İqtisadçı: Hesablama Palatası qanun pozuntusunun üzərindən sükutla keçib

Böyük dövlət şirkətləri təkcə dövlət büdcəsindən maliyyə almır, onlardan bəziləri dövlətin hesabına xaricdən də borc alırlar.

Foto: Hesablama Palatası


“Ayrılan 201.9 mln. manat qanunda qeyd olunan müddəalara uyğun gəlmir”

2020-ci ildə 5 iri dövlət şirkəti büdcədən ödədiklərindən 19 dəfə çox maddi dəstək alıb.

Onlar “Azərsu” ASC, “Azərenerji” ASC, “Azəriqaz” ASC, Azərbaycan Hava Yolları ASC, Azərbaycan Dəmir Yolları QSC-dir.

Dövlət bu 5 şirkətin birgə ödədiyi təxminən 81 milyon manat vergi qarşılığında onlara 1.5 milyard manatdan artıq büdcə dəstəyi göstərib.

Hesablama Palatasının büdcə rəyində belə qeyd olunub.

Palatanın rəyində bildirilir ki, 2020-ci ildə dövlət büdcəsinin sərbəst qalığından 201,9 mln. manat vergi orqanlarına və yerli icra hakmiyyəti qurumlarına vəsait ayrılıb.

İqtisadçı Rövşən Ağayev deyir ki, ayırma ilə bağlı 2 hüquqi əsas var: “Vergi orqanlarına dövlət dəstəyi Vergi Məcəlləsinin 22-1.ci maddəsinə əsasən verilib. Bu maddə vergi orqanlarının maliyyə sanksiyalarına görə daxilolmalardan özlərinə götürdüyü payla bağlıdır.

İkinci hüquqi əsas isə yerli icra hakmiyyətlərinə köçürmə ilə bağlıdır. Burada Prezidentin 3 iyun 2019-cu ildə təsdiqlədiyi müvafiq qaydalara əsaslanılıb. Rayon və şəhərlərdə proqnozdan artıq toplanan büdcə daxilolmalarının 50 faizi isə yerli icra başçılarının büdcədənkənar fəaliyyətlərilə bağlıdır”.

İqtisadçı bildirib ki, "Büdcə sistemi haqqında" Qanunun 19.5-ci maddəsi isə sərbəst qalığın istifadəsi iqtiqamətlərini və təyinatını çox dəqiq göstərib: “Həmin istiqamətlərə büdcə kəsirinin maliyyələşdirilməsi, müdafiə olunan xərc maddələrinin (əmək haqqı, pensiya, dövlət borcu) maliyyələşdirilməsi (Qanunda bu həcm üçün limit göstərilib), dövlət borcunun Təminat Fonduna (Qanunda bu həcm üçün limit göstərilib) və sonuncu bu istiqmətlər üzrə xərcləmələrdən sonra yerdə qalan vəsait idarəetməyə verilir və Dövlət Neft Fonduna köçürülür”.

796670BF-09D4-4B9E-8FDC-30260A5EDA8D_w1200_r1_s.jpg
Rövşən Ağayev

İqtisadçının sözlərinə görə, ayrılan 201.9 mln. manat qanunda qeyd olunan müddəalara uyğun gəlmir və Hesablama Palatası rəyində bu cür vacib məqamın üzərindən sükutla keçib.

Böyük dövlət şirkətləri təkcə dövlət büdcəsindən maliyyə almır, onlardan bəziləri dövlətin hesabına xaricdən də borc alırlar.

2020-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın iri şirkətləri dövlət zəmanəti ilə xaricdən 7 milyard 44 milyon 700 min dollar borc alıb.

Dövlət zəmanəti ilə xaricdən borc alan iri şirkətlər Azərbaycan Avtomobil Yolları ASC, Azərbaycan Dəmir Yolları QSC, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı, Naxçıvan Meliorasiya və Su Təsərrüfatıdır. Beləliklə, dövlətin zəmanətindən istifadə edərək Azərbaycan Avtomobil Yolları ASC 3 milyard 578 milyon 300 min dollar, Azərbaycan Dəmir Yolları QSC1 milyard 368 milyon 200 min dollar, “Azərsu” ASC 1 milyard 269 milyon 200 min dollar, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı – 627 milyon 100 min dollar, Naxçıvan Meliorasiya və Su Təsərrüfatı- 201 milyon 900 min dollar xaricdən borc alıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu daha öncə Meydan TV-yə bildirmişdi ki, iri şirkətlər dövlət zəmanəti ilə xaricdən borc alıb, ödəyə bilməyəndə sonda həmin borcu dövlət ödəməli olur. Dolayısı ilə də həmin borcları vətəndaş ödəmiş olur.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Hesablama Palatası qanun pozuntusunun üzərindən sükutla keçib