerçək səbəbləri və bunun hansı ağır nəticələr doğura biləcəyi haqqında yaxşı-yaxşı fikirləşməlidirlər

Source: google.az


''Ölkəni idarə edənlər yaxşı-yaxşı fikirləşməlidirlər…''

2019-cu ilin yanvar-aprel ayları ərzində neft sektorunun ümumi ixracda payı 92 faizə yüksəlib. Bu 7,1 milyard dollarlıq ixracın 6,5 milyard dolları xam neft, neft məhsulları və təbii qazdan ibarət olub. Ümumi ixracda qeyri-neft mallarının payı cəmi 8 faiz təşkil edib.

İqtisadçı Nemət Əliyev belə deyir. Bildirir ki, bu rəqəmlər Dövlət Gömrük Komitəsindən əldə olunan ən son məlumatlarda əksini tapıb.

İqtisadçı deyir ki, bu pay bir il əvvəl 9, iki il əvvəl 12, dörd il əvvəl isə 14 faiz olub. Bu göstərici son dörd ildə 6 faiz azalaraq 8 faizə enib. Amma qeyri-neft sektoruna dəyən zərbə bununla bitməyib:

“Qeyri-neft sektorunun sağdan, soldan, yuxarıdan, aşağıdan, arxadan, öndən almadığı zərbə qalmayıb. Yarıtmaz idarəetmə bütün mənalarda sözünü deməkdədir”.

N.Əliyev bildirir ki, ərzaq və qeyri-ərzaq mallarına daxili tələbatın ödənilməsində də qeyri-neft istehsalının rolu zəifləməkdə davam edib. Bu ilin ilk dörd ayında idxal 50,3 faiz artıb:

“İdxalda yaşanan bu artım tempini son illərin ən yüksək göstəricisi saymaq olar. İdxalın bu səviyyədə artması özlüyündə daxili istehsalın nə dərəcədə zəif olması haqqında ilk baxışdan çox şey ifadə eləyir. Pərakəndə ticarət dövriyyəsinə dair məlumatların təhlili konkret şəkildə göstərir ki, hazırda xarici malların ümumi daxili tələbatın ödənilməsində rolu 68 faizə yüksəlib. Deməli, yerli istehsalın burada rolu vur-tut 32 faizdir”.

İqtisadçı deyir ki, bu göstəricilər nəticə çıxarmaq baxımından ibrətamizdir. Yerli malların dörd aylıq ticarət dövriyyəsi son 5 ilə 2,7 dəfə azalaraq 5,7 milyard dollardan 2,1 milyard dollara düşüb:

“Bu zaman sual yaranır: 2004-2018-ci illərdə ölkə iqtisadiyyatına yatırılan 245 milyard dollarlıq sərmayələrin izlərinə buralarda niyə rast gəlinmir? Fikrimcə, bunun xalqa ağlabatan izahatı açıqlanmalıdır. Ölkəni idarə edənlər papaqlarını qarşılarına qoyub neftdən kənar istehsal sahələrinin rolunun niyə bu dərəcədə zəifləməsinin gerçək səbəbləri və bunun hansı ağır nəticələr doğura biləcəyi haqqında yaxşı-yaxşı fikirləşməlidirlər”.

Nemət Əliyev
Nemət Əliyev

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da üzvü olduğu Komitənin mayın 21-də “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsilə bağlı keçirilən iclasında ölkəni Nigeriya ilə müqayisə edilib.

Bildirib ki, ölkə, dövlət, əhalinin vəziyyəti, islahatlar göz qabağındadır:

“Əlbəttə, demirəm ki, hər şey yaxşıdır, əladır. Yoxsulluqla, işsizliklə əlaqədar problemlər var. Rəsmi statistikaya görə, Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Amma mən arxayınam ki, Azərbaycanda çox ciddi və dərin iqtisadi islahatlara start verilib”.

V.Əhmədov hesab edir ki, əsas məsələ mövcud problemlərin həllində dövlət və hökumətin iştirak etməsidir:

“Ona görə mən istəməzdim bizi Nigeriya ilə müqayisə etsinlər. Nigeriya başqa yol tutub. Düzdür, biz də Nigeriya kimi neft ixrac edən ölkəyik”.

Ölkədə qiymət artımına toxunan deputat bunları qeyd edib:

“Azərbaycanda hər bayramqabağı qiymətlər qalxır. Bunlar subyektiv qiymətlərdir. Daha çox gəlir götürmək üçün bəzi üzdəniraq işbazlarımızın qiymət artımıdır”.

Vahid Əhmədov ölkənin gömrük sahəsindəki vəziyyətdən də bəhs edərək əlavə edib ki, bütün mallara 18 əlavə dəyər vergisinin (ƏDV) qoyulmasının tərəfdarı deyil:

“Differensiallaşdırılmış vergi sistemi tətbiq edilməlidir. Mal var ki, onu 10 ildə bir dəfə istifadə edirsən, amma ərzaq, geyim mallarını hər gün, hər ay istifadə edirik. Bunların hamısına niyə 18 faiz vergi qoymalıyıq?”

Vahid Əhmədov
Vahid Əhmədov

N.Əliyev deyir ki, dövlət başçısının qeyri neft sektoruna aid çoxsaylı sərəncamlar, fərmanlar verməsinə baxmayaraq, qeyri-neft istehsalı sahəsində geriləmə davam edir.

Azərbaycan rəsmiləri isə qeyri-neft sektorunda problemlərin olması, geriləmə ilə bağlı deyilən fikirlərlə razılaşmırlar.

Bu il aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bunları demişdi:

“İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4.4 faiz artıb. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15.6 faiz artıb. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3.6 faiz, əhalinin gəlirləri isə 5.5 faiz artıb”.

Ana səhifəXəbərlərİqtisadçı: Yarıtmaz idarəetmə bütün mənalarda sözünü deməkdədir