Demokratik Təşəbbüslər İnstitutu

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Demokratik Təşəbbüslər İnstitutu

IDI: Parlament seçkiləri standartlara uyğun keçirilməyib

Məqalə yeniləndi:  10 Fevral 2020

“Dövlət Statistika Komitəsilə Mərkəzi Seçki Komissiyasının məlumatları arasında uyğunsuzluq var”

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevral növbədənkənar parlament seçkilərinin hakim partiyanın inzibati resursları mütləq istifadə etdiyi, real siyasi qüvvələr arasında siyasi dialoqun yoxluğunun diktə etdiyi, əlverişsiz siyasi mühitdә keçirildiyi qənaətindədir.

Bu barədə IDI-nin yaydığı ilkin rəyində qeyd olunub.

Bildirilib ki, seçkilər dövründə siyasi hüquqlar və fəaliyyət azadlıqlarına ciddi məhdudlaşdırmalar, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər azalmayıb. 2013-cü ildən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilib. Həmçinin proses 100-dən çox siyasi məhbusun hələ də həbsdə saxlandığı mühit altında aparılıb.

IDI ölkə miqyasında sərbəst toplaşmaq azadlığının tam şəkildə məhdudlaşdırıldığını vurğulayıb:

“MSK seçkiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 272 yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində 2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılıb. Beləliklə, 2010-cu ildəki vəziyyətlə müqayisədə təxminən 18 dəfə imkanlar məhdudlaşdırılıb”.

IDI ATƏT DTİHB və Avropa Şurası Venesiya Komissiyasının seçki qanunvericiliyinə dair təkliflərinin qəbul edilmədiyini xatırlayaraq əlavə edib ki, seçkilərə dair Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları fərdi kompensasiyalar istisna olmaqla icra olunmayıb. Əksinə, son illər Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində bir sıra seçki hərəkətlərinin icrası çətinləşib, namizədlərin qeydiyyatı və seçkiqabağı təşviqatı üzrə ciddi məhdudiyyətlər yaranıb. Siyasi partiyalar institutsional olaraq funksionallıqdan çıxarılıb və onların sərbəst fəaliyyət göstərilməsinə hüquqi və faktiki mühit yoxdur.

Seçici siyahıları ilə bağlı Dövlət Statistika Komitəsilə Mərkəzi Seçki Komissiyasının məlumatları arasında olan 2 milyondan çox seçici sayı barədə uyğunsuzluq davam edib.

IDI bildirib ki, parlament seçkiləri dövründə namizədlərin irəli sürülməsi və qeydiyyatı dövrü qanun pozuntuları ilə müşayiət olunub. 78 seçki dairəsi üzrə seçki komissiyalarının fəaliyyətində aşkarlıq və namizədlərə münasibətdə bərabərlik prinsiplərinin pozulması, kütləvi formada namizədlikdən imtina ərizəsi yazdırılması, seçki iştirakçılarına təzyiqlər, inzibati resursların sui-istifadəsi, habelə kənar mudaxilələr baş verib. Belə vəziyyət 40 seçki dairəsində alternativsizlik mühitinin yaradılması ilə nəticələnib.

IDI seçkilərin azad, ədalətli, şəffaf və demokratik olmadığını bəyan edib:

“Seçkilərin bütün mərhələlərində, əsasən də seçkiqabağı siyasi mühit, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat dövrü üzrə ümumiləşdirmə göstərir ki, bu seçki rəaqbətsiz və real seçki kampaniyasının olmadığı şəraitdə baş verib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları, xüsusilə seçki günü səsvermə prosesi və səslərin sayılması və protokollaşması zamanı baş verənlər azad və ədalətli seçkilərin keçirilməsinə imkan verməyib. Bununla da Parlament seçkiləri Azərbaycan Respublikasının yerli qanunvericliyinə və beynəlxalq standartlara uyğun keçirilməyib”.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Fevral 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6slukv

Ən çox baxılan