İntiqam Əliyev: Toplumla bu cür rəftarla artan etirazların qarşısını almaq mümkün deyil


“İnsanların qəzəbli olmasının səbəbi yarıtmaz siyasət, sosial ədalətsizlikdir”


Hüquqşünas İntiqam Əliyevlə iyunun 7 və 8-də Yasamal rayon ərazisində polislə sakinlər arasında baş verən qarşıdurmanı müzakirə edirik.


– İntiqam müəllim, son iki günün gündəmi Çevik Polis Alayının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki əməliyyatıdır. Səhər tezdən onlarla polisin sakinlərin evlərinə xəbərdarlıq etmədən daxil olması, insanları o cür aşağılayaraq aparması və videolara çəkməsi barədə yanaşmalar müxtəlifdir. Baş verənləri DİN-in öz təşəbbüsü sayanlar da var, yaxud polisi nüfuzdan salmaq istəyən qüvvələrin işi olduğunu söyləyənlər də. Göstərişin ən üst səviyyələrdə verildiyini deyənlər də az deyil. Siz necə düşünürsünüz?

– Yasamalda polisin o cür davranmasında məqsədin mundirin şərəfini qorumaq olduğunu düşünmürəm, hərçənd bu cür təqdim edənlər də az deyil. Bunun ölkədə sabitliyin pozulmasında maraqlı olan hakimiyyət daxilində və ya ondan kənarda hansısa qüvvənin işi olması barədə nağıllara da inanmıram. Polisə o cür davranmaq barədə göstərişin hardan gəldiyini və arxasında nələrin dayandığını anlamaq çətin deyil. İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan ölkədə polis zorakılığı ilə bağlı olaylara qarşı istər yerli, istər beynəlxalq etirazlara “Kimsə o polislərə güldən ağır bir söz deyə bilməz, onların arxasında mən dayanmışam” tipli cavabları az olmayıb. Yasamalda polislərin dilindən alçaldılanlara səslənən “Dovşan kimi qorxaqsız” ifadəsi tanış gəlirmi? Bir neçə ay öncə polislərin siyasi partiya liderini küçənin ortasında qamarlayıb, avtobusda vəhşicəsinə döyməsinə ölkə başçısının reaksiyası da təxminən belə olmuşdu – “Qorxaqsan!” Söz düşmüşkən, onda da baş verənləri Yasamaldakı kimi videoya çəkmişdilər. Vaxtı gələndə, əminəm, onu da yayacaqlar. İlham Əliyevi anlamaq olar. Onun hüdudsuz hakimiyyəti güc strukturlarının loyallığı hesabına ayaqdadır. Etirazlara qarşılıq olaraq polisin bu cür davranması atasından miras qalan sistemin tələbidir.


– DİN qadına dovşan deyib aşağılayan polisin cəzalandırıldığı, vəzifədən çıxarıldığı və xanımdan üzr istənildiyi haqda xəbər yayıb. Bu addım olaya adekvat sayıla bilərmi?

– Yaxşı bir deyim var: “Üzü astarından baha”. Bu üzr də onlardandır. Heç bir suçu olmayan insanların mənzillərinə ağır cinayət törətmiş kimi basqın etmələrini, əllərinə keçənləri döyüb-söyməklərini, lütləyib millətin qabağına çıxarmalarını haqlı sayıblar, qadına “dovşan” deyilməsini günah. Buna toplumu ələ salmaq deyilir. Yeri gəlmişkən, vəzifədən çıxarılan o polisin də az müddət sonra daha yüksək vəzifəyə təyin olunduğu xəbərini eşitsəm, heç təəccüblənmərəm.


– Sosial şəbəkələrdə polisə qarşı edilənləri az qala dövlətçilik əleyhinə addım kimi dəyərləndirənlər və o binanın sakinlərini qınayanlar az deyil. Bu məsələyə mənəvi-hüquqi baxışınız necədir?

– Öncələr də, metro hadisəsində də, son baş verənlərdə də etiraz səsini qaldıranları “tərbiyəsiz”, “nadan”, “cahil” adlandıranlar, polisin hərəkətlərinə bəraət qazandıranlar az deyil. Onlar özləri bir gün zorakılığın qurbanı olanda ayılacaqlar.

Sivil ölkələrdə, o birilərini demirəm, hətta dövlət başçılarına yumurta, pomidor, ayaqqabı atanlar var. Onları döymürlər, lütləyib, şəklini çəkib yaymırlar.

