İordaniya və fələstinlilər

Əslində İordaniya Fələstin silahlı dəstələrinin öz ərazisində məskunlaşmasından məmnun deyildi.

Foto: Meydan Tv


Qətnamənin qəbulunun ertəsi günü Birinci ərəb-yəhudi müharibəsi başladı

Birləşmiş Millətlər Təşkilatı 1947-ci il noyabrın 29-da Fələstində iki dövlətin – ərəb və yəhudi dövlətlərinin yaranmasını nəzərdə tutan 181 saylı qətnamə qəbul etdi. O zaman Britaniya mandatı altında olan ərazinin 56,7%-nin yəhudilərə, qalanının isə ərəblərə verilməsi nəzərdə tutulurdu. Qüds və Betlehəm şəhərləri isə beynəlxalq nəzarət altında qalmalı idilər.

Daha radikal mövqe tutan bəzi təşkilatlar istisna olmaqla, yəhudilərin əksəriyyəti qətnaməni razılıqla qarşıladılar. Ərəblər isə sənədi birmənalı surətdə rədd etdilər. Səsvermə zamanı qətnamənin əleyhinə səs verən ərəb ölkələrinin (İraq, Livan, Misir, Yəmən, Səudiyyə Ərəbistanı, Suriya) nümayəndələri Hindistan və Pakistan nümayəndələri ilə birlikdə iclası tərk etdilər (Türkiyə, İran və Əfqanıstan kimi müsəlman ölkələri əleyhinə səs versələr də, bu demarşa qoşulmadılar).

Qətnamənin qəbulunun ertəsi günü Birinci ərəb-yəhudi müharibəsi başladı. Elə müharibə gedən vaxtda, 1948-ci ilin mayında İsrail dövlətinin yaradıldığı elan olundu. Ona qarşı isə Misir, Transiordaniya (gələcək İordaniya) Suriya, Livan, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Sudan dövlətlərinin qoşunları, eləcə də Ərəb azadlıq ordusu və Müqəddəs cihad ordusu adlı könüllülərdən ibarət dəstələr döyüşürdü.

Ərəb koalisiyasının sanballı görünməsinə baxmayaraq, hərbi əməliyyatların gedişi İsrailin tam qələbəsi ilə yekunlaşdı. Təsadüfi deyil ki, İsraildə “Milkhemet Ha'Atzma'ut” (İstiqlal savaşı) adlanan bu müharibəyə ərəb ölkələrində Nəkbə (fəlakət) adı verildi. BMT qətnaməsinə görə ərəb dövlətinə ayrılan ərazilərin yarısı, eləcə də Qərbi Qüds İsrailin nəzarətinə keçdi. Qalan əraziləri isə Transiordaniya (Şərqi Qüdslə yanaşı İordan çayının qərb sahilləri) və Misir (Qaza sektoru) tutdu.

Müharibə humanitar fəlakətə səbəb oldu. Ərəb ölkələrindən yüzminlərlə yəhudi qovuldu. Əmlakları da müsadirə olunan bu adamlar son dərəcə ağır şərtlər altında əsasən İsrailə köçdülər. Eyni zamanda, İsraildən və onun işğal etdiyi ərazilərdən yüzminlərlə fələstinli qaçqın düşdü. BMT komissiyasının 1951-ci ildə səsləndirdiyi rəqəmlərə görə, təkcə yəhudi dövləti üçün ayrılan ərazilərdən (işğal edilən ərazilər daxil deyil) 711 min ərəb didərgin oldu.

Belə status-kvo 1967-ci ilə qədər davam etdi. Həmin il baş verən Altıgünlük müharibənin nəticələri isə ərəblər üçün Nəkbədən də fəlakətli oldu. Misir, Suriya, İordaniya, İraq və Əlcəzairdən ibarət ərəb koalisiyası altı gün ərzində İsrail tərəfindən darmadağın edildi. O vaxta qədər İordaniyanın və Misirin nəzarətində olan Fələstin torpaqları, Suriyanın Qolan təpələri və Misirin Sinay yarımadası işğal olundu. Bu böyük qələbənin müqabilində İsrail müdafiə ordusu 1000 nəfərdən də az itki verdi. Ərəblərin itkiləri isə 12 mindən çox idi.

