İmkansızlıqdan böyrəklərini satan adamlar məhkəmədə nələr danışır?

“Alimenti, kirayə pulunu ödəyə bilmirdim, ona görə satdım…”



Alimenti, kirayə pulunu ödəyə bilmirdim, ona görə satdım…”

Azərbaycanda onlarla insan maddi imkansızlıq üzündən böyrəyini satıb. Bu fakt hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan bir cinayət işi araşdırılarkən ortaya çıxıb. Cinayət işində təqsirləndirilən şəxs qismində Tbilisidəki “Lanset” klinikasının azərbaycanlı rəhbəri, hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlıdan tutmuş, İran vətəndaşı olan həkim-transplantoloq, Bakıdakı müxtəlif klinikaların tez-tez Azərbaycana dəvət etdiyi Tahiri Mahmudi Mohsenə qədər bir çoxunun adı keçir. Amma bu gün məhkəmə qarşısında müttəhimlər kürsüsündə bir nəfər var – taksi sürücüsü Vahib Xudadatov. O, insan orqanlarının alqı-satqısı, transplantasiyasına məcbur etmə, insan alveri, dələduzluq kimi əməllərdə ittiham olunur.

Ağdam sakini olan 62 yaşlı V.Xudadatov özünü təqsirli bilmir. Məhkəmədə də bildirib ki, o, sadəcə, imkansızlıqdan böyərini satmaq istəyənlərlə donor tapmaq istəyən xəstə yaxınları arasında vasitəçilik edib. Buna görə transplantasiya əməliyyatı başa çatandan sonra ona hər iki tərəf 200-500, bəzən 1000-1200 manat pul veriblər. O da böyrəyini satmaq istəyən adamlarla buna ehtiyacı olanları görüşdürüb, sonra müayinə üçün İrana aparıb, orada Mohsen Tahiri hər iki orqanizmi müayinə edib köçürmənin mümkünlüyü barədə rəy verəndən sonra gedib Gürcüstanda “Lanset” klinikasında bu əməliyyatı həyata keçiriblər. Cərrahiyyə əməliyyatını Mohsen Tahiri özü gəlib edib. 2016-cı ilin martın əvvəlində Fərman Ceyranlının həbsi və klinikanın bağlanmasından sonra əməliyyatlar Tacikistanda Transplantasiya Mərkəzində həyata keçirilib.

Təqsirləndirilən V.Xudatovun sözlərinə görə, resipientlər (böyrək köçürülən tərəf) yol xərclərini də qarşılayıblar. Donora əvvəlcədən öz aralarında razılaşdığı məbləğ ödənilib. Bu da 9 mindən 15 minə qədər olub. İranlı həkimin xidmət haqqı 10 min dollar, əməliyyat keçirilən klinikanın qiyməti isə 8 min dollar olub.

İttihamda böyrək alveri, insanların bu prosesə cəlb olunmasıyla bağlı dəstənin rəhbəri kimi iranlı həkim göstərilib.

V.Xudatov bildirib ki, heç bir donor məcburi şəkildə cəlb olunmayıb. Onların əksəriyyəti internetdə imkansızlıqdan böyrəklərini satması barədə elan verən adamlar olub. Xəstələrin yaxınlarıyla da görüşüb, qiyməti özləri razılaşdırıblar. Təqsirləndirilən şəxsin sözlərinə görə, donor olmuş şəxslərin hamısının pulları ödənilib, onların aldadılması barədə ittihamda yazılanlar doğru deyil.

Donora ehtiyacı olan xəstələri necə tapmasına gəlincə, V.Xudadatov bildirib ki, onun qızı Gülər də 2007-ci ildən böyrək xəstəsi olub. Dializ Mərkəzinə uzun illər gedib-gəldiklərinə görə oradan bir çoxunu tanıyırdı.

