Kəndlərə giriş-çıxış bağlanır, polis rejimi yaradılır, insanlar blokadada saxlanılır…
Azərbaycanda uzun illərdir ki, şəhərin mərkəzindəki izdihamlı aksiyalarla yanaşı, yerlərdə keçirilən lokal etirazlar da hakimiyyətin sərt reaksiyası ilə üzləşir. Xüsusən də, bölgə və kəndlərdə vətəndaşların sosial etirazları polis dəyənəyi ilə susdurulur, repressiyalar tətbiq olunur, insanların sərbəst hərəkətləri məhdudlaşdırılır. Bu, zaman-zaman həm ata, həm də oğul Əliyevin hakimiyyəti dönəmində müşahidə olunub.
Buna Birinci və İkinci Nardaran, Bənənyar, Nehrəm, Gəncə, Söyüdlü və son günlərdə baş verən İmişli hadisələri nümunə göstərilə bilər. Ona görə də ilk olaraq adıçəkilən hadisələrin qısa xronikasına nəzər salaq:
I Nardaran hadisələri
2002-cü il mayın 7-də və iyunun 3-də “Birinci Nardaran hadisələri” zamanı Heydər Əliyev kəndi uzun müddət blokadada saxladı.
İnsanlar Konstitusiyaya zidd çağırışlar etməkdə, dinc sakinləri meydana səsləməkdə, hakimiyyət nümayəndələrinə zor göstərməkdə və kütləvi iğtişaşlar törətməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb olundular.
Mayın 7-dəki hadisələrlə bağlı 18 nəfər şəxs məhkəməyə verildi. Məhkəməyə verilmiş şəxslərdən üç nəfər – Seyfulla Əlizadə, Həmid Yaxşıbəyov və Ağasəlim Yaxşıbəyov məhkəmə iclaslarına gəlmədiklərinə görə, barələrində axtarış elan edildi və cinayət işi açıldı, 15 nəfər isə məhkəməyə çıxarıldı.
Bundan başqa, 3 iyun hadisələrinə görə kütləvi ixtişaşların törədilməsində təqsirləndirilən 13 nəfər şəxs barəsində axtarış elan edildi. Ümumilkdə isə 16 nəfərin tutulması ilə bağlı tədbirlər nəticə verməmişdi.
Axtarışda olan şəxslərin tutulması məqsədi ilə 2003-ci il fevralın 5-nə keçən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları Nardaranda əməliyyat keçirərək axtarışda olan Həmid Yaxşıbəyovu həbs etmişdilər. Qəsəbənin Asəf Zeynallı küçəsində çadıra toplaşan yaşlı adamlara qarşı zor tətbiq edilmişdi.
Naxçıvanın Aşurası: Ölkədə və dünyada əks-səda doğuran Bənənyar hadisələri…
Azərbaycanda və dünyada böyük əks-səda doğurmuş Bənənyar hadisələri 2009-cu il dekabrın 27-də – İlham Əliyevin hakimiyyəti dövründə baş vermişdi.
Naxçıvanın Culfa rayonunun Bənənyar kəndinin bir qrup sakini polis tərəfindən zorakılığa məruz qalmışdı. İnsident isə polisin sakinlərin Aşura mərasiminə müdaxilə edərək iştirakçılardan bəzilərini saxlaması nəticəsində yaranmışdı.
Kənd sakinlərindən Yunis Əliyev bu hadisəyə etiraz edərək özünü Polis İdarəsinin qarşısında yandırmışdı.
Bu hadisə kənd sakinlərinin Polis şöbəsinin qarşısında etiraz aksiyası keçirməsinə səbəb olmuş və Bənənyara Daxili Qoşun hissələri yeridilmişdi.
2010-cu il yanvarın 5-də sakinlərin bir neçə gün davam edən etiraz aksiyası zorakılıqla dağıdılmış, həbs və repressiyalar həyata keçirilmişdi.
Hadisə nəticəsində saxlanılan Bənənyar sakini Rza Nuriyev bir neçə gün sonra vəfat etmişdi.
