İordaniyada “Qara sentyabr” hadisələri

Təşkilatın həyata keçirdiyi ən qanlı terror aktı isə 1972-ci ilin Münhen olimpiadasında iştirak edən İsrail idmançılarının girov götürülməsi oldu.

Foto: Meydan Tv

“Qara sentyabr”dan əvvəl baş verən hadisələr haqqında bundan əvvəlki “İordaniya və fələstinlilər” adlı

məqalə

mdə yazılıb.

1970-ci il sentyabrın 1-də İordaniya kralı Hüseynin korteji Fələstin Demokratik Qurtuluş Cəbhəsinin (FDQC) fədainləri tərəfindən atəşə tutuldu. Son üç ayda ikinci dəfə baş verən analoji hadisədən sonra paytaxt Ammanda İordaniya hərbçiləri və Fələstin döyüşçüləri arasında toqquşmalar başladı. Sentyabrın 6-da isə Fələstin Xalq Qurtuluş Cəbhəsinin (FXQC) üzvləri növbəti dəfə sərnişin təyyarəsi qaçırdılar, özü də üçünü birdən.

Hərçənd, əsas hədəf olan ilk cəhd uğursuz oldu. Məşhur terrorçu qız Leyla Xalidin rəhbərlik etdiyi 4 nəfərlik qrup Tel-Əviv-Amsterdam-Nyu-York marşrutu ilə uçan, İsrailin El Al şirkətinə məxsus təyyarəni ələ keçirmək üçün Amsterdamda həmin təyyarəyə oturdular. Amma təhlükəsizlik xidməti qrupun iki üzvünün Seneqal pasportlarında nömrələrin dalbadal olmasından şübhələndi və onları təyyarədən düşürdü.

Özlərini honduraslı ər-arvad kimi qələmə verən Patrik Argüello (nikaraqualı idi) və Leyla Xalid isə təyyarə havaya qalxandan az sonra onu ələ keçirməyə cəhd etdilər. İsrail təyyarələrinin heyəti belə hallar üçün daha hazırlıqlı idi, üstəlik, sərnişinlər arasında təhlükəsizlik xidmətinin əməkdaşları (hava marşalları) olurdu.

Ayaq üstdə duran terrorçular pilotun təyyarəni qəfil və kəskin şəkildə aşağı endirməsi nəticəsində müvazinətlərini itirib yıxıldılar. Əl qumbarasını atmağa və tapança ilə stüardı yaralamağa fürsət tapan Argüello marşallardan biri tərəfindən güllələndi, qumbara isə xoşbəxtlikdən partlamadı. Leyla Xalid atəş açılmadan zərəsizləşdirildi. Təyyarə Londonda qəza enişi etdikdə xəstəxanaya aparılan Argüello yolda keçindi, stüardı həkimlər xilas etdi. Xalid isə ingilislər tərəfindən həbs olundu.

İkinci təyyarə ABŞ-ın TWA aviaşirkətinə məxsus Boing-707 idi və Tel-Əviv-Afina-Frankfurt-Nyu-York marşrutu üzrə (reys №741) uçurdu. O, uçuşun son mərhələsində, Frankfurtdan Nyu-Yorka uçanda Belçika üzərində ələ keçirildi. Təyyarə qaçırmaq üçün ayrılan sonuncu qrupun hədəfi İsveçrənin Swissair aviaşirkətinə məxsus DC-8 idi və Sürixdən Nyu-Yorka (reys №100) uçurdu. O da Fransa üzərində terrorçuların nəzarətinə keçdi.

Amma iş bununla bitmədi. Pasport nömrələri üzündən İsrail təyayrəsindən düşürülən iki nəfər də niyyətlərindən vaz keçmədilər. Onlar Brüssel-Amsterdam-Nyu-York marşrutu ilə (reys №93) uçan, ABŞ-ın “Pan Am” aviaşirkətinə məxsus Boing-747 təyyarəsinə mindilər və havaya qalxandan az sonra ələ keçirdilər.

***

Sərnişin təyyarələrinin ələ keçirilməsi Fələstin Xalq Qurtuluş Cəbhəsinin 1968-ci ildən müraciət etdiyi aksiyalar idi. FXQC-nin banisi və lideri, pravoslav ərəb Jorj Habaş bu taktikaya belə haqq qazandırırdı: “1967-ci il müharibəsində baş verənlər bizim arzularımızı darmadağın etdi. Biz özümüzə dedik ki, dünya ya bizim problemləri anlamır, ya da onları bilmir. Beləcə, təyyarələri ələ keçirmək və bütün dünyaya xalqımızın yaşadığı böhranın nə qədər dərin olduğunu göstərmək fikri yarandı”.

