Mənbə: Meydan TV

İntihara cəhd edən adam: Göyçayın icra başçısının əlaltıları məni bu həddə çatdırıb

Məqalə yeniləndi:  23 Sentyabr 2019

“İcra hakimiyyəti məni aldadıb saxta sənəd verib”

Bu il sentyabrın 19-da Göyçay şəhəri, Həbibi küçəsi, ev 50 ünvanında yaşayan Seymur Əlibala oğlu Azadov intihara cəhd edib. Polisin müdaxiləsi ilə xilas olunan zərərçəkənin vəziyyəti hazırda normaldır.

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin əlaltıları məni intihar həddinə çatdırıblar. Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar İntiqam Süleymanovla, baş məsləhətçi, mühəndis Kamil Qasımov canımdan bezdirdikləri üçün dözməyib, özümü asdım”, - deyə Seymur Azadov Meydan TV-yə bildirib.

Şikayətçi iddia edir ki, icra başçı Mehdi Səlimzadənin göstərişi ilə ona aid olan avtomobil təmiri sexi qanunsuz olaraq sökülüb:

“Dedilər ki, Göyçayın girişində qapılar tikiləcək, sexin yerləşdiyi ərazi də plana düşüb. Dövlət əhəmiyyətli layihədir, buna görə sizə təzminat ödəniləcək. Sexi sökdülər, lakin heç bir qəpik də pul verilmədi. İcra Hakimiyyətinə çox gedib-gəldim, nəhayət, mənə 42 kvadratmetrlik kiçik bir sahə ayırdılar. Buna görə də 5 min manatımı aldılar. Sahəyə görə sənəd də verdilər. Orada maşın təmiri sexi tikdim, elə yenicə bitirib, damını vururdum, bir nəfər gəldi ki, mənim torpağımda nə tikirsən? Dedim ki, buranı İcra Hakimiyyətindən pulla almışam, bu da sənədləri. Dava düşdü, söhbət polisə qədər gedib çıxdı. Daxili İşlər Nazirliyinin “102" xidmətinə zəng elədim, gəlib, icranın işçiləri tərəfindən verilən sənədə baxış keçirdilər. Məlum oldu ki, məni aldadıb, saxta sənəd veriblər”.

Seymur Azadova ikinci dəfə yenidən torpaq sahəsi ayırıblar. Bu dəfə ona Göyçay rayonu, Çayarxı kəndi ərazisində yer veriblər:

“Sonradan bir adamın obyektinin yanından yer verdilər. Oranın sahibi də gəldi ki, mənim yerimi xeyir ola, bölürsünüz? Heç kim mənim yerimi bölə bilməz. Düz, 2017-ci ildən mənim başıma bu oyunları açırlar. İcraya gedib-gəlməkdən yorulmuşam, nə pulumu verirlər, nə də ki, doğru-düzgün yer ayırmırlar. Nəhayət, üçüncü dəfə, təxminən yeddi ay öncə mənə Cəyirli kəndinin ərazisində 45 kvadratmetrlik sahəsi olan yer verdilər. Orada tikinti işi apardım, kənarlarını birtəhər şiferlə düzəltmişdim. Başımı salıb, aşağı işləyib, ailəmi dolandırırdım. Bu dəfə dedilər ki, şiferi söküm, kərpiclə tikim ki, ora sənəd verə bilsinlər. Artıq iyirmi gündən çoxdur ki, sexin böyür-başını söküblər, qalmışam, çöldə. Guya burada tikinti tikildikdən sonra bunlar sənədi mənə kömək məqsədilə verəcəklər. İlin-günün bu vaxtında dörd uşaq saxlayıram, məni niyə bu günə qoymusunuz? Gəlib, tikintinin yan-yörəsini söküblər, iş də gördürmürlər, qoyublar yarımçıq”.

“Göyçayda hansı dövlət orqanına müraciət edirəm, sanki bunlardan qorxurlar, şikayətimə baxan yoxdur”, - Seymur Azadov deyir:

“Belə haqsızlıq olmaz, ya pulumu versinlər, ya da sənədi qaydasında olan torpaq sahəsi ayırsınlar. Zəng elədim, nə İntiqam Süleymanov, nə də Kamil Qasımov telefona cavab verdi. Artıq hər yerdən əlacım kəsilmişdi. Axırda dözmədim, əvvəlcə “102" xidmətin yığdım, sonra da Göyçay Rayon Prokurorluğunu məlumatlandırdım ki, özümü asacağam. Neyləyim, bunlar məni ölüm həddinə çatdırıblar. Sexdə boğazıma kəndiri keçirib, sallanan vaxt, polis əməkdaşları içəri girdilər, məni xilas etdilər. Oradan da götürüb, prokurorluğa apardılar. Tibbi ekspertizadan keçdim. İntihar etməmişdən öncə yazdığım məktubumu prokurorluğa təqdim etdim. Bu rayonda mənim başıma gətirilən oyunu hamı bilir. Amma təəssüf ki, heç kim əncam çəkmir”.

Zərərçəkən söyləyir ki, ona qarşı edilən saxtakarlığa görə ötən il şikayət videosu çəkərək, “YouTube”a yerləşdirib. Bundan sonra təzyiqlərə məruz qalıb:

“Videoda onların mənim başıma açdıqları oyunlardan danışdım. Dedim ki, icra başçısının imzası, möhürü olan saxta sənəd verirlər. Pulum da gedib, yerimi də ala bilmirəm. Şikayətimə də heç bir qurum baxmır. Videonu “YouTube”a qoyan gün, günorta birin yarısı gəlib, məni evimdən apardılar ki, başçı səni gözləyir. Qapıma adam göndərdikləri üçün şübhələndim ki, cibimə nəsə atıb, şərləyib tutarlar, bunlardan nə desən çıxar. Buna görə də özümlə uksus götürdüm, bildim ki, bu işdə nəsə var.

Təmir sexi

Təmir sexi

Mənbə: Meydan TV

İcra başçısı Mehdi Səlimzadə mənə “Çıx, de ki, sərxoş və əsəbi olmuşam, eləmişəm, dediklərimi geri götürürəm”- söylədi. Mənə bu göstərişi təhqirlə dedi. Mən də onun təhqir və təzyiqlərinə dözmədim. Onlar çox, mən isə tək, ona görə özümə qəsd elədim. Uksusu içdim, məni xəstəxanaya aparmağa imkan vermədilər. İcra Hakimiyyətinə Təcili Tibbi Yardım çağırdılar. Dedilər ki, Təcili Tibbi Yardımın baş həkimi sənə nəzarət edəcək, xəstəxanada yatmağa ehtiyac yoxdur. İki-üç gün yola verdilər, bununla da iş bitdi. Verdikləri saxta sənədi, İcra Hakimiyyətində olanda, əlimdən alıb cırdılar. Daha düşünmədilər ki, əlli dənə sürət çıxarmışam. Mənə indiyə kimi saxta yolla verdikləri obyektlərin şəkillərini çəkmişəm”.

Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb.

Göyçay Rayonu Prokurorluğundan bildiridilər ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Seymur Azadov

Seymur Azadov

Mənbə: Meydan Tv

Təmir sexi

Təmir sexi

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uz0bka

Ən çox baxılan