Bənəniyarda baş verənlər beynəlxalq aləmdə də əks-səda doğurmuşdu. Hətta ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin əməkdaşları məsələni araşdırmaq üçün Naxçıvana səfər etmişdilər.
Bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları da polisin Bənəniyar kəndinə hücumunu və davranışını pisləyən kəskin bəyanatlar yaymışdılar. Amma hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikasının rəsmiləri bu xəbərləri təkzib edib, polislə vətəndaşlar arasında hər hansı insidentin baş vermədiyini deyirdilər.
O zaman da kəndə giriş-çıxış bağlanmış, jurnalist və vətəndaş cəmiyyəti təmsilçilərinin kəndə daxil olmasına məhdudiyyətlər qoyulmuşdu.
Nehrəmdə su aksiyası və həbslər: etirazlar nəticə vermişdi…
2011-ci il iyulun 27-də Naxçıvanın Nehrəm kəndindəki hadisələr də bu xronikanın davamı idi.
Su problemi ilə bağlı aksiya keçirən sakinlər zorakılıqla üzləşmişdilər.
Bu aksiyanın iştirakçısı olan AXCP Naxçıvan şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və qardaşı Zeynal Bağırsoy döyülərək həbs olunmuşdu.
Bağırsoy qardaşlarının həbsi əhalinin yenidən toplaşmasına səbəb olmuşdu.
Sakinlər iyulun 27-də və 28-də Polis İdarəsinin qarşısında toplaşıb qardaşlara azadlıq tələb etmişdilər.
Nehrəmlilər tələbləri yerinə yetirilməsə, iyulun 29-dan mitinqlərə başlayacaqlarını da elan etmişdilər. Amma bu dəfə etirazlar nəticəsini vermiş, Bağırsoy qardaşları iyulun 29-da azad edilmişdi.
Nehrəmdə baş verən hadisələrdə Prezident Administrasiyasının o vaxtkı şöbə müdiri Süleyman İsmayılov və onun Mübariz adlı qardaşı oğlunun adı hallanırdı.
Bildirilirdi ki, Mübariz adlı şəxs Yaşar Bağırsoy Bakıda olarkən ona hücum edib və təxribata çəkmək istəyib.
Həmin dövrdə mərhum istiqlalçı deputat İbrahim İbrahimli Naxçıvanı “Azərbaycanın Quantanamosu” adlandırmışdı…
II Nardaran hadisələri: qətllər, ağlasızmaz işgəncələr və hələ də nəzarətdə saxlanılan kənd…
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran kəndində əməliyyat keçirdi.
“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və tərəfdarları saxlanıldı.
Kənddə giriş-çıxış bağlandı, tədbirlər, kütləvi toplaşma azadlığı qadağan olundu, kəndin mərkəzindəki İmam Hüseyn meydanı isə ləğv edildi.
Saxlanılanlar Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olundu.
Nardaran hadisələri ilə bağlı özünün “Facebook” səhifəsində yazdığı statuslara görə AXCP sədrinin müavini F.Qəhrəmanlı da dekabrın 8-də həbs edildi.
O, CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 (milli, irqi, sosial və ya dini nifrətin, düşmənçiliyin salınması) və 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə) maddələri ilə günahlandırılırdı.
Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfər həlak oldu.
Həmin gün T.Bağırzadə və onun 14 tərəfdarı həbs edildi. Hadisə zamanı Taleh Bağırzadənin yaxın dostu Abbas Hüseyn də yaralandı.
2017-ci ildə Taleh Bağırzadə 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum edildi.
Bundan başqa, C.Cabbarov, R.Cəbrayılov, R.Yarıyev, Ş.Abduləliyev, Z.Mustafayev, C.Babakişizadə, A.Quliyev, İ.Xudaverdiyev, E.İsmayılov, B.Quliyev, Ə.Nuriyev, Ə.Vəliyev, F.Balayev, A.Tağıyev məhkum edildi.