Qeyd edim ki, o zaman Fələstin müqaviməti dünyəvi və sol mahiyyətə malik idi. Buna görə də hərəkatda nəinki xristian ərəblər, eləcə də başqa ölkələrdən sol görüşlü xristianlar (yuxarıda adını çəkdiyimiz Patrik Argüello kimi) və başqaları (“Yaponiya Qırmızı Ordusu” kimi) iştirak edirdilər.

Qaçırılan təyyarələrin ikisi İordaniyanın şimalındakı Zərqa şəhəri yaxınlığında yerləşən Douson fild adlı yerə endilər. Douson fild səhralıqda yerləşsə də çox bərk torpağa malik idi və əvvəllər burada Böyük Britaniyanın hərbi-hava qüvvələrinin aviabazası var idi. FXQC indi buranı “İnqilab aeroportu” adlandırırdı.

Tərkibində 144 sərnişin və 11 heyət üzvü olan TWA təyyarəsi yerli vaxtla saat 19:45-də Douson filddə yerə endi. Bir qədər sonra isə Swissair təyyarəsi (141 sərnişin və 10 heyət üzvü) də burada endi. Burada onların oturacaqlarının altına dərhal partlayıcı detanatorlar bağlanıldı.

Qaçırılan üçüncü təyyarə, o zaman dünyanın ən böyük və yeganə ikimərtəbəli sərnişin təyyarəsi olan Boing-747 (138 sərnişin və 17 heyət üzvü) əvvəlcə Beyrutda eniş etdi, burada yenidən yanacaq dolduruldu, partlayıcı maddə götürüldü və daha bir neçə terrorçu təyyarəyə mindi. Terrorçular onu da Douson fildə aparmaq istəyirdilər, amma havaya qalxdıqdan sonra təyyarənin kapitanı o biri təyyarələrdən xeyli ağır olan Boing-747-ni səhraya endirməyin təhlükəsiz olmayacağına terrorçuları inandra bildi. Təyyarə Qahirədə endi, sərnişinlər düşəndən sonra partladıldı.

***

Sentyabrın 7-də FXQC 300-dən çox girovun azad edilməsi müqabilində şərtini açıqladı: İsrail, Almaniya və İsveçrə həbsxanalrında olan Fələstin döyüşçülərinin, eləcə də bir gün əvvəl tutulan Leyla Xalidin azad edilməsi. Müxtəlif ölkələrlə uzun sürən danışıqlar başladı. Reaksiyalar da müxtəlif idi. ABŞ prezidenti Nikson hətta fələstinliləri bombalamağı təklif etdi, müdafiə naziri razılaşmadı.

İsrail isə hər hansı güzəşti rədd etdi. Sonralar İsrail hökumətində 8 il polis naziri vəzifəsini tutacaq Şlomo Hillel bunu belə izah edirdi: “Biz anlayırdıq ki, güzəşt terrorçuları həvəsləndirəcək. Axı müdaiəsiz İsrail təyyarəsini ələ keçirmək və onu uzaq yerə qaçırıb məhbusların azad olunmasını tələb etməkdən asan nə vardı ki?” Amma demək lazımdır ki, təhlükəsizlik tədbirləri üzündən İsrail təyyarələrini qaçırmaq heç də Hillel deyən qədər asan deyildi.

Danışıqlar hələ gedərkən, FXQC-nin üzvləri sentyabrın 9-da daha bir təyyarə qaçırdılar. Böyük Britaniyanın BOAC aviaşirkətinə məxsus, Bombey-Bəhreyn-Beyrut-London marşrutu ilə uçan Vickers VC10 təyyarəsi (reys №775, 105 sərnişin və 9 heyət üzvü) uçuşun Bəhreyn-Beyrut hissəsində ələ keçirildi və Douson filddə eniş etdi. Bu aksiyada məqsəd Leyla Xalidin azadlığı üçün Britaniya hökumətinə təzyiq etmək idi.

***

Onunla hesablaşmadan öz ərazisinin terror aksyası üçün istifadə edilməsi İordaniya hakimiyyətini məmnun etmirdi. Hadisənin ertəsi günündən Douson fild ölkənin hərbi qüvvələri tərəfindən mühasirəyə alındı. Amma onlar girovlara xəsarət yetirməməkdən ötrü bir addım atmır, sadəcə baş verənləri izləyirdilər.

