İlham Əliyevin ailəsinə aid şirkət İmarət stadionunun tikintisini həyata keçirəcək

Kollaj: Meydan TV – Foto: Azərtac

Tikintinin birinci mərhələsi üçün 60,5 milyon vəsait ayrılıb

Rəsmi məlumata görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərində “İmarət” adlı stadion inşa ediləcək

Bu stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb. UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulan stadionun 11 min 700 nəfər tamaşaçı tutumuna malik olacağı gözlənilr.

Buna görə də Gənclər və İdman Nazirliyi “PMD Project” MMC adlı şirkətlə satınalma müqaviləsi imzalayıb.

Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb. “Bir mənbədən” satınalma metodu rəqabət olmadan birbaşa bir şirkətlə müqavilə bağlanması deməkdir, belə halda detallar ictimaiyyətə açıqlanmır.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, “PMD Project” MMC nazirliyin sifarişi əsasında İmarət stadionunun tikinti işlərinin birinci mərhələsini həyata keçirəcək və qarşılığında 60 milyon 506 min 659 manat 56 qəpik alacaq.

“PMD Project” MMC (VÖEN – 1404255921) 13 iyun 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 milyon manat olan MMC Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Topçubaşev Nəriman Fikrət oğludur.

Bəs bu şirkət kimə məxsusdur?

“PMD Project” MMC 2018-ci ildə tikinti şirkəti kimi daşınmaz əmlak maqnatı olan “PMD Group” şirkətinin tərkibində təsis edilib, yəni törəmə şirkətidir. 

Həm “PMD Project” şirkətinin, həm də “PMD Group”-un qeydiyyat ünvanı Neftçilər prospekti, ev 153-dür. Bu ünvan isə məşhur “Pasha Holdinq”in baş ofisi – “Port Baku Towers” binasında yerləşir.

Nəticə budur ki, şirkət “PMD Group”un çətiri altında fəaliyyət göstərir. Araşdırmaçı jurnalistlər müəyyən ediblər ki, hər iki şirkət də Əliyevin qızlarına məxsus olan “Pasha Holding”in törəmə şirkətləridir.

Ana səhifəAraşdırmaİlham Əliyevin ailəsinə aid şirkət İmarət stadionunun tikintisini həyata keçirəcək