Fuad Qəhrəmanlı sonralar azadlığa buraxılsa da, Taleh Bağırzadə, Abbas Hüseyn və digərləri hələ də həbsdədirlər.
Gəncə hadisələri: naməlum mitinq və iki polisin müəmmalı ölümü…
2018- ci ilin iyul ayının 10-da Gəncədə Yunis Səfərov adlı vətəndaş icra başçısı Elmar Vəliyevə atəş açıb yaralamışdı.
Bundan sonra Yunis Səfərov saxlanılaraq işgəncələrə məruz qalmışdı. Onun qan içində və ölümcül döyülməsi ilə bağlı fotolar sosial mediada yayılmışdı. Həmin fotoların yayılmasından sonra naməlum şəxslər tərəfindən 10 iyulda Gəncədə icra hakimiyyətinin önünə “Yunis Səfərova azadlıq” adı ilə şübhəli mitinq təyin olundu.
Aksiyada iki polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirildi.
Bundan sonra hakimiyyət onlarla adamı həbs etdi, bir neçə məhkəmə prosesi zamanı 70-dən çox adam mühakimə olundu.
Axtarışda olan bir neçə nəfər Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar nəticəsində öldürüldü.
Hazırda “Gəncə məhbusları” işi üzrə məhkum həyatı yaşayan şəxslər var.
Söyüdlü hadisəsi…
2023-cü il iyunun 20-dən Gədəbəyin Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başladı.
Onlar Söyüdlüdəki qızıl zavodun quyularında sianidin olduğunu və bu zəhərli maddənin süni yaradılan gölə axıdıldığını, bunun isə əhali üçün təhlükəli olduğunu deyirdilər.
Bu aksiyada iştirak edən sakinlərə qarşı zorakılıq tətbiq edildi, 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanıldı.
Saxlanılanlar arasında hətta narkotik ittihamı verilən də olub. İyunun 22-dən isə Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildiriblər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər. Söyüdlü sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edirdilər.
Hakimiyyət hadisəyə təxribat donu geyindirib, yerli mediada bununla bağlı eyni məzmunlu materiallar dərc edərək hadisəni işıqlandıran müstəqil medianı hədəfə aldı.
İqtisadçı Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb və iyulun 4-də isə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) şübhəli şəxs qismində saxlanıldı.
Ona qarşı hədə-qorxu ilə pul tələb etmə ittihamı verilsə də, sabiq deputat Söyüdlü hadisələrinə görə həbs edildiyini açıqladı.
2024-cü il sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi Nazim Bəydəmirlini 8 il azadlıqdan məhrum etdi.
Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edildi.
İnternetsiz, polis nəzarətində saxlanılan İmişli…
Yanvarın 18-də İmişlidə ağır-yol nəqliyyat hadisəsi baş verib.
Dövlət Yol Polisinin avtomobili qəza törədib və dərsdən evə gedən məktəbliləri vurub.
3 uşağın ölümü, daha birinin yaralanması ilə nəticələnən qəza yerli sakinlərin etirazına səbəb olub, polis maşını sakinlər tərəfindən aşırılıb.
Daha sonta sakinlər İmişli Rayon Polis İdarəsinin qarşısına yürüş ediblər.
Polis etiraza çıxan insanlara qarşı zorakılıq edib.
Yanvarın 18-də saxlanılanların sayı 100 nəfərə yaxın olsa da, onların əksəriyyəti sonradan azad edilib.
Saxlanılanlardan 14 nəfər barəsində cinayət işi başlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.
Onların barəsində İmişli Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib və istintaq təcridxanasına göndəriliblər.
İmişlidəki etirazlara görə cinayət məsuliyyətinə cəlb olunan 14 nəfərin kimliyi də açıqlanıb: Bəylər Bayramlı, Rasif Babayev, Anar Cabbarlı, Vüqar Usublu, Şamil Səfərov, Elman İbrahimov, Abbas Bağırov, Taleh Məmmədov, Raqib Tağıyev, Qoşqar Məmmədov, Sənan Əliyev, Elxan Əzimov, Ruslan Quliyev, Rahib Rzayev.
