Elmira Axundova “Vətənə xidmətə görə” ordeni aldı

Elmira Axundova. Foto: “eco.gov.az”

Prezident keçmiş səfiri mükafatlandırdı

Mayın 23-də Ukraynadakı səfir vəzifəsindən geri çağrılan Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev mayın 25-də sərəncam imzalayıb.

Elmira Axundova 2020-ci ildən Azərbaycanın Ukraynada səfiri, eyni zamanda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrində çalışırdı.

O, mayın 24-də mediaya açıqlamasında dövlət başçısının onun səfir vəzifəsindən geri çağırılması ilə bağlı sərəncamını anlayışla qarşıladığını bildirmişdi.

Keçmiş səfir onu ruspərəstlikdə qınayanların iddialarını da təkzib etmişdi.

Filologiya elmləri namizədi Elmira Axundova Milli Məclisin III (2005), IV (2010) və V çağırışlarında (2015) deputat olub.

O, 1953-cü ildə Moskva vilayətinin Ramensk rayonunda doğulub.

Bakı Xoreoqrafiya Məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı Texniki Məktəbində stenoqrafiya ixtisasına yiyələnib.

Daha sonra ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Elmira Axundova deputat olmazdan əvvəl “Azadlıq” radiosunda çalışıb.

Deputat olduğu dövrlərdə adı müxtəlif qalmaqallarda hallanıb.

2017-ci ilin iyununda E.Axundovanın oğlu Həbib Axundova məxsus yaxtada model Günel Mirzəyeva müəmmalı şəkildə dənizdə boğulub .

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Üç gün ərzində fasiləsiz aparılan axtarışlardan sonra G.Mirzəyevanın meyiti sudan tapılaraq ailəsinə verilib.

Eyni zamanda, sabiq deputatın adı 2018-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluqla bağlı cinayət işində adı hallanır.

İyulun 12-də məhkəmədə ifadə verən Fərman Məmmədov bildirib ki, Elnur İbrahimovu deputatın oğlu Həbib Axundovun vasitəsilə tanıyıb, pulu da deputat oğluna verib.

2018-ci ilin avqustunda Binəqədi Rayon Məhkəməsində deputatın oğlu Həbib Axundovun 10 min manat təzminat ödəməsi barədə qərar çıxarılıb.

Ana səhifəXəbərlərElmira Axundova “Vətənə xidmətə görə” ordeni aldı