İlham Əliyev: Rusiya ilə həllini tələb edən hansısa məsələmiz yoxdur

“Rusiyanın hazırkı geosiyasi vəziyyəti, yanaşması qonşuları, müttəfiqləri üçün problemdir”

Source:


“Rusiyanın hazırkı geosiyasi vəziyyəti, yanaşması qonşuları, müttəfiqləri üçün problemdir”

“Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə münasibətlərimizin ikitərəfli gündəliyinə baxdıq. Həllini tələb edən heç bir məsələnin olmadığını aşkar etdik. Biz, sadəcə, əldə olunan nailiyyətləri – həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur”.

Prezidenti İlham Əliyevin sözləridir. APA

yazır

ki, o, bu açıqlamanı Azərbaycan Rusiya Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edərkən deyib.

Rusiya və Azərbaycan mehriban qonşudur

Prezident bütün məsələlərin çox uğurla həll edildiyini söyləyib:

“Əlbəttə, bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər. Xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir”.

Sülhəddin Əkbər

Rusiya Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə mane olur

Prezident İlham Əliyevin açıqlamasını Meydan TV-yə şərh edən siyasi icmalçı Sülhəddin Əkbər isə düşünür ki, Azərbaycanla Rusiya arasında həllini tələb edən məsələlər çoxdur:

“İlk növbədə, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi var. İndi bunu Ermənistan-Azərbaycan münaqişəsi adlandırırlar. Hökumət rəsmiləri Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi deyə bildirirlər. Amma əslində Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Bu məsələ Azərbaycan üçün həyati problemdir. Söhbət ərazi bütövlüyü, müstəqillik və konstitusion quruluşa təhlükədən gedir. Problemin həll olunmamasının da arxasında Rusiya dayanır. Başqa bir problem Xəzərin hüquqi status həllini tapmamasıdır. Xəzərdə Rusiyanın hərbi fəallığının artması, Rusiyada yaşayan azərbaycanlılar vasitəsilə rəsmi Bakıya təzyiq göstərilməsi problemləri də var. Rusiyanın Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə mane olması, “beşinci kalon” vasitəsilə daxili işlərimizə müdaxiləsi də vacib problemlərdəndir”.

Qarabağ probleminin həlli Rusiya prezidenti Putindən asılıdır

Sülhəddin Əkbər İlham Əliyevin açıqlamasının müsbət tərəfinin olduğunu da deyir:

“Bu, o deməkdir ki, ən azı indiki mərhələdə Azərbaycanı Avrasiya Birliyinə, Gömrük İttifaqına, yaxud başqa hərbi layihələrə qoşmaq gündəmdə deyil”.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov isə hesab edir ki, siyasi liderlər bir sıra hallarda mövcud siyasi konyukturadan çıxış edərək müxtəlif bəyanatlar verirlər:

“Bu bəyanatların gerçəkliyi nə qədər əks etdirməsi məsələsi var. Noyabrın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qarabağ probleminin həlli Rusiya prezidenti Putindən asılıdır. Əgər münaqişə 20 ildir həll olunmursa və bu 17 il hakimiyyətdə olan Putindən asılıdırsa, bu, Azərbaycan və Rusiya münasibətlərində problem sayılmırmı? Əlbəttə, problemdir”.

Rauf Mirqədirov foto sosial şəbəkə
Rauf Mirqədirov foto sosial şəbəkə

Rusiyanın özü problemdir

Rauf Mirqədirov başqa bir problemin isə Xəzəryanı dövlətlərin enerji daşıyıcılarının dünya bazarına çıxarılması üçün boru kəmərlərinin marşrutunun müəyyənləşdirilməsi olduğunu deyir:

“Məgər, bu, problem deyilmi? Suallarım ritorikdir və cavabları da məlumdur. Problemlər nöqteyi-nəzərindən yanaşanda Rusiyanın özü problemdir. Rusiyanın hazırkı geosiyasi vəziyyəti, yanaşması qonşuları, müttəfiqləri üçün problemdir. Azərbaycan bu və ya digər məsələlərə görə Rusiya ilə münasibətlərdə olmağa məcburdur. Bəli, qonşu ilə normal münasibətlər yaxşıdır, amma qonşu da qonşu ola gərək”.

Həlli mümkün olmayan məsələlər müzakirə edilmir

R.Mirqədirov Qərbin Rusiyaya qarşı sanksiyalarını xatırladaraq deyir ki, bu sanksiyalar müəyyən hallarda şimal qonşu ilə münasibətdə olan başqa dövlətlərə də mənfi təsir göstərir. Ümumiyyətlə, Azərbaycan üçün Qərb-Rusiya münaqişəsində öz yerini seçmək, mövqeyini müəyyənləşdirmək problem yaradır:

“Görünür, həlli mümkün olmayan məsələlər kənara qoyulur, müzakirəyə çıxarılmır və bu halda deməli, problem yoxdur”.

Ana səhifəXəbərlərİlham Əliyev: Rusiya ilə həllini tələb edən hansısa məsələmiz yoxdur