Kəlbəcər

Mənbə: Meydan TV

Başlıq: Kəlbəcər

İqtisadçı: Kəlbəcərdə ikinci bir tibb universiteti yaradılmalıdır

Məqalə yeniləndi:  14 İyul 2021

"Bakı, Sumqayıt və Xırdalanı seçmiş insanlara alternativ seçim imkanı verilməlidir"

“Bərpası başlanan və yaxınlarda başlanacaq işğaldan azad edilmiş 8 şəhər üzrə qeydiyyatda 150 min nəfərə yaxın əhali var. Həmin 8 şəhərdə azı 500 min nəfərin yaşamasına imkan verilməlidir. Bu həm ölkədə urbanizasiyanın səmərəli planlama əsasında sürətləndirilməsi, həm də son 30 ildə faktiki yaşayış kimi iri şəhərləri, xüsusilə Bakı, Sumqayıt və Xırdalanı seçmiş insanlara alternativ seçim imkanı vermək baxımından çox önəmlidir”.

İqtisadçı Rövşən Ağayev belə deyir.

Prezident İlham Əliyev Ağdamla bağlı son çıxışında yerlə-yeksan olunmuş şəhərin gələcək ərazisinin iki dəfə böyüyəcəyini söyləmişdi.

Vaxtilə ərazisi 700-800 hektar olan şəhər əhalisinin 36 min nəfər, birləşdirilən kəndlərlə və əhalinin artımını nəzərə almaqla 50 mindən yuxarı olduğu bildirilib.

“Yeni Ağdam isə 100 min nəfər sakin üçün planlaşdırılır. Plana görə, şəhərə onun "tarixi hüdudlarından başqa" bir neçə (planın təqdimatında 8 kəndin adı çəkilib) kənd birləşdirilib”, - Baş planı Prezidentə təqdim edən Ruslan Sadıqov belə deyib.

O bildirib ki, əhalinin 70 faizi şəhər ərazisinin 30 faizində yaşayacaq.

Rövşən Ağayev deyir ki, hazırda Ağdamda qeydiyyatda olan əhalinin sayı 42 min nəfərdir. 100 min nəfər məskunlaşma planı isə qeydiyyatda olan əhalinin sayından 2.3 dəfə çoxdur:

Rövşən Ağayev

Rövşən Ağayev

Mənbə: Rövşən Ağayevin şəxsi arxivindən

“Ağdamın ardınca Füzuli şəhərini də ən azı 100 min nəfərin yaşaya biləcəyi yaşayış məntəqəsinə çevirmək mümkündür. Əhalisi 100 min nəfərdən çox olan şəhərlərin sayının artması Bakının boşaldılması baxımından çox önəmlidir. Lakin yeni qurulan şəhərlər yüksək sənaye-xidmət imkanları ilə yanaşı mədəni infrastrukturun da yüksək səviyyədə qurulduğu şəhərlər olmalıdırlar”.

İqtisadçı təklif edir ki, sağlamlıq turizmi üçün yüksək potensialı olan Kəlbəcərdə ikinci bir tibb universiteti yaradılmalıdır: “Ümumiyyətlə, Bakıda olan 30-dan artıq universitetlərin müəyyən hissəsini bu şəhərlər üzrə paylaşdırmaq mümkündür. Şəhərin məskunlaşma üçün cəlbedici olmasında orda təhsil və yaradıcı mühitin yaradılması son dərəcə vacibdir”.

Hazırda işğaldan azad edilən şəhərlər üzrə qeydiyyatda olan əhali sayı belədir: Ağdamın əhalisi - 42.8 min, Füzulinin - 24,7 min, Şuşanın - 23,9 min, Laçının - 13,4 min, Kəlbəcərin - 12,2, Zəngilanın - 11,3 min, Cəbrayılın - 11 min, Qubadlının 9.5 mindir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/od7zl9

Ən çox baxılan