Sentyabrın 7-də terrorçular yəhudi sərnişinləri, eləcə ABŞ, Qərbi Almaniya və İsveçrə vətəndaşlarını, eləcə də təyyarələrin heyət üzvlərini səhrada saxladılar, qalan 125 nəfəri isə Ammana gətirərək “İnterkontinental” otelində yerləşdirdilər. Üç gün sonra burada fələstinlilərlə İordaniya hərbçiləri arasında toqquşmalar başladı.

Sentyabrın 12-də isə fələstinlilər girovları bir qədər uzaqlaşdıraraq hər üç təyyarəni partlatdılar. Onları mühasirədə saxlayan İordaniya hərbçilərini müdaxilə edəcəkləri halda girovları öldürəcəkləri ilə hədələyərək Douson filddən uzaqlaşdılar. Terrorçular mühasirədən çıxandan sonra girovların çoxunu azad etdilər, yalnız yəhudi olan 55 nəfəri özləri ilə apardılar.

Öz ərazisində hakimiyyəti Fələstin hərbi birləşmələri ilə bölüşdürməkdən çoxdan boğaza yığılan İordaniya kralı Hüseyn terror aktının dünyada yaratdığı rezonansdan, beynəlxalq ictimai rəyin onun tərəfində olacağından yararlanaraq fələstinlilərə hücum etməyi qərara aldı. Amma belə bir hadisənin baş verə biləcəyini nəzərə alan İraq və Suriya hökumətləri krala fədainləri müdafiə edəcəklərini bildirmişdilər. Buna görə də Hüseyn ABŞ, Böyük Britaniya ilə danışıqlar apardı, eləcə də onlar vasitəsilə İsraildən (Suriyanın müdaxilə edəcəyi halda) kömək istədi.

img_5785.jpg
Misir prezidenti Nasirin vasitəçiliyi ilə Hüseyn və FAT lideri Yasir Ərəfat arasında razılıq əldə olundu.

Sentyabrın 15-də kral Hüseyn dövlətin bir sıra önəmli nümayəndələrinin iştirakı ilə müşavirə çağırdı. Habis Majali, Vəsfi Təl, Amer Xammaş və digərlərinin iştirak etdiyi toplantıda fələstinlilərə qarşı hərbi əməliyyatlara başlamaq qərara alındı. Ertəsi gün kral mülki hökuməti buraxdı, kökəncə fələstinli olan briqada generalı Mohammad əl-Abbasinin başçılığı altında hərbi hökumət formalaşdırıldı və hərbi vəziyyət elan edildi.

İordaniya ordusu paytaxt Amman da daxil olmaqla ölkənin bir çox yerlərində fələstinlilərə qarşı hərbi əməliyyatlara başladı. Fədainlərin yerləşdikləri qaçqın düşərgələri artilleriya və minaatanlardan atəşə tutuldu, üzərinə tanklar yeridildi. Fələstinlilər ciddi müqavimət göstərməyə çalışsalar da, həm sayca daha az idilər, həm də ağır texnikaları demək olar ki, yox idi.

Sentyabrın 18-də Suriya ordusunun tankları Fələstin Azadlıq Ordusu (FAO, Fələstin Azadlıq Təşkilatının hərbi qanadı) qüvvələri adı altında İordaniyaya müdaxilə etdilər. Əməliyyatda 10 min suriyalı hərbçinin və 300 tankın iştirak etdiyi təxmin olunur. İordaniya qüvvələri ölkənin şimal-qərbində suriyalılarla ağır döyüşlərə girdilər.

Kral Hüseyn İraqın da fələstinliləri müdafiə edəcəyini gözləyirdi. Altıgünlük müharibədən sonra ölkənin ərazisində İraqın tank diviziyası qalırdı. Buna görə İordaniya öz hərbi qüvvələrinin bir hissəsini İraq müdaxiləsi ehtimalı ilə ehtiyatda saxlamalı oldu. Amma Bağdadın fələstinlilərə rəğbətinə baxmayaraq, müdafiə naziri Hardan əl-Tikriti konfliktə qoşulmağın əleyhinə çıxdı.

İordaniya kralı Böyük Britaniya və ABŞ-dan kömək istədi. Böyük Britaniya bu istəyə reaksiya vermədi, ABŞ isə Altıncı donanmanın üç aviadaşıyıcı gəmisini Aralıq dənizin şərq hissəsinə göndərdi. Eyni zamanda Vaşinqton Moskvanı xəbərdar etdi ki, əgər Suriya öz qoşunlarını İordaniyadan çıxarmazsa, İsrailin hərbi hava qüvvələrinin zərbəsinə məruz qala bilər. Əgər bu halda SSRİ Suriyanın müdafiəsinə qalxarsa, ABŞ da İsraili dəstəkləyəcək.

