İcra başçısının güllələnməsi işinə 7 aydan sonra baxıldı

Yunis Səfərovun məhkəməsinə jurnalistlər buraxılmır

Yunis Səfərov, Foto: Meydan TV


Yunis Səfərovun məhkəməsinə jurnalistlər buraxılmır

Gəncənin keçmiş icra başçısı Elman Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi məhkəməyə göndərilib, bir dəfə hazırlıq iclası keçirilsə də, məhkəmə 7 ay idi ki, təxirə salınmışdı. Məhkəmə prosesi oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə davam etdirilib.

Məhkəmə iclasına jurnalistlər, təqsirləndirilən şəxslərin yaxınları buraxılmayıb.

Vəkillər buna etiraz edərək bildiriblər ki, bu, ictimaiyyətin diqqətində olan işdir. Jurnalistlərin iştirakına şərait yaradılmalıdır ki, onlar məhkəmədə olanları cəmiyyətə çatdıra bilsinlər.

Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bu iş üzrə təqsirləndirilənlərin sayı 12 olsa da, məhkəmə qarşısına 10 nəfər çıxarılıb. Digər iki nəfər – Anar Bağırov və Ağa Sərxani saxlanılarkən öldürülüb. Rəsmi məlumatda iddia olunur ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdiklərinə görə güllələniblər. Lakin ailə üzvləri bu barədə deyilənlərlə razılaşmır.

Anar Bağırovun bacısı, onun hüquqi varisi qismində tanınmış Aynur Bağırova da məhkəmədə deyib ki, qardaşı Binəqədidə yaşadıqları evdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansızlıqla öldürülüb.

Təqsirləndirilən şəxslər arasında elələri var ki, onların ailələrinin müqavilə bağladığı vəkillərlə yanaşı, dövlət hesabına təyin edilmiş müdafiəçiləri də var. Hakim dövlət hesabına müdafiəçiləri, o cümlədən Y.Səfərov həbs olunandan ona dövlət hesabına vəkil təyin edilmiş Elman Ağayevi prosesdən uzaqlaşdırıb.

Vəkillərin bir neçəsi müvəkkillərinin təqsirsiz olduğunu, istintaq zamanı müdafiə və başqa hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayaraq, onların barəsində cinayət işinə xitam verilməsini istəyib.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev isə müvəkkilinin ailə üzvlərilə telefon danışığı və görüş hüququnun üçüncü ildir ki, pozulduğunu bildirib və hakimdən bununla bağlı tədbir görməsini xahiş edib: “Üç ilə yaxındır ki, ailə üzvlərilə nə telefonla danışır, nə də görüşür. Penitensiar Xidmət deyir ki, biz məhdudiyyət qoymamışıq. İstintaq bitib, iş məhkəmədədir, ona görə də xahiş edirik ki, siz səlahiyyətiniz çərçivəsində tədbir görəsiniz. Anası, həyat yoldaşıyla telefon danışığına imkan verilsin. Ombudsman Aparatına, başqa aidiyyəti orqanlara müraciət olunub. Onlar da bildirirlər ki, iş məhkəmənin icraatındadır, ona görə məhkəmə qərar verməldir”.

Təqsirləndirilən Hamlet Abdullayevin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. O, hüquqlarını müdafiə etdiyi şəxsin birinci qrup əlil olduğunu qeyd edib: “Qapalı yerdə saxlanması həyatı üçün təhlükəlidir”.

Vəkil H.Abdullayevin təqsirsiz olduğunu da vurğulayıb.

Müdafiəçilər məhkəmə prosesinin audio yazısının aparılması haqda da vəsatət qaldırıblar.

Vəkil Fariz Namazlı bu işdə ağlabatan müddətin pozulduğunu deyərək, məhkəmənin məsələyə münasibət bildirməsini istəyib: “İş bu ilin əvvəlində məhkəməyə verilib, hələ də baxılmayıb. Biz anlayırıq ki, pandemiya ilə əlaqədar müəyyən dəyişikliklər oldu. Amma insanların da ağlabatan müddətdə məhkəmə qarşısına çıxarılma hüququ var”.

Təqsirləndirilən Ceyhun Salahovun vəkili onun tibbi ekspertizadan keçirilməsi haqda vəsatət qaldırıb. Bildirib ki, istintaq təcridxanasında onun tez-tez epilepsiya tutmaları olur: “Xəstəlikləri təsdiqləyən sənədləri də təqdim etmişik”.

Vəkil Cavad Cavadov jurnalistlərin məhkəmə prosesinə buraxılmamasına etiraz edərkən Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin avqust ayında keçirilən məhkəməsinin canlı yayımlanmasını yada salıb: “Abşeron Rayon Məhkəməsində gedən iclasın canlı yayımlanmasına şərait yaradıldı. İctimai əhəmiyyətli işlərdə məhkəmə özü bunda maraqlı olmalıdır”.

Hakimlər vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə iclası oktyabrın 13-nə təyin edilib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd, sui-qəsd, qanunsuz silah saxlama və s. 30-a qədər maddə ilə ittihamlar irəli sürülüb. Vəkilinin bildirdiyinə görə, Y.Səfərov özünü qismən təqsirli bilir: “Etiraf edir ki, hadisəni özü törədib. Amma cinayətin motivi ilə bağlı ittihamda yazılanlarla razılaşmır. Onun bu əməli terror, çevriliş məqsədilə törətdiyi iddia olunur. O isə bildirir ki, qisas almaq məqsədilə törədib. Qisasçılıq da şəxsən özü ilə bağlı deyil. Qarşı tərəfin əhaliyə qarşı elədiklərinin qisasını almaq istədiyini deyir”.

Ana səhifəXəbərlərİcra başçısının güllələnməsi işinə 7 aydan sonra baxıldı