Mənbə: Meydan.TV

İcra başçısının bacısı oğlu məhkəmə zalında həbsdən buraxıldı

Məqalə yeniləndi:  18 Sentyabr 2021

“Xahiş edirəm, məni sifarişli həbsdən azad edib, bəraət hökmü çıxarasınız...”

Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri, rayonun baş memarı Akif Əliyev və onunla birlikdə mühakimə olunan daha 8 nəfərin məhkəməsi yekunlaşıb. Sentyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, təqsirləndirilən 9 nəfərdən 7-si şərti cəza ilə azadlığa buraxılıb. Onların arasında Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu, icra hakimiyyətində işləmiş Babək Zalıyev də var.

Təqsirləndirilən iki nəfər haqqında isə uzunmüddətli həbs hökmü çıxarılıb. Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.

Həm şərti cəza alanlar, həm də azadlıqdan məhrum edilənlər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 311 (rüşvət alma), 32.312 (rüşvət verməyə təhrik) və başqa maddələrilə təqsirli bilinib.

Akif Əliyev məhkəmədə son sözündə sifarişlə həbs olunduğunu bildirib: “Məhkəmədə də mənə qarşı ittihamlar sübuta yetirilmədi. Bir adam demədi ki, mənə pul verib. Xahiş edirəm, məni sifarişli həbsdən azad edib, bəraət hökmü çıxarasınız...”.

2020-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və bir sıra şəxslər həbs olunub. Onların arasında keçmiş bələdiyyə sədrləri də var.

İcra başçısının bacısı oğlu Babək Zalıyev istindaq dövründə də həbsdə olmayıb. O, ilk məhkəmə iclasında həbs edilmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/drhwn9

Ən çox baxılan