Kimsə qanunu pozduqda polisə və ya məhkəməyə çağırıb cəzasını vermək mümkün olduğu halda, onu döyə-döyə, söyə-söyə maşına basıb polisə aparanlara etiraz toplumun haqqıdır. Azı sabah özünün, yaxınlarının başına gəlməsin deyə bunu etməlidir. Balkonlardan zorakılıq edən polislərə atılan o zibil, əslində çürümüş, zibil halına gəlmiş sistemə və idarəçiliyə etirazdır. Pandemiya qadağalarını, onların tətbiqi üsullarını nəzərdə tutan hüquqi baza, əslində özü topluma atılan zibildir. Bir Baş nazirə insanların haqlarını bu cür qısıtlamaq səlahiyyətini heç bir qanun verməyib, onun belə bir haqqı yoxdur. İnsanların həm də bu qadağalara etiraz etməyə ona görə əsasları var ki, atılan addımların xaotikliyini, absurdluğunu, mənasızlığını görə-görə gəlirlər. İki gün insanları çölə çıxdığına görə tut, cərimələ, döy, alçalt, sonrakı beş gündə avtobusda, metroda, mağazada, restoranda, bankın qabağında bir-birinin ağzına girsin, başına çıxsın, ona göz yum. Büdcədən milyardları oğurla, adamları evində oturdub, oğurladığının, dağıtdığının cüzi bir hissəsini onlara verməyə əlin gəlməsin və bütün bunların qarşılığında insanların sənə etimad etməsini, sözünü eşitməsini um, – olmur belə şey. Adamları qoyun yerinə qoymaqdı bu. İnsanlar daha qul olmaq istəmirlər. Həm də ona görə sənin haqlı, haqsız tələblərinə etiraz edirlər ki, acdılar, qəzəblidirlər. Onların bu cür qəzəbli olmasının səbəbi sənin yeritdiyin yarıtmaz siyasətdir, sosial ədalətsizlikdir, pis təhsil, səhiyyədir, məmur özbaşınalığıdır… Toplumla bu cür rəftarla artan etirazların qabağını almaq mümkün deyil, zoraklılıq bumeranq effekti verəcək və verir də.

Yasamalda törədilənlər dövlət adına cinayətdir. Polisi qınamaq, sorğu-suala çəkmək, cəzalandırılmasını tələb etmək də gərəklidir, amma bu durumumuzu dəyişməyəcək. Metroda “Biz qul deyilik” deyə etiraz edən yaşlı qadını tutub polisə gətirən də, Yasamalda xəstə adamın başına qapaz vuran da əmr quludur. Əsas hədəf də, qınaq obyekti də o qapazı vurduran sistem və onun başında duranlar olmalıdır. Döy, alçalt, sındır – göstərişini verəni görməzdən gəlib, günahı göstərişi icra edənlərdə axtarmaq bu sistemin davamına töhfə vermək deməkdir.


– Baş verənləri Amerikadakı polis zorakılığı ilə müqayisə edənlərin qarşısında hansı arqumentləri səsləndirərdiniz?

– Amerikada toplum polisə zibil atmağa, söyüş söyməyə görə vətəndaşla bu cür davranışı o nazirə, o prezidentə, o dövlətə bağışlamaz, onu qarşısında dizi üstə çökməyə vadar edər. Hə, polis zorakılığı Amerikada da var, özünə demokratik deyən başqa ölkələrdə də. Amma bu sistem deyil, Amerikanın gücü polisin dubinkası üzərində dayanmayıb (onu da xüsusi vurğulayım ki, azı ölkə daxilində). Ordakı polis də həddini aşır, kimsəni döyə, alçalda, hətta öldürə bilir. Amma bunun cəzasını mütləq ona, rəhbərinə ödətdirəcəklər. Sistem bunu edəcək, bu və ya digər səbəbdən, – Tramp kimilərin ümidinə qalanda, – gücü yetməsə, yetişdirdiyi toplum bunu etdirəcək.

ABŞ-da yüz minlər təkcə qaradərili Corc Floydun qanı batmasın deyə küçələrə tökülmürlər, həm də öz təhlükəsizliyi naminə bunu edirlər. Yeri gəlmişkən, Trampa qalsa idi, etirazçıları Yasamaldakından betər günə salardı. Amma bacarmadı, küçələrə tökülən insanlar, onlara dayaq olan mediası, siyasiləri, vətəndaş cəmiyyətləri və nəhayət, digər hakimiyyət qolları buna imkan vermədi. Qaradərilini öldürənlər etirazçılar qarşısında dizlərini yerə qoyub üzr istəməli oldular. Onlara divan tutmaq fikrinə düşən Trampın dizlərinin yerə qoyulacağı gün də mütləq gələcək. İnsanların dövlətə inamının itməsi çox qorxulu şeydir. Biz qorxunun qırmızı xətti keçdiyi məmləkətdə yaşayırıq.


– İntiqam müəllim, əməliyyatda zərərçəkənlərdən kimsə şikayətini Avropa Məhkəməsində mübahisələndirsə, nə qədər şanslıdır və Avropa Konvensiyasının hansı maddələrinin pozuntusunun tanınmasına ümid edə bilər?

– Xeyli maddələrinin. Bilmirəm o adamları polis idarələrində nə qədər saxlayıblar.


