Silah satışının kəskin artması bölgədə yeni eskalasiya ehtimalını da gücləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
Müsahibədə bir çox mətləblərə toxunulub, o cümlədən Ermənistanın silahlanması iddiaları və ölkə başçısının təhdidləri öz əksini tapıb.
Əliyevin çıxışından qısa sitatlar: “Ermənistanda gedən silahlanma prosesi yeni təhdid amilidir. Biz müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Dövlət büdcəmizin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək… Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq… Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Onlar gərək bizi əsəbləşdirməsinlər…”
İlham Əliyevin dediklərini nəzərə alaraq Azərbaycanın son illərdə silahlanma ilə əlaqədar hansı addımları atdığını araşdırmağa çalışmışıq.
İsrail: Azərbaycanı silahla təmin edən başlıca ölkə
Bu ilin dövlət büdcəsindən ən çox vəsaitin ayrıldığı sahə müdafiə və milli təhlükəsizlik xərcləridir. Belə ki, bu sahəyə ayrılan xərclər 18% artırılaraq, 8,4 milyarda çatdırılıb.
Heç kimə sirr deyil ki, İsrail son 25 ildə Azərbaycanla strateji müttəfiqlik edir və rəsmi Bakıya milyardlarla dollar dəyərində silah satıb.
Bunun müqabilində Azərbaycan İsraili Türkiyə üzərindən neftlə təmin edir və əlbəttə, İrana qarşı da çıxış imkanı yaradır.
Azərbaycan İsrailin neftə olan tələbatının təxminən 40 faizini təchiz edir.
İsrail Azərbaycan neftini Türkiyənin Ceyhan terminalı vasitəsilə hələ 1990-cı illərdən bəridir ki, alır.
Ekspertlərin təxminlərinə görə isə İsrail 2016-2020-ci illər arasında Azərbaycanın silah sənayesini 70 faiz təchiz edib.
İkinci Qarabağ müharibəsindən sonra İsrailin nüfuzlu “Haaretz” qəzeti yazırdı ki, “İsrail aviabazasından 92 uçuş Azərbaycana silah ixracının həcmini üzə çıxarıb”.
Rəsmi məlumatlarda da qeyd olunur ki, uzun illər ərzində Azərbaycan İsraildən ən qabaqcıl silah sistemləri, o cümlədən ballistik raketlər, hava hücumundan müdafiə və elektron döyüş sistemləri, kamikadze dronları və s. satın alıb və hazırda da daha qabaqcıl döyüş sistemləri, silahlar almağa davam edir.
Bəs son illərdə İsraildən hərbi məqsədli uçuşların sayı nə qədərdir?
Araşdırmalarımız onu göstərir ki, Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə məxsus yük təyyarələri dəfələrlə Eylatın şimalındakı İsrail Hərbi Hava Qüvvələrinin “Ovda” bazasından havalanaraq, İsrail üzərində uçub, Türkiyə üzərindən şimala, oradan da şərqə doğru davam edərək – Azərbaycanın paytaxtı Bakıya eniş edib.
İctimaiyyətə açıq olan aviasiya məlumatlarına əsaslanan rəqəmlər onu göstərir ki, ötən 2024-cü il ərzində İsrailin “Ovda” aviabazasından Azərbaycana hərbi məqsədli 25 uçuş həyata keçirilib.
Müqayisə üçün deyək ki, İkinci Qarabağ müharibəsi zamanı, yəni 2020-ci ildə bu uçuşların sayı 26 idi. Ümumilikdə isə son 9 il ərzində bu tip uçuşların sayı 135 dəfə olub. Siyahını təqdim edirik:
Bundan başqa Təl-Əvivdən də Azərbaycana hərbi məqsədli uçuşlar həyata keçirilib ki, bunun da sayı 4-5 civarındadır.
Bundan əlavə, ötən il Pakistan, İtaliya, Serbiya və Bolqarıstandan da “Silk Way“, “İlyuşin-76” və “Antonov-12B” təyyarələri ilə hərbi məqsədli silah tədarüklü 10-a yaxın uçuşların olduğu ictimaiyyətə açıq olan aviasiya məlumatlarında öz əksini tapır.
Məlumatlar “Flightradar24” saytına istinadən toplanılıb. Bir sözlə, ümumi götürsək, keçən il 40-dan çox yük təyyarəsi silah tədarükü məqsədi ilə Bakıya eniş edib.
Azərbaycan yeni eskalasiyaya hazırlaşır?
Siyahıdakı uçuşların miqyasına nəzər yetirdikdə Azərbaycanın yeni eskalasiyaya hazırlandığını da ehtimal etmək olar. Bu eskalasiyanın siqnalları Əliyevin çıxışlarında da müşahidə edilir.
Sülh sazişinin gecikməsi, tərəflərin müxtəlif bəhanələrlə sazişi imzalamaması, İranla münasibətlərin soyuqluğu, bölgədə geosiyasi gərginliyin artması fonunda Tramp hakimiyyətinin “ayaq səsləri” onu deməyə əsas verir ki, regionda yeni hərbi əməliyyatların olması ehtimalı istisna olunmur.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İlham Əliyevin çıxışından sonra, müharibədən bu yana ilk dəfə sosial şəbəkələrdə “İradəmiz dəmir, gücümüz qırılmazdır!” başlıqlı döyüş klipi paylaşıb.
Bunun da bir mesaj olduğu ehtimal edilir.