Sentyabrın 22-də İordaniya hərbi aviasiyası Suriya qüvvələrinə hücum etdilər və ağır tələfata uğratdılar. Suriya öz piyada qoşunlarını havadan müdafiə edə bilmədi, çünki bu halda müdaxiləni FAO-nun deyil, Suriyanın etdiyi aşkar bilinəcəkdi. Həmin günün axşamı suriyalılar öz ölkələrinə doğru çəkilməyə başladılar. Bu zaman İsrail hərbi aviasiyası də atəş açmadan onların üzərindən xəbərdarlıq uçuşu həyata keçirdi.

Bundan sonra fələstinlilərin vəziyyəti xeyli ağırlaşdı. Hətta aralarında zabitlərin də olduğu 300-ə qədər Fələstin kökənli İordaniya hərbçilərinin onların tərəfinə keçməsi, baş nazir əl-Abbasinin istefa verərək Liviyaya qaçması da vəziyyəti dəyişmədi. İordaniya qüvvələri fələstinlilərə ağır zərbələr endirdilər, bir çox komandirləri əsir aldılar. Bəzi fədainlər iordaniyalılara əsir düşüb işgəncələr görməkdənsə, İsrailə keçib buradakı həbsxanalara düşməyə üstünlük verirdilər.

İordaniyadakı hadisələr Misirin paytaxtı Qahirədə Ərəb Ölkələri Liqasının təcili sammitinin toplanmasına səbəb oldu. Buraya gələn kral Hüseyn bütün ərəblər tərəfindən soyuqluqla, Qəddafi tərəfindən isə nifrətlə qarşılandı. Misir prezidenti Nasirin vasitəçiliyi ilə Hüseyn və FAT lideri Yasir Ərəfat arasında razılıq əldə olundu.

Qahirə razılaşması atəşkəsin dayandırılmasını, hər iki tərəfin hərbi qüvvələrinin Ammandan çıxarılmasını, əsir düşənlərin azad edilməsini, razılaşmanın yerinə yetirilməsinə nəzarət üçün komitənin yaradılmasını nəzərdə tuturdu. Sammit ertəsi gün işini yekunlaşdırdı, bir neçə saat sonra isə Nasir ürək tutmasından vəfat etdi.

“Qara sentyabr” adını alan hadisələr zamanı ölən fələstinlilər barədə dəqiq rəqəmlər məlum deyil. İordaniya 3400-ə qədər fələstinli döyüşçünün öldürüldüyünü deyirdi. Yasir Ərəfat isə çoxu dinc sakin olan 25 min qurbandan bəhs edirdi. İordaniya 537 nəfər, Suriya 600 nəfər və 120 tank itirdi.

***

Girovluqda qalan 55 nəfər ələ keçirildikdən təxminən iki həftə sonra (maraqlıdır ki, heç bir mənbədə dəqiq tarix göstərilmir) Leyla Xalid və daha altı nəfər FXQC döyüşçüsünə dəyişdirildilər. Onlar Kiprə, buradan da İtaliyaya aparıldılar. Planlarının tam da olmasa, qismən həyata keçirilməsi onları yeni aksiyalara həvəsləndirdi.

Leyla Xalid sonralar deyirdi: “Bu, bizim üçün yaxşı əlamət oldu, çünki hökumətlərlə danışıqlar apara biləcəyimizi gördük. Biz öz tələblərimizi qəbul etdirə bildik… Tələblərimizin yerinə yetirilməsi mübarizəmizi davam etdirmək üçün bizə cəsarət və əminlik verdi”.

Douson fild aksiyasında ölənlər olmadı. Buna baxmayaraq, 2001-ci ilin 11 sentyabr aksiyasına qədər ən böyük təyyarə qaçırma olayı kimi tarixə düşdü. Baxmayaraq ki, aralıqda olan 31 il ərzində müxtəlif qanlı təyyarə terroru həyata keçirildi. Amma miqyasına görə Douson fild daha böyük idi.

***

Oktyabrın 13-də Ammanda İordaniya və FAT arasında daha bir sənəd imzalandı. Bu sənədə görə, fələstinlilər İordaniyanın suverenliyini qəbul etməli, yaşayış məntəqələrinə silahsız və mülki formada daxil olmalı idilər. Amma daha radikal və solçu FXQC və FDQC təşkilatları bu razılaşmaya əməl etmədilər.

