İlham Əliyev: Dövlət şirkətlərinin idarəetməsi büdcənin “sağılması” üçün istifadə olunur

“Bu, hərbi baza anlamına gəlmir”

Source: Specify Source


"Azərbaycanda dövlət şirkətlərinin idarəetməsi axsayır, müasir tələblərə cavab vermir"

“Köçkünlər sülhməramlı missiyasının tərkibində olan bölgələrə qayıtmalıdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq”.

Bunu Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Xocalı sakinlərinin ermənilərlə birgə yaşamaq istəyib-istəməməsi ilə bağlı suala cavab verərkən deyib.


“Ermənilərin orada rus dilini rəsmi dil elan etməsi, cinayətkar xunta rejiminin son cəhdlərdir”

Dövlət başçısı Dağlıq Qarabağda rus dilinin rəsmi dil elan olunması barədə suala belə cavab verib: “Qarabağda rəsmi dil məsələsi manipulyasiya növüdür. Mən ermənilərə suaxili dilini rəsmi dil elan etməyi təklif edirəm. Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq rus dilini rəsmi dil elan ediblər. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Düşünürəm ki, ermənilərin orada rus dilini rəsmi dil elan etməsi, onların cinayətkar xunta rejiminin son cəhdlərdir. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Digər bir dilin rəsmi statusu ola bilməz. Biz digər dilləri qadağan etmirik. Hazırda bizdə 240-a yaxın rus dilli məktəb var, indi sovet dövründən daha çox rus dilli sayt və qəzetlər fəaliyyət göstərir”.


“Onlar hərbi əsir deyil, terrorçulardır, diversantlardır”

Əsirlərin dəyişdirilməsinə gəlincə, Əliyev bildirib ki, döyüş əməliyyatları dayandırıldıqdan sonra noyabrın 20-si tarixləri ətrafında Ermənistanın Gümrü şəhəri ərazisindən 60 nəfərdən çox diversiya qrupu Qarabağa göndərilmişdi: “Hansı ki biz hələ də başa düşə bilmirik ki, Laçın dəhlizi ərazisi vasitəsilə Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə necə keçiblər? Bildiyiniz kimi, 10 noyabrdan sonra Rusiya Federasiyasının sülhməramlı missiyası məsuliyyət zonası xəritəsini dərc etmişdi, bölüşmüşdü. O xəritə daim saytdadır, yenilənir. Döyüş əməliyyatları bitdikdən sonra biz aşkarladıq ki, erməni silahlı birləşmələri bəzi ərazilərdə qalmaqdadır. Bizə əvvəl elə məlumat verdilər ki, onlar sadəcə, yollarını azıblar, mühasirədən çıxa bilməyiblər. Müəyyən müddət sülhməramlı missiya ilə birgə Azərbaycan hərbçiləri bunların azmış əsgərlər olduğunu düşünərək, onlara kömək etməyə cəhd göstərdilər, onları geri qaytarılması üzrə işlər apardılar. Amma sonra biz aşkarladıq ki, bunlar diversiya qrupudur və orada həm hərbçilərə, həm də dinc əhaliyə, vətəndaşlara hücumlar edirlər. Nəticədə bizim hərbçilərimiz arasında 4 nəfər şəhid oldu və dinc əhali arasında da 1 nəfər həlak oldu. Bu, mobil operatorun nümayəndəsi idi. Hansı ki Şuşa şəhərinə gedirdi və mühasirəyə düşdü, bir neçə nəfər yaralandı. Təbii ki, biz əks-terror əməliyyatı keçirdik və nəticədə bir neçə terrorçu məhv edildi, 60-dan çox terrorçu bizim tərəfimizdən tutuldu. Onları indi hərbi əsir adlandırırlar, biz düşünürük ki, bu, məsələnin təhrifidir. Çünki müharibə bitəndən 20 gün sonra hərbi əsir yarana bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Biz onları bizə qaytarılan əsirlərdən əvvəl hətta qaytarmışdıq. Bu insanlar isə hərbi əsir deyil, bunlar terrorçulardır, diversantlardır. Ermənistan və digər ölkələr tərəfindən istənilən spekulyasiyalar yersizdir”.


