İqtisadçı: Əcnəbilərin PCR testi ilə Azərbaycana gəlişinə izin verilməsi məqsədəuyğun olardı

Vüqar Bayramov deyir ki, bu baxımdan müddətli neqativ test nəticəsi olan əcnəbilərin Azərbaycana səfərinə izin verilməsi məqsədəuyğun olardı

Source: Specify Source


"DSX-nin məlumatından belə anlaşılır ki, ölkəyə səfər edənlərin əksəriyyəti qeyri-turizm məqsədilə gəlib"

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min nəfər əcnəbi gəlib. Bu, 2020-ci illə müqayisədə 5,9 dəfə azdır.

Dövlət Sərhəd Xidmətinin məlumatında belə deyilir.

Bildirilir ki, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana gələnlərin 33,3 faizi Rusiya Federasiyası, 28,8 faizi Türkiyə, 14,9 faizi İran, 10,4 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,2 faizi Böyük Britaniya, 1 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan, Özbəkistan və Türkmənistan, 0,6 faizi İtaliya, 0,5 faizi Almaniya, 0,3 faizi ABŞ, 4,5 faizi digər ölkələrin vətəndaşları olub: “Gələnlərin 94,7 faizini kişilər, 5,3 faizini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan – 11,1 dəfə, Türkmənistandan – 10,0 dəfə, Özbəkistandan – 6,3 dəfə, Rusiya Federasiyasından – 5,1 dəfə, Ukraynadan – 4,5 dəfə, Böyük Britaniyadan – 4,4 dəfə, Belarusdan – 2,6 dəfə, İrandan – 2,5 dəfə, Türkiyədən – 2,3 dəfə azalıb”.

1280px-Azerbaijan_Border_Guards_Standard_(Reverse).svg.png
Dövlət Sərhəd Xidməti

Məlumatda bildirilir ki, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Körfəz ölkələrindən gələnlərin sayı da 5,6 dəfə azalıb, 11 min nəfər olub: "MDB ölkələrindən gələnlərin sayı 5,2 dəfə azalaraq 28,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,3 dəfə azalaraq 2,8 min nəfər təşkil edib. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 13.5 dəfə azalıb. 60,9 min nəfər olub. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,3 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 8,3 faizi İrana, 16,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 62,4, Gürcüstana gedənlərin sayı 37,5, Rusiya Federasiyasına gedənlərin sayı 13,5, Türkiyəyə gedənlərin sayı isə 2,8 dəfə azalıb”.

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, turizm pandemiyanın ən çox təsir etdiyi sahələrdən biridir: “Dövlət Sərhəd Xidmətinin məlumatından belə anlaşılır ki, Azərbaycana səfər edənlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə gəlib. COVID-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq bu qaydaların da dəyişdirilməsinə ehtiyac var”.

İqtisadçı bildirir ki, əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda Azərbaycana gələn turistlərin sayına təsir göstərə bilər: “Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu, o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa, belə ölkəmizə daxil ola bilməz”.

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramov deyir ki, bu baxımdan müddətli neqativ test nəticəsi olan əcnəbilərin Azərbaycana səfərinə izin verilməsi məqsədəuyğun olardı: “Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Virusun yayılmasının qarşısını almaq üçün əksər ölkələr sərhədlərini qapadıb.

Bir müddət sonra Azərbaycan da daxil olmaqla bir çox ölkə yalnız hava yolu sərhəddini açıb. Bu vəziyyət bütün dünyada turizm sektoruna təsir etdi. Təyyarə biletləri ikiqat, üçqat bahalaşdığından səfər edənlərin sayı da azalıb.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.9 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə ümumilikdə 283 min 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 879 nəfərin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Hazırda 40 yaşdan yuxarı şəxslərə peyvənd vurulur.

Vaksinasiya dövlət hesabına aparılır.

Ən son açıqlanan statistikaya görə, indiyədək Azərbaycanda 1,1 milyondan çox vaksin vurulub.

Onlardan 700 mindən çoxu birinci mərhələnin (vaksinlər iki dozada vurulur) payına düşür.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Əcnəbilərin PCR testi ilə Azərbaycana gəlişinə izin verilməsi məqsədəuyğun olardı