V.Xudadatov 2015-ci ildə qızı üçün donor tapmaq və əməliyyat üçün maddi yardım toplamaq məqsədilə “Azad Azərbaycan” telekanalında (ATV) verilişə çıxıb. Tamaşaçıların köməyilə 24 min manat pul yığılıb, Beyləqandan Elman Ağayev onunla əlaqə saxlayaraq, 10 min manata böyrəyini onun qızına verməyə razılaşıb. Onlar birlikdə İrana gedib, orada “Xomeyni xəstəxanası”nda Mohsen Tahiri tərəfindən müayinə olunublar. Amma İranda xarici vətəndaşlara orqan köçürməsi qadağan olduğundan həkim ona gedib Gürcüstanda müvafiq klinika tapmağı məsləhət görüb. O da gedib Gürcüstanda Fərman Ceyranlının rəhbərlik etdiyi “Lanset” klinikasında onunla görüşüb. Razılaşmadan sonra orada transplantasiya əməliyyatı həyata keçirilib. Əməliyyatı da Mohsen Tahiri keçirib. Həkimə 10 min dollar, klinikaya da 8 min dollar ödənilib.

V.Xudadatov bu işin yolunu öyrənəndən sonra donor və resipientləri tapıb, onlar arasında vasitəçilik etməklə pul qazanmağa başlayıb.

Bu cinayət işində 27 nəfər böyrəyini satmış adamdan bəhs olunur. Onlar zərərçəkmiş qismində tanınıb.

Zərəçəkənlərdən Rüstəm Yamaqujin məhkəmədə deyib ki, imkansızlıqdan böyrəyini satıb: “Rəngsaz işləyirəm, Biləcəridə kirayə qalırdım. Birja” qəzetində körpə uşağa qan lazım olduğunu oxuyub, o nömrəyə zəng elədim. Biləcəridə “Ağ saray”ın yanında görüş təyin etdik. Sahib (təqsirləndirilən Vahib Xudadatov adamlara özünü Sahib kimi təqdim edib) özünü uşağın dayısı kimi təqdim elədi, dedi ki, sabah görüşüb xəstəxanaya gedək. Günorta 9-cu mikrorayonda kafedə görüşdük, Əli də ordaydı. Əli sonradan mən böyrəyimi verdiyim qızın atasıydı. Onda mən də yoldaşımla getmişdim. Sahib dedi ki, uşağa donor tapılıb, bu adamın qızına böyrək lazımdı. Kişi çox pis vəziyyətdə idi. Bir az duruxdum, onda vəziyyətim də pis idi. Kiyarə pulunu, alimenti ödəyə bilmirdim. 9 min manata razılaşdım. Sonra qan analizi üçün “Respublikanski”yə getdik. Hərbi biletim yox idi, 200 manat verdilər, onu əvəz eləyən sənəd aldım. Bir günə 170 manata pasport düzəltdilər. İrana getdik, orada analizlər verildi, müayinə edildik. “Hə” cavabından sonra Gürcüstana getdik. Yoldaşım da mənimlə getmişdi. Əvvəldən Əli 3 min manat vermişdi. Onun 100 manatını Sahibə vermişdim. Əməliyyatdan sonra 6 min də verdi. Ondan da 1000 manat Sahibə verdim. Amma sonra evdəkilər məsələni biləndən sonra qayınatam zəng eləyib Sahibdən o pulu aldı. Dedi ki, verməsən, səndən şikayət edəcəyik. Sahib söz vermişdi ki, mənim üçün əlilliyə görə pensiya düzəltməyə kömək edəcək. Eləmədi. Amma pulumu almışam, o baxımdan şikayətim yoxdur”.

Təqsirləndirilən V.Xudadatov isə bildirib ki, bu zərərçəkən özü “Facebook”da böyrəyini satması barədə elan vermişdi. Oradan telefon nömrəsini tapıb, onunla əlaqə saxlayıb, daha sonra böyrək transplantasiyasına ehtiyacı olan Hasilənin atasıyla onları görüşdürüb.

Zərərçəkmiş Ramin Həmidov da ifadəsində böyrəyini ehtiyac üzündən satdığını söyləyib: “İki övladım var, imkansızlıqdan, öz istəyimlə satmaq istəmişəm”.

O bildirib ki, böyrəyinin köçürüldüyü xəstənin yaxınları ona 11 min manat pul ödəyib.

Məhkəmə prosesi aprelin 12-də davam edəcək.

Ana səhifəXəbərlərİmkansızlıqdan böyrəklərini satan adamlar məhkəmədə nələr danışır?