İnsanlıq səlahiyyəti

O kimsəsizlər təkcə qonşularınmı ümidinə qalmalıdır?

Source:
Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli


O kimsəsizlər təkcə qonşularınmı ümidinə qalmalıdır?

Kürdəmir sakini Esmira Əzizova ilə bağlı Meydan TV-də gedən yazını həyəcansız oxumaq olmur. İşsiz-gücsüz olan qadın yarıuçuq evdə tək yaşayır, kimsəsi yoxdur, ancaq qonşuların insafına və ümidinə qalır. Deyəcəksiniz, ölkədə belələri çoxdur, bilirəm, bundan betər gündə olanlar da var. Ara-sıra sosial şəbəkələrdə, saytlarda bu imkansız adamlarla bağlı yazılar gedir, xeyirxah şəxslər yardım kampaniyası aparır. Bunlar hamısı gözəldir, yardımlaşmaq, başqasının dərdini, kədərini bölüşmək çox yaxşıdır.

Maraqlı məqam nədir? Belə kampaniyaları, adətən, paytaxtdakı yardımsevər adamlar aparır, onlardan biri də qəhrəmanımızın adaşı, jurnalist dostumuz Esmira Cavadovadır. Başqa yardımsevərlər kimi, o da bu işinin reklamını xoşlamır. Sağ əl və sol əl məsəlinin fəlsəfəsini bilənlərdəndir. Bununla işimiz yox. Bəs regionlarda niyə bu ənənə geniş yayılmayıb? Razıyam, regionlarda əhalinin həyat səviyyəsi aşağıdır, çoxu öz çulunu sudan güclə çıxarır. Ancaq dolanışığı yaxşı olanlar da az deyil. Bəzilərinin dolanışığı o qədər yaxşı olur ki, başqa istəkləri də yaranır. Bu istəklərin ən populyarı Məkkəyə getməkdir. Hər il Azərbaycandan Həcc ziyarətinə gedənlər ancaq Bakıda yaşamır ki… Regionlarda da Hacı olmaq arzusuyla yaşayanlar, ziyarət üçün pul toplayanlar, “Rusiyətdəki” oğlundan, qohumundan buna görə pul istəyənlər də var. Onlar Hacı olmağın qaydalarını dəqiq öyrənəndən sonra səfərə çıxırlar, yəni ziyarətə hazır gedirlər. Unudurlar ki, o ziyarətin başlıca şərtlərindən biri xeyirxahlıqdır, başqalarına, imkansızlara, kasıblara əl tutmaqdır.

Bununla bağlı hədislərdə də deyilir: “Qonşusu ac olanın ziyarəti qəbul olunmaz”, “Qonşusu ac ikən özü tox yatan müsəlman deyil”. Bu hədislərin olub-olmadığını bilmirəm, ancaq bu sözlərdə həqiqət var. Adamları xeyirxahlığa səsləyən çağırış var. Kimlər üçünsə ibrət dərsi var. Dərs alırıqmı? Kürdəmirdə nə qədər Hacı olduğundan xəbərim yoxdur, güman edirəm, Azərbaycanda geniş təbliğ olunan, hər il 3-5 min adamın ziyarətə getdiyi Məkkəyə yolu düşənlər arasında kürdəmirlilər də var…

Həmin adamların yaşadığı, yas yerlərində başa çəkildiyi rayonda, görəsən, neçə belə kimsəsiz və çox imkansız olan var? Bir kənddə nə qədər bu durumda olan adam yaşayır? Bir kənd bir, ya bir neçə belə kimsəsizinin zəruri ehtiyaclarını ödəmək gücündə olmazmı? Dövlətlə aydındır, hadıkimilərin səlahiyyət yiyəsi, söz sahibi olduğu yerdən kömək ummağa dəyməz. Bəs özümüzə nə gəlib, ətrafımızdakılara niyə diqqət ayırmırıq, niyə o imkansızları görmək, onlara əl uzatmaq istəmirik? O kimsəsizlər təkcə qonşularınmı ümidinə qalmalıdır?

Esmira Əzizova ilə bağlı Xırdapay kəndinin icra nümayəndəsi İlyas Qədirov Meydan TV-nin sualına cavabında bu qadını tanımadığını, heç vaxt onlara müraciət etmədiyini deyib. Sonra da əlavə edib: “Bizə kömək üçün müraciət etdiyini xatırlamıram. Etsə belə, biz ona nə kömək edə bilərik ki? Belə bir səlahiyyətimiz yoxdur”.

Bax, belələrinin səlahiyyət yiyəsi olduğu ölkədə yaşayırıq. Adamın məsul olduğu ərazidə yaşayanlardan xəbəri yoxdur. Bəs necə olur, yuxarıdan müxalifətçi ovu göstərişi gələn kimi icra nümayəndələri onların özləri ilə yanaşı, bütün yaxınlarının, qohumlarının ünvanını nişan verir, ancaq kimsəsizdən xəbər tutmur? Axı vəzifə borcu həm də kimsəsizlə, yardıma ehtiyacı olanla maraqlanmaq, probleminin həlli üçün yuxarılara xəbər çatdırmaqdır. Kiməsə yardım etmək üçün adama səlahiyyətmi gərəkmiş? İnsanlıq bütün səlahiyyətlərin önündə gəlmirmi, hörmətli icra nümayəndəsi?

Türk seriallarından birində çox ibrətamiz epizod var. Müdafiə naziri zabiti çağırıb niyə ingilis hərbçisinə salam vermədiyini soruşur. Zabit isə ingilis hərbçisinin rütbəcə ondan kiçik olduğu üçün birinci onun hərbi salam verməli olduğunu deyir. Nazir ingilislərin müharibədə qalib olduqlarını deyir və problem yaratmamaq üçün zabitə ondan üzr istəməsini məsləhət bilir. Zabitsə boynunda ölən əsgərlərinin, səngər yoldaşlarının haqqının olduğunu deyib ingilisdən üzr istəməyəcəyini bildirir. Nazir əmr verdikdəsə paqonlarını qoparıb masanın üstünə qoyur, artıq hərbçi olmadığını, bu səbəbdən onun əmrini yerinə yetirməyəcəyini deyib otaqdan çıxır.

İnsanlıq naminə səlahiyyətimizdən keçmək bu qədərmi çətindir? Bu sual şəhid valideynlərini dövlət idarələrinin qabağında süründürənlərə də aiddir.

Hərdən heç olmasa evdə rahat kreslolarınıza yayxanıb filmlərə baxın; ətrafınızdakı film kimi həyatı görmək bu qədər çətindirsə…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcəİnsanlıq səlahiyyəti