Altıgünlük müharibə yenidən ərəb əhalisinin köçünə səbəb oldu. İordan çayının qərb sahilini və Qaza sektorunu 300 mindən çox ərəbin tərk etdiyi təxmin olunur. Onların çoxu İordaniyadakı qaçqın düşərgələrində məskunlaşdılar.

***

1949-cu ildən İordaniya Haşimilər Krallığı adlanan dövlətlə Fələstin ərəblərinin münasibətləri heç də rəvan deyildi. Birinci ərəb-yəhudi savaşından sonra İordaniya BMT-nin Fələstində ərəb dövləti üçün ayırdığı ərazilərin bir hissəsini (İordan çayının qərb sahili), Betlehəmi və Şərqi Qüdsü tutmuş, 1950-ci ilin aprelində isə öz dövlətinin ərazisi elan etmişdi.

Dünya ölkələrinin böyük əksəriyyəti, eləcə də Ərəb Ölkələri Liqası bu ilhaqı qanunsuz sayaraq qəbul etmədilər. Fələstinlilərin özlərinin fikirləri isə haçalandı. Onların bir hissəsi İordaniyanın tərkibində olmağa razı idilər, digər hissəsi isə – başda nüfuzlu Hüseyni ailəsi olmaqla –kəskin əleyhdarına çevrildilər.

1951-ci iyulun 20-də İordaniyanın kralı Abdullah cümə namazında iştirak etmək üçün Qüdsdəki əl-Əqsa məscidinə gedərkən 21 yaşlı fələstinli Mustafa Şükri Aşu tərəfindən qətlə yetirildi. Mühafizəçilərin öldürdüyü qatilin Hüseyni ailəsi tərəfindən göndərildiyi söylənilirdi.

Yuxarıda deyildiyi kimi, İordaniya sözügedən əraziləri Altıgünlük müharibə zamanı itirdi. Ərazi itkisindən əlavə, yüzminlərlə fələstinli qaçqın ölkəyə pənah gətirdi. Bu isə o zaman öz əhalisi 1,5 milyon civarında olan İordaniya üçün həddən ziyadə ağır yük idi. Üstəlik, fələstinlilər özlərini heç də qonaq kimi aparmırdılar.

***

Altıgünlük müharibədən hələ üç il əvvəl, 1964-cü ildə Ərəb Ölkələri Liqasının təşəbbüsü ilə Fələstin Azadlıq Təşkilatı yaradılmışdı. FAT çətir təşkilat idi. Buraya hələ 1950-ci illərin sonlarında yaranan və Yasir Ərəfatın başçılıq etdiyi Fələstin Milli Azadlıq Hərəkatı (FƏTH) kimi qrupla yanaşı, 1967-ci ilin sonlarında Corc Habaşın yaratdığı Fələstin Xalq Qurtuluş Cəbhəsi kimi təşkilatlar daxil idilər.

FAT və İordaniya krallığı arasında münasibətlər ikincinin Fələstin torpaqlarına iddiası üzündən ziddiyyətli idi. İordaniya Altıgünlük müharibədə həmin əraziləri itirsə də, onları öz ərazisi saymaqda davam edirdi. FAT isə adından da göründüyü kimi Fələstinin müstəqilliyinin tərəfdarı idi. Buna baxmayaraq, yarandıqdan sonra ilk illərdə FAT İordaniya ərazisində fəaliyyət göstərirdi. Onun hətta təsis toplantısı da o zaman İordaniya nəzarətində olan Şərqi Qüdsdə baş tutmuşdu.

Əslində İordaniya Fələstin silahlı dəstələrinin öz ərazisində məskunlaşmasından məmnun deyildi. Bu dəstələrin üzvləri (fədainlər) tez-tez İsrailə qarşı diversiyalar təşkil edir, əvəzində İordaniya ərazisi israillilərin cavab zərbələrinin hədəfi olurdu. Belə hadisələrdən ən məşhuru İsrail ordusunun (Tsahal) 1966-cı ilin noyabrında əs-Samu şəhərinə hücumu oldu.