“Ermənistanda son olanlara şərh bildirmək istəmirəm”

İlham Əliyev fevralın 25-də Yerevanda baş verən hadisələri “Ermənistanın daxili işi” adlandırıb: ”Biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm”.

“Hər hansı revanş və qisas addımı Azərbaycan tərəfindən ciddi cəzalandırılacaq”

Prezident Azərbaycanın heç vaxt müharibə tərəfdarı olmadığını söyləyib: “Biz davamlı sülhə nail olmaq istəyirik. Bunun üçün düşmənçilik səhifəsini çevirmək yeganə yoldur. 10 noyabr bəyanatına nəzər salmaq kifayətdir. Bəyanata uyğun olaraq, erməni qoşunları ərazini tərk etmək öhdəliyi götürən kimi biz müharibəni dayandırdıq. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Biz dərk etdik ki, Ermənistan hökuməti heç 1 santimetr torpağı da geri qaytarmaq niyyətində deyil. İyul və avqust aylarında düşmən tərəfindən törədilən təxribatlar müharibəni qaçılmaz etdi”.

1614340005874441078_1000x669.jpg
İlham Əliyev

Onun fikrincə, davamlı sülhə yalnız 10 noyabr bəyanataına riayət edilməklə nail olmaq mümkündür: “Mən bəyanata uyğun olaraq, öz sözümə əməl etdim. Hamı yaxşı bilir ki, müharibə davam etsəydi, nəticələr Ermənisan üçün daha acınacaqlı olacaqdı. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı sülh olsun. Ermənistan siyasi dairələri anlamalıdır ki, hər hansı revanş və qisas addımı Azərbaycan tərəfindən ciddi cəzalandırılacaq. Biz hansısa təhlükə görsək, dərhal buna adekvat cavab verəcəyik”.


“Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir”

İlham Əliyev İran İslam Respublikasının “Mehr” agentliyinin jurnalistinə irad bildirib.

Bu, iranlı jurnalistin II Qarabağ Müharibəsində terrorçu qrupların regionda olması barədə sualı zamanı olub.

Dövlət başçısı juranlistə sual edib ki, siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz, hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir?

Jurnalist: “Müxtəlif ölkələrin xəbər agentlikləri bu barədə yazırdılar. İcazənizlə onların adını sadalamayım”, – deyə cavab verib.

Prezident isə bildirib ki, sualınız ittiham formasındadır: “Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edilməlidir. Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız”.

Jurnalistin "ikinci sualıma cavaba keçək" replikasına İlham Əliyev belə cavab verib: “Mən hesab edirəm ki, siz özünüz birinci sualınıza cavab verdiniz. Elə hesabatlar, məlumatlar yoxdur ki, müharibə zamanı hər hansı terrorçu qrup iştirak edib. Bunlar uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir. Bizim ordumuz torpaqlarımızı işğaldan azad edib”.

Bundan sonra jurnalist sualına düzəliş edərək, yanlış anlaşıldığını dedi: “Mən ümumiyyətlə bölgədə İŞİD kimi terrorçu birləşmələrin təhlükəsilə bağlı soruşurdum”.


“Bu yaxınlarda “Ağıllı kənd” layihəsi gerçəkləşməyə başlayıb”

Dövlət başçısı işğaldan azad olunan ərazilərə qayıdış haqda konkret vaxt deməyib: “Mən hansısa tarix vermək istəməzdim, halbuki mənim ağlımda müəyyən tarxilər var. Tarix verib insanları həyəcanlandırmaq istəmirəm. Amma əmin olun ki, mərhələli şəkildə, maksimum qısa vaxt ərzində insanlarımız öz torpaqlarına qayıdacaqlar”.

İlham Əliyev böyük şəhərlərin baş planlarının tərtib edildiyini də vurğulayıb: “Məsələn, Ağdam şəhəri. Müharibədən əvvəl Ağdamda haradasa 40 minə yaxın insan yaşayıb. İndi əhali artıq artıb, 50 mindən çox. Biz indi 50 min, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq. Biz bu şəhərin baş planını, infrastrukturunu inşa etməliyik, ondan sonra binalar inşa edilməlidir. O cümədən məktəblər, xəstəxanalar tikilməlidir. İndi minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “Ağıllı kənd” layihəsi gerçəkləşməyə başlanıb. Zəngilan rayonunun üç kəndi – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni orada 1000-ə yaxın insan yerləşəcək, lazımı infrastruktur inşa ediləcək, əkin sahələri olacaq və insanlar ora qayıda biləcəklər. Belə pilot layihələr çox ola bilər, biz indi onun üzərində işləyirik”.

