İqtisadçı: Təhlükənin qarşısını cərimələrlə almaq mümkün olmayacaq

“Zərbə yenə də kasıba dəyəcək”.

Source: Reuters


”İnsanları cərimə etməkdənsə, onların inandıqları institutları gücləndirmək lazımdır“

İyunun 2-də Milli Məclis karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimə tətbiq edilməsi barədə qanun layihəsini təsdiqlədi. Beləliklə, maskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Təkrar törədilən səhvə görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

İqtisadçı Samir Əliyev deyir ki, əhaliyə sosial məsafəni gözləməyi, maska taxmağı təşviq etmək olar, hətta lazım gəlsə məcbur da etmək olar. Ancaq təhlikəsizlik qaydalarına əməl etməməyin günahını əhalinin üstünə atıb onları məsuliyyətsizlikdə ittiham etmək doğru deyil:

“Bütün bunların qarşısını cərimələr vasitəsilə də almaq mümkün olmayacaq. Bunları niyə deyirəm? Son günlər bu problemlərlə bağlı polislə əhali arasında qarşıdurmalar müşahidə olunur. TV-lərə, mətbuata çıxanlar, xüsusilə dövlət rəsmiləri günahı məhz əhalidə görürlər. Ancaq əhalinin maska taxmamağının, sosial məsafəni qorumamağının və hətta xəstəliyi ciddi qarşılamamasının səbəbini mentalitetdə yox, əhali ilə işləyən institutların dağıdılmasında və ya fəaliyyətlərinin məhdudlaşdırılmasında axtarmaq lazımdır”.

İqtisadçı deyir ki, əhali ilə işləyən mətbuat müstəqilliyini və obyektivliyini itirib, vətəndaş cəmiyyəti institutu sıradan çıxarılıb, yerli özünüidarə qurumları səlahiyyəti olmayan bir instituta çevrilib. Odur ki, ortada bir dövlət, bir də əhali qalıb:

“Bunlar arasındakı məsafə isə çox uzaqdır. Xüsusilə də vətəndaşda dövlətə inamsızlıq var. İnsanları cərimə etməkdənsə, onların inandıqları institutları gücləndirmək lazımdır. Maskadan istifadə edilməməyə görə cərimə mexanizmi ən yaxşı halda selektiv şəkildə işləyəcək. Cərimənin məbləği isə çoxdur, 10 manat kifayət idi”.

Samir Əliyev
Samir Əliyev

Samir Əliyev deyir ki, əhali sürücü deyil ki, cərimə ödəməyəndə maşın sürmək hüququnu itirsin və ya sahibkar deyil ki, hesabı bağlansın. Həmin cərimə ödəməyə qadir imkanlı adamlar şəxsi avtomobillərindən istifadə edir:

“Orta təbəqə qaydalara əməl etməyə çalışacaq. Zərbə yenə də kasıba dəyəcək. Qərar verənlər bunu düşməli idi”.

Baş nazir Əli Əsədovun mayın 29-da imzaladığı qərara əsasən, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

Bura şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.), bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla), dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələr, açıq sahəli ofislərdə və istehsalat yerləri, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar, ibadət yerləri, elm və səhiyyə müəssisələri, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər, ictimai nəqliyyat dayanacaqları, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbələr daxildir.

Eyni zamanda, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır.

Ana səhifəSosialİqtisadçı: Təhlükənin qarşısını cərimələrlə almaq mümkün olmayacaq