“İcra başçısının marallarına baxırdıq, yemini alırdıq”

Alimpaşa Məmmədov 132 epizod üzrə rüşvət almaqda ittiham olunur

Şəmkirin keçmiş icra başçısı, 1 il 8 aydır həbsdə olan Alimpaşa Məmmədov hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Dekabrın 8-də onunla bağlı mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. İttihamlarla bağlı bir neçə yüz səhifəlik ittiham aktı elan olunub.

Sabiq icra başçısı ona ittiham verilən əməllərin əksəriyyətini qəbul etdiyini deyib. O, təkcə 132 epizod üzrə rüşvət almaqda ittiham olunur.

Bu məhkəmə prosesinə hakim Nural Əliyev sədrlik edir. Hakim məhkəmədə dindirmək üçün şahid çağırsa da, vaxt çatışmazlığına görə onu dindirmək mümkün olmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, istintaq dövründə Alimpaşa Məmmədovun işi üzrə DTX-da şahid kimi dindirilən şəxslərin bir hissəsi vaxtilə onun tabeliyində çalışmış şəxslər, o cümlədən müxtəlif qəsəbə və kəndlər üzrə icra nümayəndələri olub. Onlar ifadələrində deyib ki, hətta Alimpaşa Məmmədovun fermasındakı marallarına baxırdılar, onların yemini öz hesablarına alırdılar və s.

Məhkəmə prosesi dekabrın 15-də davam edəcək.

2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. Onların arasında “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, “Az Farel” MMC – balıq yetişdirmə və emalı  müəssisəsi və Bakıda mənzillər də var.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının Alimpaşa Məmmədov olub.

Ana səhifəXəbərlər“İcra başçısının marallarına baxırdıq, yemini alırdıq”