“İlham Əliyevin səfirlə o şəkildə danışması populizmdən başqa bir şey deyil”

“Bu, doğru addımdır, amma Əliyevin mövqeyi səmimi deyil”.

Source: Specify Source


Prezident Yunanıstan səfiri ilə görüşdə münasibətləri tənqid edib

“Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizə rəsmi səfər etmişəm, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, Baş nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən

səsləndirib

.

Dövlət başçısı bildirib ki, hazırda iki ölkənin faktiki olaraq aktiv təmasları, nümayəndə heyətlərinin mübadiləsi yoxdur:

“Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”.


“Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”

İlham Əliyev iki dövlətin əməkdaşlığına mənfi təsir göstərən bir neçə məsələnin olduğunu xatırladıb:

“Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq Baş naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Beləliklə, 6 il əvvəl açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində – 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Ancaq ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq. Sadəcə olaraq, dedik yaxşı, əgər onlar bizi istəmirlərsə, əgər başqa şirkətlərin “DESFA”nın səhmdarları olmasına üstünlük verirlərsə, bu, onların hüququdur, biz bununla bağlı heç nə edə bilmərik”.


“Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi”

İlham Əliyev bu məsələni bir neçə dəfə Brüsseldə Avropa İttifaqının iki sabiq lideri ilə – cənab Barrozu və Tuskla qaldırdığını xatırladıb:

“Mən dedim ki, baxın, biz etimaddan danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa İttifaqının fəal şəkildə təbliğ etdiyi yeni saziş barədə danışırıq. Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə “yox” deyin, bizə “sizi istəmirik” deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil. Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib”.


“Sadəcə, sizə demirəm, məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki…”

Ölkə başçısı səfirə Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığını da deyib:

“Ermənistan ərazilərimizi işğal edib. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir”.

İlham Əliyev Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionundakı gərginliyə də toxunub:

“Sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanıb. Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.

Səfir Nikolaos Piperiqkos Azərbaycan Prezidentinə iki dövlət münasibətləri haqda qeydlərini hökumətinə çatdıracağını bildirib:

“Hökumətimizin bütün sektorlarla bağlı məşğul olası çoxlu məsələləri var. Bu hökumətin əhəmiyyətli dərəcədə əhatəsi var. Hesab edirəm ki, Yunanıstanla Azərbaycanı birləşdirən daha çox şeylər var. Məsələn, beynəlxalq hüquqa hörmət. Biz həmişə beynəlxalq hüquqa tamamilə riayət edərək Azərbaycanla münasibətlərimizə zərər vurmamağa diqqət yetiririk və tərəfinizdən bunun Sizin üçün mümkün olduğu qədər qarşılığını görmək istərdik. Lakin düşünürəm ki, yeni hökumətimizə Sizin hökumətinizlə münasibətlərimizi yaxşılaşdırmağa imkan tapmaq üçün vaxt verildiyini nəzərə alaraq əməkdaşlığımızın gələcəyi daha yaxşı ola bilər”.


“SOCAR bu prosesdə maddi itkiyə məruz qalmasa da, 4 il zaman itirdi”

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban ölkə başçısının səfir Piperiqkosa Yunanıstanın qaz şirkəti “DESFA” haqqında iradlarını haqlı sayır. İham Şaban xatırladıb ki, Avropa qanunları ilə keçirilən tenderin qalibi SOCAR olmuşdu. Həm də SOCAR Yunanıstan hökumətinin müvafiq icazəsindən sonra tenderə qatılmışdı:

İlham Şaban
İlham Şaban

“Yəni SOCAR bütün prosedurlardan keçmişdi. O zaman Brüssel qorxurdu ki, Rusiyanın “Qazprom” şirkəti və ona bağlı olan qurumları Yunanstanın qaz paylayıcı və qaz nəqletmə sisteminə sahib çıxa bilər. Sadalananlara baxmayaraq, Avropa Komissiyası SOCAR-ın qalibiyyətini blokladı və bloklanma üstüörtülü şəkildə oldu. Prezident özü də səfirə bu məqamı xatırladır. O zamana qədər Avropa Enerji Komissiyası tərəfindən bu cür bəyanat olmamışdı. Hələ prezident Barrozu və Tuskla açıq danışdığını da xatırlatdı. Məsələnin qeyri-rəsmi tərəfi o idi ki, Avropa Komissiyası 2010-cu ildən sonra Yunanıstana kifayət qədər böyük kreditlər verir, kreditlərin sonrakı illərdə qaytarılması üçün Afina dövlət aktivlərini özəlləşdirməlidir. Amma Azərbaycan tərəfi depozitə 100 milyon avro qoysa da, məsələ uzandı, sonra vədlərini yerinə yetirmədilər”.

