Hotelin aid olduğu şirkət Əliyevin qızlarına məxsus “Pasha Holding”in törəmə şirkətidir
Prezident İlham Əliyev Ağdam şəhərində öz ailəsinə məxsus şirkətə aid ikinci hotelin açılışını edib.
Belə ki, dekabrın 23-də İlham Əliyev “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib.
Ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blok, 287 yer, ümumilikdə 127 otaq mövcuddur. Burada restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb.
Qlobal Hilton brend ailəsinin bir hissəsi olan bu layihə, “TABIA Group”-un regionlarda həyata keçirdiyi strateji investisiya xəttinin davamı olmaqla, “Ağdam City Hotel”dən sonra Ağdamda istifadəyə verilən ikinci hotel layihəsidir.
Əvvəlki adı “PMD Hospitality“ olan “TABIA Group” 2016-cı ildə yaradılmışdır. 2023-cü ildə isə ad dəyişikliyinə gedib. 123 milyon manatlıq kapitalı olan şirkət hotel idarəçiliyi xidmətləri, istirahət mərkəzləri, sağlamlıq kompleksləri xidmətləri təqdim edir.
Şirkətin portfelində bir neçə 5 ulduzlu otel və bir neçə istirahət mərkəzləri var:
Chenot Palace Gabala, Gashaltı Health Hotel, Chinar Hotel & SPA, Garabagh Resort & SPA, Galaalti Hotel & SPA, Lankaran Springs Wellness Resort, The Excelsior Hotel & Spa Baku, Ramada Plaza by Wyndham Gence, Goy Gol Lake Resort, Badamdar Hotel & Residences, The Central Point Hotel, Aghdam City Hotel, lüks kurort (Shamakhi Palace Sharadil) və Paulaner Bräuhaus Azərbaycan (franchise pivə zavodu).
“PMD Hospitality“ MMC isə “PMD Group” şirkətinin törəmə şirkətidir.
Kənd təsərrüfatı, emal, tikinti, inşaat, otelçilik və bank işi ilə məşğul olan “PMD Group” şirkəti “Pasha Holding”in törəmə şirkəti hesab olunur.
“Pasha Holdinq” şirkətlər qrupu özünün üç törəmə şirkəti (“Absheron Hotel Group” MMC, “TABIA Group” və “PMD Group” MMC) vasitəsilə Azərbaycanda, Türkiyədə, Gürcüstanda 30-a yaxın lüks hotellər, istirahət mərkəzləri, kurort villalarının mülkiyyətçisi və idarəedicisidir. Şirkətlərin hər üçü də Neftçilər prospekti, ev 153 ünvanında qeydiyyatdadır. Burada “Pasha Holdinq”in baş ofisi – “Port Baku Towers” yerləşir.
Nəticə budur ki, İlham Əliyevin Ağdamda açılışını etdiyi ikinci hotel “TABIA Group” şirkətinə məxsusdur. “TABIA Group” MMC isə Prezidentin ailəsinə aid “PMD Group”un çətiri altında fəaliyyət göstərir. Hər iki şirkət də Əliyevin qızlarına məxsus olan “Pasha Holding”in törəmə şirkətləridir.