“Vəkili saatlardır axtarır, ondan xəbər ala bilmir”
Noyabrın 20-də ictimai fəal Məhəmməd Kekalov evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb.
Bu barədə məlumat yayan “AbzasMedia” bildirir ki, ictimai fəalın anasını yaxınına buraxmayıblar və evdən zorakılıqla çıxarıblar. Saxlanılarkən polis heç bir məhkəmə qərarı təqdim etməyib və onun kompüteri də daxil olmaqla, şəxsi əşyaları müsadirə olunub.
Məhəmməd Kekalovun qardaşı bildirib ki, vəkili saatlardır bütün axtarışlara baxmayaraq, ondan hələ də heç bir xəbər ala bilməyib.
“AbzasMedia”nın direktoru Ülvi Həsənlidən noyabrın 20-i səhər saatlarından xəbər kəsilib. Daha sonra məlum olub ki, o, Bakı şəhər Baş Polis İdarəsindədir.
Noyabrın 20-də gün ərzində “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində axtarış aparılıb. Hələlik, onun hansı səbəblə həbs edilməsi barədə məlumat verilməyib. Vəkili Zibeydə Sadıqova Bakı Şəhər Baş Polis İdarəsinə gedib və müvəkkilinin həbsinin səbəbini araşdıracağını bildirib.
Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul “aşkarlayıblar”.
“AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofisdə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.
Ülvi Həsənlinin nə səbəblə saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.
“Abzas Media” son zamanlar daha çox araşdırma materialları ilə tanınır. Media qurumu Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.