İlham Şabanın sözlərinə görə, SOCAR bu prosesdə maddi itkiyə məruz qalmasa da, 4 il zaman itirdi:

“Bu illəri başqa aktivlərin alınmasına istifadə edə bilərdik. Sadəcə, Avropa Komissiyası Bakıya ümid versə də, gerçəkləşdirmədi. Təəssüf ki, Avropa Birliyinin birinci hərəkəti deyildi. Azərbaycan qazı “Şahdəniz-2” layihəsi üzrə ilkin qrafikə görə 2014-cü ilin IV rübündə Avropaya nəql olunmalıydı, əgər “Nabucco” layihəsi baş tutsaydı. Brüssel ixrac boru kəmərini həyata keçirib, qazımızı alacağını vəd etsə də, yerinə yetirmədi. 2013-cü ilin dekabrında “Şahdəniz-2” layihəsi ilə bağlı sənəd imzalananda Avropa Komissiyası söz verdi ki, 2018-ci ildə Azərbaycan qazını öz sərhədlərində alacaq, sonradan 2019-cu ilə keçirildi, ancaq yenə almadılar. İndi bu il də baş tutacağı bilinmir. Bunları ona görə xatırlatdım ki, Avropa ilə əlaqələr o qədər sadə deyil”.


“Əliyevin səfirlə o şəkildə danışması populizmdən başqa bir şey deyil”

Məsələnin siyasi tərəfinə gəldikdə, politoloq Azər Qasımlı hesab edir ki, İlham Əliyevin səfir Nikolaos Piperiqkosla o şəkildə danışması populizmdən başqa bir şey deyil. İkinci, bu cür ritorika Azərbaycanın milli maraqlarına heç bir şəkildə uyğun gəlmir. Əliyevin o cür xarici siyasəti diplomatiyanın əlifbasına tam ziddir.

Azər Qasımlının sözlərinə görə, İlham Əliyevin xarici siyasətlə bağlı belə açıq danışması ilk deyil:

“Hələ yeni hakimiyyətə gəldiyi illərdə İlham Əliyev bildirmişdi ki, BMT Baş katibi Kofi Annanın hazırladığı barış planı keçməsə, Bakı Kıprıs Cümhuriyyətinin müstəqilliyini tanıyacaq. Amma plan keçmədi və Əliyev də bəyanatını gerçəkləşdirmədi. Əslində, həmin açıqlama ciddi səhv idi. Onsuz da “Annan planı”nın uğursuz olacağını ciddi analtiklər əvvəlcədən deyirdi, elə də oldu, ancaq İlham Əliyev vədini yerinə yetirmədi. Qarşılığında nə baş verdi, Azərbaycanın Yunanıstanla münasibətləri korlandı. Belə olanda, biz Yunanıstanın Ermənistana yardımını xatırladanda yanlış ritorikaları unutmamalıyıq. YAP hakimiyyəti Elçibəy iqtidarını İrana və Rusiyaya qarşı açıq tənqiddə ittiham edir. Baş nazirin müavini Əli Əhmədov xarici siyasətin soyuqqanlılıq və diqqət tələb etdiyini bildirir. İndi sual yaranır; Əliyev nə üçün soyuqqanlı və diqqətli deyil? Anlamır ki, Bakı Kıprısı dövlət kimi tanısa, rəsmi Afina da Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər?!”

Azer-Qasimli.jpg
Azər Qasımlı


“Bu, doğru addımdır, amma Əliyevin mövqeyi səmimi deyil”

Azər Qasımlı hesab edir ki, hər zaman Qərblə Rusiya arasında balans siyasətini yürüdən İlham Əliyev indi də balansı Türkiyə ilə Rusiya arasında saxlamağa çalışır. Bu, doğru addımdır, amma Əliyevin mövqeyi səmimi deyil:

“Ən əsası bizim Türkiyə ilə münasibətlərimiz Rusiya daxil başqa ölkələrlə əlaqələrimizə xələl gətirməməlidir. Bu baxımdan istisna olunmur ki, İlham Əliyev Moskvayla irəlidə anlaşandan sonra Rusiya mərkəzli siyasətə qayıdacaq. İkinci, Azərbaycanın Türkiyə və Rusiyayla münasibətləri başqa ölkələrlə təmaslarına xələl gətirməməlidir”.

Azər Qasımlının qənaətincə, Əliyev hakimiyyəti indiki mərhələdə Rusiya-Qərb arasında seçimdə ikinciyə üstünlük versə, ölkə daxilində müəyyən demokratik dəyişikliklərə getməli olacağını bilir:

“Görünən odur ki, Türkiyəyə doğru meyillənməsinin əsas səbəbi Rusiya tərəfindən öz hakimiyyətinə qarşı təhdidin olduğunu hiss etməsidir”.

Ana səhifəSiyasət“İlham Əliyevin səfirlə o şəkildə danışması populizmdən başqa bir şey deyil”