İqtisadçı: Dolların zəifləməsi manatın möhkəmlənməsi anlamına gəlmir

“Belə ki, FED sədri bildirib ki, monitar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq”.

Source: google.az


“Tam üzən məzənnəyə keçid başa çatmayıb”

İyulun sonundan bütün dünyada avronun məzənnəsi artıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnəsinə görə, 1 avro 2.0148 manatdır.

Kommersiya bankları avronu 2.02 – 2.0620 manat aralığında satır.

Azərbaycan Mərkəzi Bankı avronun məzənnəsini tənzimləmir və məzənnə ümumi Avropa valyutasının ABŞ dollarına nisbətindən asılı olaraq formalaşır.

Sentyabrın 3-də 1 dollar 0.84 avro olub. Bu, 2018-ci ilin sentyabrından bəri maksimum həddir.

İqtisadçı deputat Vüqar Bayramov deyir ki, dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Odur ki, avro da ABŞ dollarına nisbətən möhkəmlənib.

Onun sözlərinə görə, avro dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir:

“Hazırda avro-dollar məzənnəsi 1.20 psixoloji həddə yaxınlaşıb”.

İqtisadçı bildirib ki, dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpozimundakı çıxışından sonra daha sürətlənməyə başlayıb:

Vüqar Bayramov
Vüqar Bayramov

“Belə ki, FED sədri bildirib ki, monitar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyib. Son bir ayda 24 faiz dəyər qazanan qiymətli metal bu günlərdə daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir”.

Vüqar Bayramov vurğulayıb ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir:

“Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankın qərarlarından asılı olacaq”.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Dolların zəifləməsi manatın möhkəmlənməsi anlamına gəlmir