Altıgünlük müharibədən sonra İordaniya ərazisindəki Karameh şəhərciyi FƏTH-in mənzil-qərargahının və əsas qüvvələrinin yerləşdiyi yerə çevrildi. İndi onlar buradan İsrailin nəzarətində olan ərazilərə hücumlar təşkil edirdilər və nəticədə ətraf ərazi israillilərin cavab zərbəsinin hədəfi olurdu.

Belə vəziyyətdən heç də məmnun olmayan İordaniya kralı Hüseyn fələstiniləri Karamehdən çıxarmaq üçün 1968-ci ilin fevralında 20 nəqliyyat vasitəsi ilə ordu və polis göndərdi. Amma təyinat yerinə çatan iordaniyalılar daha çoxsaylı FƏTH qüvvələrinin əhatəsinə düşdülər. Fələstinlilər onlara Karamehi tərk emək üçün 3 dəqiqə vaxt verdilər və iordaniyalılar geri qayıtdılar.

img_5745.jpg
Əslində İordaniya Fələstin silahlı dəstələrinin öz ərazisində məskunlaşmasından məmnun deyildi.

Martın 21-də isə Tsahal Karamehə qarşı “İnferno” əməliyyatına başladı. 15 saat davam edən döyüşdən sonra israillilər öz məqsədlərinə çatdılar: FƏTN-in dayaq məntəqəsi olan şəhərçik dağıdıldı. Amma bu zaman İordaniya ordusu və fələstinlilər Tsahala istər canlı qüvvə, istərsə də texnika sarıdan ciddi itkilər yaşatdılar. Altıgünlük müharibədə beş ərəb dövlətinin biabırçı məğlubiyyəti müqabilində kiçik bir təşkilatın belə bir dirənişi dünyada geniş rezonans doğurdu.

Məhz bu hadisədən sonra FƏTH ərəblər arasında ciddi nüfuz qazandı. O vaxta qədər silahlılarının sayı 2 mini keçmirdisə, həmin ilin yayında artıq 15-20 minlik silahlı qüvvəyə malik idi. Üstəlik, müxtəlif ərəb ölkələrindən təşkilatın büdcəsinə gələn ianələrin həcmi kəskin çoxaldı. Təşkilatın nüfuzu FAT daxilində də xeyli artdı. Təsadüfi deyil ki, FƏTH sədri Yasir Ərəfat bir il sonra FAT-ın rəhbəri seçildi.

1967-ci ildə fələstinlilərin daha bir radikal təşkilatı – Fələstin Xalq Qurtuluş Cəbhəsi yaradıldı. Yaradıcısı fələstinli pravoslav xristian Corc Habaş olan təşkilat solçu, marksist-leninçi mövqe tuturdu. Məhz FXQC ilk dəfə siyasi məqsədlərlə təyyarə qaçırılması metoduna müraciət etdi.

İlk belə aksiya 1968-ci il iyulun 23-də baş verdi. İsrailin El Al şirkətinə məxsus təyyarə Romadan havaya qalxdıqdan az sonra Leyla Xaled adlı gənc fələstinli qızın rəhbərlik etdiyi qrup tərəfindən ələ keçiridldi. Əlcəzairdə yerə enəndən sonra digər sərnişinlər buraxıldı, 12 israilli sərnişin və 10 heyət üzvü girov saxlanıldılar və təxminən 40 gün sonra onlar 16 ərəb məhbusla dəyişdirildilər. Sonrakı illərdə bir neçə dəfə təkrarlanan belə hadisələr FXQC-nin nüfuzunu artırdı və onu FƏTH-dən sonra ikinci populyar Fələstin təşkilatına çevirdi.