Ölkənin yeni baş naziri Vəsfi Təl 1971-ci ilin yanvarından etibarən Fələstin təşkilatlarına qarşı hərbi əməliyyatları bərpa etdi. Müqavimət göstərə bilməyən fədainlər və 150 minə qədər dinc fələstinli tədricən İordaniyanı tərk edərək Livanın cənubunda məskulaşdılar.

İordaniyadakı Fələstin döyüşçülərinin 2 min nəfərdən ibarət sonuncu qrupu iyul ayında ölkənin şimal qərbində Aclun adlı yerdə mühasirəyə alındılar. Şiddətli müqavimətdən sonra bir qismi öldürüldü, bir qismi əsir alındı, 200-ə qədər fədain isə İsrailin nəzarətində olan əraziyə keçməyə üstünlük verdi. Bununla da Fələstin təşkilatlarının İordaniya ərazisində fəaliyyətinə son verildi.

***

Qara sentyabr çöküşü qaçılmaz görünən İordaniya Haşimilər monarxiyasını xilas etdi. Amma təkcə İordaniyada deyil, bütün regionda önəmli hadisələrə səbəb oldu. Onun ilk əks-sədası Bağdaddan gəldi. İraqın konfliktdə iştirakınn əleyhinə çıxan Hardan əl-Tikriti hakimiyyətə can atan Səddam Hüseynin səyi nəticəsində 1970-ci il oktyabrın 15-də vəzifəsindən uzaqlaşdırıldı. Mart ayında isə Küveytdə öldürüldü. Səddam Hüseyn öz tikritli yerlisini aradan qaldırmaqla hakimiyyət uğrunda mübarizədə önəmli rəqibini zərərsizləşdirdi.

Suriyada təbəddülatlar isə əksinə, konfiktdə iştiraka görə oldu. Bu uğursuz iştirak dövlətin faktiki rəhbəri Salah Cədidin möqelərini sarsıtdı. Onun əvvəlki silahdaşı, həmin dövrdə isə artıq rəqibi olan Hafiz Əsəd bundan istifadə edərək 1970-ci il noyabrın 16-da çevriliş etdi və hakimiyyətə yiyələndi.

150 min fələstinlinin Livana köçməsi bu ölkənin fəlakətlərinin başlanğıcı oldu. Livanın məzhəb palitrasına görə burada dövlət quruluşu daha zəif idi. Fələstinlilərin “dövlət içində dövlət” yaratması daha tez və asan başa gəldi. Bu da 1975-ci ildə başlayan və 15 il davam edən, ölkənin xarabazara çevrilməsi ilə nəticələnən vətəndaş müharibəsinə səbəb oldu.

img_5784.jpg
“Qara sentyabr” adını alan hadisələr zamanı ölən fələstinlilər barədə dəqiq rəqəmlər məlum deyil.

Fələstin döyüşçüləri arasında xüsusi nüfuza malik olan Əbu Əli Ayad da Aclun döyüşü zamanı həlak olmuşdu. Başqa versiyaya görə, Ayadı əsir alan iordaniyalılar onu tanka bağlayaraq sürümüş və əzabla öldrmüşdülər. Üçüncü versiya, fələstinli komandirin şəxsən baş nazir Vəsfi Təlin iştirak etdiyi işgəncələrdən sonra öldürüldüyünü iddia edirdi.

Nəticədə onun tərəfdarları Ərəfatın başçılıq etdiyi FƏTH hərəkatından ayrılaraq (bəzi iddialara görə bu ayrılıq görüntü üçün idi) “Qara sentyabr” adlı terror təşkilatını yaratdılar. Təşkilatın həyata keçirdiyi ilk aksiya Qahirədə səfərdə olan Vəsfi Təlin “Şeraton” otelinin vestibülündə 1971-ci il noyabrın 28-də qətli oldu. Fələstinlilərin Tələ nifrəti o qədər güclü idi ki, qatillərdən birinin diz çökərək axan qanı döşəmədən yaladığı söylənilir.

Təşkilatın həyata keçirdiyi ən qanlı terror aktı isə 1972-ci ilin Münhen olimpiadasında iştirak edən İsrail idmançılarının girov götürülməsi oldu. Alman polisinin olduqca uğursuz xilasetmə əməliyyatı üzündən 11 İsrail idmançısı, 1 polis və 5 terrorçu öldürüldü. İsrail höküməti buna “Tanrının qəzəbi” və “Gəncliyin baharı” adlı qisas aksiyaları ilə cavab verdi.

Ana səhifəXəbərlərİordaniyada “Qara sentyabr” hadisələri