Dövlət Neft Fondu

Mənbə: arxiv

Başlıq: Dövlət Neft Fondu

İqtisadçı: Neft Fondunun 4,7 milyard kəsiri ciddi problemdir

"Gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq"

Bu il Neft Fondunun gəlirləri 7,8, xərcləri isə 12,5 milyard manat olacaq. Fondun 4,7 milyard manat kəsiri yaranacaq.

İqtisadçı Natiq Cəfərli deyir ki, bu, yuvarlaq rəqəmlərdir, amma çox ciddi problemdir.

İqtisadçı Milli Məclisə 2021-ci ilin dövlət büdcəsi layihəsinin bu günə qədər təqdim edilməməsinin səbəbini də bunda görür.

O düşünür ki, səbəblərdən biri də işğaldan azad edilən ərazilərdir. Burada təmir-bərpa işlərinin görülməsi üçün ciddi məbləğdə çox vəsait tələb olunacaq: “Azərbaycan Ordusunun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatıb. İşğalda olan torpaqlardan böyük hissəsi azad edilib. Deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Bu da o deməkdir ki, gələn ilin büdcə xərcləri ciddi artmalıdır. Bunun üçün də bir mənbə var: Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)”.

İqtisadçı bildirir ki, 2020-ci il iqtisadiyyat 4-4,5 faiz daralacaq, Ümumi Daxili Məhsul (ÜDM) azalacaq: "Biznesə gəlincə, “onsuz da çox ağır durumdadır deyə gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq”, – deyir Natiq Cəfərli.

“Bundan əlavə, insanların alıcılıq qabiliyyəti düşüb deyə gömrükdən də daxilolmalar azalır və azalmağa davam edəcək. İqtisadiyyatın "ağardılması" hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı da artıq effekt vermir. Yəni nə qədər mümkün idisə o qədər "ağartdılar". Deməli, daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın. Bu isə 2021-ci ildə mümkün görünmür”, - o bildirib.

Natiq Cəfərli deyir ki, əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15 faiz artacaqsa, deməli, gələn il ARDNF-dən 4-5 mlrd. əlavə pul götürülməlidir: “Yəni fonddan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. Fond 2021-ci ildə ən yaxşı halda 8 mlrd. manat qazanacaq. Deməli, fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq. Bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq, bu, dayanaqlı model olmayacaq”.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Meydan TV

İqtisadçı düşünür ki, yüngül devalvasiyaya gedib (15-20 faiz) fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır. Paralel olaraq ucuz manatdan istifadə edib, işlək, rəqabətli iqtisadi model qurulmalıdır: “Mən başqa yol görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik. Bunun üçün isə tək ARDNF kifayət deyil...”.

Azərbaycanın maliyyə naziri Samir Şərifov da noyabrın 23-də açıqlama verərək bildirmişdi ki, 2021-ci ilin hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması ilə bağlı düzəlişlər daxil ediləcək. Nazir 2021-ci ilin dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməli olduğunu bildirmişdi.

Artıq işğaldan azad edilmiş ərazilərdə bəzi işlərin görülməsinə başlanıb. Füzulidən Şuşaya yol çəkilir. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da var.

Sərəncamda bildirilir ki, Şuşaya çəkiləcək yolun uzunluğu 101,5 kilometr olacaq. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri 2020-ci il noyabrın 8-də, 27 il sonra işğaldan azad edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vqhx9t

Ən çox baxılan