Saxlanılan şəxslərdən daha 7-8 nəfərinə isə xırda xuliqanlıq və polisə tabesizlik ittihamı ilə inzibati həbs verilib.
Meydan TV onlardan bir neçəsinin kimliyini öyrənib: Səmədov Amil Samir oğlu, Pənahzadə Elvin Mübariz oğlu, Rüstəmov Səlim Nəsir oğlu, Əhmədli Orxan Əhməd oğlu, Mirzəmmədov Elşad Adəm oğlu, Əsədov Elçin Qəşəm oğlu.
Çoxu 20-25 yaşlı gənclərdir. Bəzilərinə 15 sutka, bəzilərinə də 1 ay inzibati həbs cəzası kəsilib.
Hazırda İmişli kəndinə Daxili Qoşunlar yerdilib, giriş-çıxışa qadağa qoyulub, bir neçə gündür ki, kənd həm də internet blokadasında saxlanılır.
Hakimiyyət rəsmiləri nə deyir?
Milli Məclisin İnsan Hüquqları komitəsinin yaz sessiyasına hazırlıq çərçivəsində keçirilən iclasında deputatlar son günlər baş verən qəza ilə bağlı fikirlərini bölüşüblər.
Komitə sədri və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc bildirib ki, 2024-cü il yanvarın 18-də İmişlidə baş verən yol nəqliyyat hadisəsi qəzadır, qəsd deyil.
O, bu hadisə ilə bağlı dezinformasiyaların məqsədli yayıldığını deməklə yanaşı, kənar qüvvələrin də izinin olduğunu bildirib:

“İmişli insidentini daim gündəmdə saxlayan, onun sosial-psixoloji effektini sönməyə qoymayan, süni intellekt və dezinformasiya vasitələri ilə 20 yanvar və digər tarix günlərinin faciə yaddaşını onunla sinxronlaşdıran qüvvələr “enerjinin itməməsi qanunu”na əsaslanaraq,“İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və s. protest enerjisini toplamaq üçün fəaliyyətlərini davam etdirirlər”.
Bəs hakimiyyət niyə etirazları amansızlıqla yatırır, kəndlərdə polis rejimi qurur?
AXCP sədrinin müavini Seymur Həzi Meydan TV-yə deyir ki, günahkarların cəzasız qalması, günahsızların isə cəzalandırılması avtoritar rejimlərin mahiyyətindən doğur.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti də uzun illərdir ki, bu siyasəti davam etdirir.
O, problemin kökünü daha əvvəllərə, həmçinin Bənəniyar hadisələrinə qədər aparır.

Seymur Həzi deyir ki, onda da hakimiyyət günahkarları cəzalandırmadı:
“Azərbaycanda bölgələrə, əhalinin üstünə xüsusi qoşun yeridilməsi ənənəsi Bənəniyar hadisələrindən başlayıb. Nardaran, Söyüdlü kimi hadisələrin hər biri də müxtəlif motivlidir. Məsələn, son İmişli olayları tamam təsadüfən baş vermiş qəzadan qaynaqlanırdı. Amma bu hadisələrin heç birində hökumət günahkar məmuru cəzalandırmayıb. Əksinə etiraçıları cəzalandırıb“.
“Bəs hakimiyyət niyə günahkarları cəzalandırmır?” – sualına Seymur Həzi belə cavab verib:
“Fikrimcə, burada başlıca səbəb bütün avtoritar rejimlərə xas olan “xalq elə bilər onun qarşısından çəkildik” düşüncəsidir. Avtoritar rejimin idarəçiləri xalqı sıxmaq mümkün olduqca sıxından sonra, əzib yox etməyə çalışırlar. Məhz bu ölçünü qaçırdıqları üçün də əks-təzyiq püskürür və hakimiyyətin sonu gəlir, idarəetmə süqut edir“.