İqtisadçı: Azad olunmuş ərazilərdə bizim qanunlar işləyəcək, bəs digər ərazilərdə?..

İqtisadçı deyir ki, sülhməramlıların nəzarətində olan ərazilərdə bank sisteminin necə işləyəcəyi də önəmlidir.

Source: Specify Source


"İndiki halda məlum deyil ki, o ərazilərdə hansı valyuta işləyəcək"

Müharibə bitdi. İndi hamını azad edilən ərazilərdəki yaşam, köçürülmə, oranın idarə edilməsi maraqlandırır.

Azad edilmiş ərazilərdə Azərbaycanın qaydaları hökm sürəcəksə, Dağlıq Qarabağda yaşam hansı qaydalara əsaslanacaq?

İqtisadçı Samir Əliyev deyir ki, hazırki narahatçılıqlar başadüşüləndir. Çünki hələ zaman keçdikcə sənəddəki müddəalar altında yatan niyyətlər aydınlaşacaq: “Sənədə siyasi, hüquqi və təhlükəsizlik nöqteyi nəzərindən kifayət qədər rəylər verilir. Bu rəylərin hansının real, hansının qeyri-real olacağını zaman göstərəcək. Məni maraqlandıran isə məsələnin həm də iqtisadi tərəfidir. Bununla bağlı xeyli suallar var”.

İqtisadçı deyir ki, bu suallardan biri Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi əraziyə (RSQNƏ) Azərbaycan dövlətinin münasibətinin necə olacağıdır:

“Əlbəttə statusu nəzərdə tutmuram, bu məsələ açıq qalıb. Dövlət haqlı olaraq Dağlıq Qarabağ və ətraf rayonları işğal olunmuş ərazi elan edərək həmin ərazilərdə aparılan istənilən fəaliyyətləri, o cümlədən iqtisadi fəaliyyətləri qanunsuz hesab edib. Azad olunmuş ərazilərdə bizim qanunlar işləyəcək, bəs digər ərazilərin taleyi necə olacaq?”

Samir Əliyev deyir ki, Azərbaycan hökumətinin işğal altından qalan əraziyə münasibəti iqtisadi fəaliyyət üçün çox vacibdir. Ona maraqlıdır ki, Xankəndidə biznes quran xarici şirkət yenə XİN-in qara siyahısına düşəcək?

Samir Əliyev
Samir Əliyev

“RSQNƏ-də hansı valyuta işləyəcək? Çünki milli valyuta müstəqilliyin atributlarından biridir. Azərbaycan qanunvericiliyinə görə, manat ölkədə yeganə ödəniş vasitəsidir və digər valyutanın bu məqsədlə istifadəsi qadağandır. İndiki halda isə məlum deyil ki, o ərazilərdə hansı valyuta işləyəcək: Ermənistan dramı, Rusiya rublu, yoxsa ABŞ dolları?”, – deyə o bildirib.

İqtisadçı deyir ki, sülhməramlıların nəzarətində olan ərazilərdə bank sisteminin necə işləyəcəyi də önəmlidir. Bu barədə də heç bir açıqlama verilməyib: “Ərazidə hansı ölkənin bankı fəaliyyət göstərəcək? Ərazidə pul-kredit siyasətini kim müəyyənləşdirəcək? Azərbaycanın, yoxsa Ermənistanın Mərkəzi bankı? Həmin ərazilərə Azərbaycan banklarının çıxışı olacaqmı? Axı orada yaşayanların bank xidmətlərinə çıxışı olmalıdır”.

Açıq qalan suallardan biri də ərazilərdə vergi və dövlət rüsumlarının yığımının tənzimlənməsidir.

Samir Əliyev deyir ki, hələlik biznesdən, maaşdan yığılan vergilər və sosial ödənişlərin, xidmətlərdən əldə olunan rüsumların hansı dövlətin büdcəsinə ödəniləcəyi də məlum deyil: “Eyni zamanda, sual yaranır ki, Azərbaycan biznesi sülhməramlıların nəzarətində olan ərazilərə daxil ola biləcəkmi? Suallar çoxdur. Əlbəttə, bu sualların əksəriyyəti, bəlkə də, hamısı ritorikdir, onların cavablarını özümüz də bilirik. Cavabların hamısının mənfi olması da təəccüblü deyil. Sadəcə, bu sualları qaldırmaqda məqsəd hökumətin diqqətini həm də bu məsələyə yönəltməkdir”.

Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başladı.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqladı.

Noyabrın 10-da isə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatı yayılıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Həmin sənədə münasibət bildirən Prezident İlham Əliyev bildirmişdi ki, burada Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət gedə bilməz. O statusun rədd olduğunu, cəhənnəmə getdiyini bildirmişdi: “Mən Prezident olduğum müddətdə də belə bir statusun olmasından söhbət belə gedə bilməz”.

Prezident statusun olmayacağını söyləsə də, həmin ərazilərin hansı dövlətin nəzarəti altında olacağı barədə də heç nə deməyib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Azad olunmuş ərazilərdə bizim qanunlar işləyəcək, bəs digər ərazilərdə?..