Fələstin təşkilatlarının İordaniya ərazisində yerləşməsi onu törədilən terror aktlarının himayəçisi kimi göstərirdi. ABŞ-la normal münasibətləri olan və ondan yardım alan, İsraillə də məxfi və qeyri-rəsmi əlaqələr saxlayan İordaniya hökuməti bundan məmnun deyildi. Üstəlik, başqa amillər də vardı.

Fələstinlilərin məskunlaşdığı geniş ərazilər üzərində İordaniya hakimiyyətinin nəzarəti tamamilə ləğv olmuşdu. Buralar FAT-a daxil olan təşkilatlar nəzarətində idi. Onlar İordaniya qanunlarına məhəl qoymur, öz qanunlarını tətbiq edirdilər. FAT “dövlət içində dövlət” yaratmışdı. Paytaxt Amman da daxil olmaqla, bir çox yerlərdə nəzarət-buraxılış məntəqəsi yaradaraq pul toplayırdılar. Reket və hətta kidneppinq – pul almaq üçün adam oğurlamaq – hallarına rast gəlinirdi.

Belə halların qarşısını almağa çalışan İordaniya hökuməti ilə FAT arasında 1968-ci ilin noyabrında 7 bənddən ibarət sənəd imzalanmışdı. Amma yekcins təşkilat olmayan və intizamın zəif olduğu FAT razılaşmaya əməl etmədi. Hələ bu azmış kimi İordaniyada qadağan edilən bəzi siyasi cərəyanların nümayəndələri – bəəsçilər və kommunistlərlə işbirliyinə getmişdilər.

Sol yönümlü FXQC və 1969-cu ildən ondan ayrılan üzvlərin yaratdığı Fələstin Demokratik Qurtuluş Cəbhəsi (FDQC) artıq İordaniya monarxiyasını devirmək barədə düşünürdülər. Yasir Ərəfatın başçılıq etdiyi FƏTH buna tərəfdar deyildi, amma FAT daxilində birliyi qorumaq üçün əleyhinə də çıxa bilmirdi.

1969-cu ildə fələstinlilər İordaniya ərazisindən İsrailə qarşı 3170 aksiya həyata keçirdilər. İsrailin cavab zərbələri nəticəsində isə sərhədə yaxın ərazilərdə yaşayan 70 min iordaniyalı evlərini tərk edərək daha şərqə köçdülər. Həm zərbələr, həm də insanların köçü, əlbəttə ki, İordaniya üçün ciddi iqtisadi nəticələr doğururdu.

1970-ci ilin fevralın 10-da kral Hüseyn 10 maddədən ibarət fərman imzaladı. Sənəd Fələstin silahlılarınn özbaşınalığının qarşısını almağa hesablanmışdı. Onlara ictimai yerlərdə silah gəzdirmək, İordaniya DİN-nin razılığı olmadan tədbirlər keçirmək və s. qadağalar tətbiq edilirdi. Amma fədainlərin kəskin etirazı Hüseyni öz fərmanını ləğvinə məvbur etdi.

İyunun 7-də fədainlər Baş kəşfiyyat idarəsinin binasını atəşə tutdular. Hətta hadisə yerinə gedən kral Hüseynin də kortejinə atəş açıldı, onun mühafizəçilərindən biri həlak oldu. Bunun ardınca baş verən üçgünlük toqquşmalarda hər iki tərəfdən 300 nəfər öldü. Atəşin dayandırılmasından dərhal sonra isə FXQC Amman otellərində 68 əcnəbini girov götürdü və onların azad edilməsi üçün bəzi məmurların vəzifələrindən uzaqlaşdırılmasını tələb etdi.

İordaniya ordusu artıq belə hallara dözmək niyyətində deyildi və öz rəhbərliyindən, kraldan qəti tədbirlər görülməsini tələb edirdi. Bütün dünya isə Haşimi sülaləsinin son aylarını yaşadığını, tezliklə devriləcəyini düşünürdü. Təkcə kral Hüseyn bu fikirlə razı deyildi. Yaxın Şərq tarixinə “Qara sentyabr” adı ilə düşəcək hadisələr ərəfəsində vəziyyət belə idi.

Ana səhifəXəbərlərİordaniya və fələstinlilər