16143356682281525504_1000x669.jpg
Mətbuat konfransı


“Kimsə statusla bağlı məsələni qaldırırsa, sülhə yox, münaqişəyə daha çox xidmət göstərir”

O, Dağlıq Qarabağın statusu barədə fikirlərə də münasibət bildirib: “Status haqqında demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan bunu həll edib”.

İlham Əliyevin qənaətincə, 30 il davam edən danışıqlar heç bir nəticə verməyib: “Minsk Qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfra bərabər oldu. Ermənistan Baş nazirinin yersiz bəyanatları onların fəaliyyətlərini də iflic etmişdi. Faktiki olaraq, son iki il ərzində danışıqlar aparılmırdı. Azərbaycan bu problemi təkbaşına həll etdi. O ki qaldı statusa, mən bunu demişəm və yerini də göstərmişəm, bunu hər kəs bilir. Ermənistan bu məsələni nə qədər az dilə gətirərsə, daha yaxşı olar. Bir daha demək istəyirəm ki, Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Baxmayaraq ki, onun bir hissəsində erməni əhalisi yaşayır. Biz buna etiraz etmirik”.

Prezident əlavə edib ki, kimsə statusla bağlı məsələni qaldırırsa, sülhə yox, münaqişəyə daha çox xidmət göstərir: “Mən hər zaman deyirəm ki, bizim erməni xalqı ilə işimiz yoxdur, Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə bizim əsirlərlə rəftarımız da bunu göstərdi. Qarabağda müharibə zamanı erməni əsgərləri iki yaşlı insanı qoyub qaçmışdı. Onları xəstəxanaya yerləşdirdik. Ermənistanla əlaqə saxlayıb sərhəddə qaytarmaq istədik. Onlar qadını qəbul etdilər, amma kişini yox. Dedilər o, xəstədir, kimsəsi yoxdur və onu qəbul etmədilər. Qırımızı Xaç Komitəsi də buna şahiddir. Həmin vətəndaşı xəstəxanaya yerləşdirdik, amma bir müddət sonra bütün səylərə baxmayaraq, həmin şəxs vəfat etdi”.


“Əgər 5 ildən sonra Azərbaycan bu məsələdə fərqli fikir sərgiləsə…”

İlham Əliyevin sözlərinə görə, Rusiya sülhməramlıları missiyalarını müvəffəqiyyətlə icra edirlər: “Xarici əsgərlərin Azərbaycanda fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər və hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən müəyyən problemlər üzə çıxır. Amma ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti 5 il müddətinə nəzərdə tutulur. Əgər 5 ildən sonra Azərbaycan bu məsələdə fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son qoyulacaq. Eyni zamanda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə keçməsi də çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli faktordur. Bəzən dünyada eləcə də Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”.


“Belə davam edə bilməz”

Prezident Azərbaycanda dövlət şirkətlərinin idarəetməsi axsayır, müasir tələblərə cavab vermədiyini deyib: “Bu idarəetmə büdcədən pulların “sağılması” üçün istifadə olunur. Belə davam edə bilməz”.

Onun bunun qarşısını almaq üçün dövlət şirkətlərində idarəetmə sisteminin təkmilləşdirilməsi üçün İnvestisiya Holdinqinin yaradıldığını söyləyib: “Dövlət şirkətləri dövlətin boynunda olan böyük yükdür. SOCAR da bu yaxınlara qədər qazlaşdırmaya görə dotasiya alırdı. Belə ola bilməz”.

İ. Əliyev qeyd edib ki, bu şirkətlərin əksəriyyəti səmərəsizdir: “Rəhbərliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşməsi baxımından kim yeni qaydalarla dürüst, şəffaf işləmək istəməsə məsuliyyətə cəlb olunacaq”.

İlham Əliyev əlavə edib ki, bu il dövlət şirkətlərinin özəlləşdirilməsi olmayacaq.

Ana səhifəSiyasətİlham Əliyev: Dövlət şirkətlərinin idarəetməsi büdcənin “sağılması” üçün istifadə olunur