– Artıq sutkalıq, inzibati cəza veriblər…

– Bu cür saxlanmalar zamanı bir qayda olaraq azadlıq və toxunulmazlıq hüququnu təminat altına alan Konvensiyanın 5-ci maddəsinin bir neçə bəndi pozulur. Polislərin məhkəmə qərarı olmadan insanların mənzillərinə soxulması özəl həyatı qoruyan 8-ci maddənin pozuntusudur. Adamları heç bir ehtiyac olmadığı halda aşırı zor tətbiq etməklə polisə aparmaq işgəncədən, qeyri-insani və insan ləyaqətini alçaldan rəftardan müdafiə haqqına təminat verən 3-cü maddəni pozur. Ölkə daxilində bu cür işlər üzrə məhkəmələr ədalətli olmur, zorakılığa bəraət qazandıran qərarlar verir. Bu da Konvensiyanın 6-cı maddəsinin pozuntusu üçün əsas verir. Azı dörd maddə üzrə uğur qazanmaq şansı var.



Bu günlərdə YAP-çı millət vəkili Siyavuş Novruzov Avropa Məhkəməsinin təyin etdiyi cərimələri o işlər üzrə qərar vermiş hakimlərdən tutmağı təklif etdi. Təklifi bəyənənlər də az deyil. Siz bu barədə nə düşünürsünüz?

– Avropa Məhkəməsi təkcə Azərbaycana qarşı qərarlar çıxarmır. Məhkəmə sisteminin təkmilliyi ilə haqlı olaraq qürurlana biləcək Almaniya, Fransa, İngiltərənin də hakimlərinin qərarlarını da “səhv çıxarır”. Amma hakim səhvi qərəzdən qaynaqlanmayıbsa, onu kimsə cəzalandırmaz, AM-in və ya başqa beynəlxalq məhkəmənin kəsdiyi cəriməni ondan tutmaz. Bizdə durum fərqlidir. Çox sayda işlər var ki, adama verilən cəzanı hakim (heç onun böyüyü də) həll etmir; xüsusilə arxasında siyasi motivlər dayananda. S.Novruzov pulun hakimlərdən tutulmalı olduğunu təklif edir. Həmin o qanunsuz qərarlar Ali Məhkəmə, Konstitusiya Məhkəməsi səviyyəsində də mübahisələndirilir. Baş Prokuror da daxil, qanunsuz həbslər, işgəncələr, özəl həyata müdaxilə, seçki saxtakarlığı ilə bağlı verilən bütün şikayətləri rədd edən prokurorluq işçilərinin o qanunsuzluqda payı var. Məhkəmələrin fəaliyyətinə nəzarət edən, Prezidentin xalası oğlunun rəhbərlik etdiyi Məhkəmə-Hüquq Şurası da eynilə cərimələrə ortaq olmalıdır. Ölkədə açıq-aşkar qanunsuz həbslər, cinayət təqibləri, işgəncələr, özəl həyata müdaxilə kütləvi olduğu halda, S.Novruzovun da üzvü olduğu Milli Məclis nə vaxt onları dilinə alıb, kiminsə hesabatını dinləyib və ya məsuliyyəti məsələsini qaldırıb; onu da diqqətə almamaq ədalətsizlik olardı. AM 2005, 2010-cu illərin parlament seçkiləri ilə bağlı 100-dən çox şikayət üzrə az qala ölkənin bütün seçki dairələrində dövlət qurumları səviyyəsində saxtakarlıq və digər kobud qanun pozuntularının olduğunu tanıyıb. MSK da daxil seçki komissiyalarında, Ali Məhkəmə də daxil bütün məhkəmə pillələrində verilən şikayətlərin səmərəli araşdırılmadığını qeyd edib. S.Novruzovun deputat seçildiyi dairə də onların arasındadır. Bu dairədən verilən şikayətləri rədd edən hakimlərin də cəzalandırılmasını istəyirmi?

AM 20-dən çox iş üzrə (Avropada birinci yerdəyik!) jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai-siyasi fəalların cinayət təqibinin (həbslər, özəl həyata müdaxilə və s.) siyasi sifariş əsasında baş verdiyini (Konvensiyanın 18-ci maddəsi) tanıyıb. Bu ölkədə siyasi sifarişin hardan gəldiyini millət vəkili bilməmiş olmaz. Adını çəkə bilərmi həmin ünvanın? Yasamaldakı zorakılığa məruz qalanlar işlərini Avropa Məhkəməsinə çıxarsalar, dövlət külli miqdarda cərimələnəcək, pullar büdcədən – bizim cibimizdən ödəniləcək. Niyə S.Novruzov danışmır, pisləmir o zorakılığı? Onun bu doğrular barədə danışmağa cürəti çatmırsa, hakim də o binanın sakinlərini döydürənlərin sifarişini icra etməyə bilmir; özünün başına elə oyun açarlar ki, Aqil Hümbətovu dəli saymaqdan imtina etdiyinə görə işindən qovulan hakim onun yanında toya getməli olar.

Belə şeylərlə indi sadəlövh adamların başını aldatmaq olar.

Ana səhifəVideoİntiqam Əliyev: Toplumla bu cür rəftarla artan etirazların qarşısını almaq mümkün deyil