İmişlidə aldadılmış müştərilər lombard sahibini axtarır

Vətəndaşların deməsinə görə, hər gün lombardın qarşısına toplaşsalar da, bu, hüquq-mühafizə orqanlarını maraqlandırmır

Source: Meydan Tv


Vətəndaşların deməsinə görə, hər gün lombardın qarşısına toplaşsalar da, bu, hüquq-mühafizə orqanlarını maraqlandırmır

“Bu oğlan 1 milyondan çox pulu götürüb, aradan çıxıb. Arasında şəhid, əlil ailələrindən də olan yüzlərlə insan hər dəfə toplaşır bu qapısı qıfıllı lombardın qarşısına. Bir məmur, bir polis gəlib demir ki, dərdiniz nədir, bura niyə toplaşmısız…”

İmişli sakinlərinin iddiasına görə, rayonda Yaqub Əliyev adlı lombard sahibi yüzlərlə insanı aldadıb. Sakinlər deyir, bu adamın mənimsədiyi pulun məbləği 1 milyon manat civarındadır.


Borclar ödənilsə də, girov əşyalar qaytarılmayıb

Oruclu kənd sakini 1-ci qrup Qarabağ əlili Ehtiram Şükürov Meydan TV-yə danışır ki, 2020-ci ilin əvvəlində müalicə olunmaq üçün ailəsinə məxsus qızılları girov qoymaqla lombarddan 1200 manat götürüb. İki aydan sonra borcu qaytarsa da, qızıllarını geri ala bilməyib:

“Dedi, bir həftəyə qızılları gəl apar. O bir həftə – bu bir həftə, ildən çoxdur ki, o, atlı olub, mən piyada… Aylardır ki, yüzlərlə adam toplaşır lombardın qarşısına, bir məmur, bir polis yaxınlaşıb soruşmur ki, burda niyə dayanmısız”.


“900 nəfər lombard sahibini axtarır”

Rasim Rüstəmov adlı vətəndaş da şikayətçidir. O deyir, 2019-cu ilin sentyabrında lombarda qızıl girov qoyaraq 5700 manat götürüb, pulu lombarda qaytarsa da, qızıllar geri verilməyib.

“1500 nəfərdən çox adam qızıl qoyub, 900 nəfərdən çox adamın qızıllarını götürüb, lombardın qapısını qıfıllayıb, qaçıb Bakıya…”

Sakinlərin çoxu lombarddan pulu əsasən müalicə, əməliyyat və əkin işləri üçün götürdüklərini deyir.


“Məhkəmə qərarı icra olunmur”

Rayon sakini Asim Musayev də lombard sahibini gündüzlər çıraqla axtaranlardan biridir. Deyir, ötən ilin əvvəlində girov müqabilində lombarddan götürdüyü pulu qısa vaxtda geri qaytarsa da, girov kimi ondan götürülən qızıllar hələ də özünə qaytarılmayıb:

“Hepatitdən müalicə üçün təcili pula egtiyacım vardı, həyat yoldaşımın qızıl boyunbağısını, üzüyünü girov qoyub 205 manat götürdüm. Pulu geri qaytaranda dedi, 1 həftədən sonra gəl, götür. O vaxtdan düşdüm arxasıyca, vermədi qızılları… Hər dəfə də deyirdi, guya bu işi böyük bir şirkət görür, o, sadəcə, həmin şirkətin İmişlidə açdığı lombardın müdiridir, yəni bu məsələlər onluq deyil, guya başının üstündə kimsə böyük adam var, o da həmin adamdan asılıdır. Gərək o adam qızılları ona verə ki, o da bizə qaytara… Ancaq sonralar anladım ki, danışdığı nağıllar sadəcə, aradan çıxmağa vaxt qazanmaq üçün idi. Çünki yüzlərlə adamı aldatmışdı“.

Anar Musayev İmişli Rayon Məhkəməsində Əliyev Yaqub Allahverdi oğluna qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılması” iddiası qaldırıb. Dəymiş maddi və mənəvi zərərə görə lombard sahibindən 2000 manat təzminat tələb edib. Məhkəmə iddianı təmin edib. Ancaq Anar Musayev məhkəmə qətnaməsinin icra olunmadığını bildirir:

“Qalmışam rayonun icra şöbəsinin yolunda… Deməli, vaxtında polisə müraciət etdim, polis dedi, mənlik deyil, get, məhkəməyə müraciət elə, mən də getdim məhkəməyə ərizə verdim, məhkəmə sağ olsun ki, ərizəmi qəbul edib, iddiama baxıb, təmin etdi. Ancaq bir qətnamə icra olunmayacaqdı, əlimdə qalacaqdısa, o qətnamənin çıxmasından nə fayda? Aylarla o məhkəməyə gedib gəlməyə, o sübutu gətir, bu sübutu apar etməyə nə ehtiyac vardı?”

İmişli Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, bu məsələ ilə bağlı müraciət edən vətəndaşların ərizələri araşdırılıb. Vətəndaşlarla lombard sahibi arasındakı mübahisə mülki xarakterli olduğuna görə onların məhkəməyə müraciət etmələri tövsiyə olunub.

İmişli rayon İcra və probasiya şöbəsindən isə bildirilib ki, cavabdeh tərəf qətmanəni icra etməsə, lazımi hüquqi addımlar atılacaq.

IMG_6144.JPG
Sənəd
IMG_6145.JPG
Sənəd
Ana səhifəBölgəİmişlidə aldadılmış müştərilər lombard sahibini axtarır