İcra başçısının bacısı oğlu məhkəmə zalında həbsdən buraxıldı

“Məhkəmədə də mənə qarşı ittihamlar sübuta yetirilmədi.

Source: Meydan TV


“Xahiş edirəm, məni sifarişli həbsdən azad edib, bəraət hökmü çıxarasınız…”

Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri, rayonun baş memarı Akif Əliyev və onunla birlikdə mühakimə olunan daha 8 nəfərin məhkəməsi yekunlaşıb. Sentyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, təqsirləndirilən 9 nəfərdən 7-si şərti cəza ilə azadlığa buraxılıb. Onların arasında Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu, icra hakimiyyətində işləmiş Babək Zalıyev də var.

Təqsirləndirilən iki nəfər haqqında isə uzunmüddətli həbs hökmü çıxarılıb. Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.

Həm şərti cəza alanlar, həm də azadlıqdan məhrum edilənlər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 311 (rüşvət alma), 32.312 (rüşvət verməyə təhrik) və başqa maddələrilə təqsirli bilinib.

Akif Əliyev məhkəmədə son sözündə sifarişlə həbs olunduğunu bildirib: “Məhkəmədə də mənə qarşı ittihamlar sübuta yetirilmədi. Bir adam demədi ki, mənə pul verib. Xahiş edirəm, məni sifarişli həbsdən azad edib, bəraət hökmü çıxarasınız…”.

2020-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və bir sıra şəxslər həbs olunub. Onların arasında keçmiş bələdiyyə sədrləri də var.

İcra başçısının bacısı oğlu Babək Zalıyev istindaq dövründə də həbsdə olmayıb. O, ilk məhkəmə iclasında həbs edilmişdi.

Ana səhifəSosialİcra başçısının bacısı oğlu məhkəmə zalında həbsdən buraxıldı