Mənbə: https://suvarma.az/

“İçməli su balıq göllərinə axıdılır, özümüz isə pulla alırıq”

Neftçala sakinləri susuzluqdan gileylənir

Neftçalanın Xıllı kəndinin sakinləri içməli suya həsrət qalıb. Kənd sakinləri Meydan TV-yə danışırlar ki, Kürün suyu şorlaşandan sonra kənddə vəziyyət daha da dözülməz olub:

“İçməli su kəndlərimizə Salyanın Şorsulu kəndindən gətirilir, maşınına 45-50 manat ödəyirik, nəzərə alsaq ki, yayda suya tələbat daha çoxdur, demək ki, xərcimiz daha çox çıxır. Rayon rəhbərliyi əhalinin su təminatıyla maraqlanmır. Çünki əhalidəki problemlər onlarda yoxdur. Bircə saat susuz qalsalar, əhali nə zülm çəkir, bəlkə anlayarlar…”

“Gözləri doymur”

Sakinlər deyir, problem ondadır ki, əkin sahələrinə su veriləndə nasoslar məşğul olur deyə, içməli suyun verilişi dayandırılır. Növbə içməli su verilişinə çatanda isə onu süni balıq gölməçələrinə axıdırlar:

“Kürün suyu əkin sahələrinə axıdılır, bildiyiniz kimi, indi Xəzərin suyu Kürə axır deyə, Kür də şoranlaşıb. Bir azdan Neftçalada əkinə yararlı torpaq qalmayacaq, çünki torpaqlar sürətlə şoranlaşır, bu, başqa söhbətin mövzusudur. Ancaq bu məmurlar nasosları bütün günü öz sahələrinə su vurmaqla məşğul edir, pambıq sahələri suvarılır. Həftədə bir dəfə nasos içməli su üçün işlədilir, o su da balıq göllərinə verilir. O balıq göllərinin sahiblərinin gözləri doymur, düşünmürlər ki, əhali də susuzdur, insan su ilə qqidalanır, hər iş sudan keçir. Gedirlər lazım olan yerlərə “hörmət”ini edirlər, rüşvətini verirlər, suyu yönləndirirlər öz balıq göllərinə, əhali qalır susuz… Kimin maşını varsa, özü gedib suyu Salyanın Şorsulu kəndindən gətirir, kimin belə imkanı yoxdursa, məcburdur ki, həmin kənddən gələn su maşınından alsın suyu…”

Xıllı kəndi

Xıllı kəndi

Mənbə: Facebook, Neftçala qrupu

Su kanalı çəkilib, amma...

4-5 il əvvəl Neftçalanın Kür Qarabucaq kəndindən Mürsəqul kəndinə asma kanal vasitəsilə su çəkilib. Əhali sevinib, ancaq qısa müddətdən sonra bu sevinc hissləri də təzə kanalın suyuyla bərabər buxarlanıb:

“Kaş ki, o suyu çəkməyəydilər. Əvvəllər Salyandan Neftçalanın kəndlərinə su verilirdi. O kanal çəkiləndən sonra Salyan öz suyunu dayandırdı, dedilər, daha öz kəndlərinizin su təminatı həll olunub, gedin öz suyunuzu işlədin. O təzə kanalın suyunu isə görmədik, köhnə hamam, köhnə tas...”

Neftçala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ötən ilin noyabrından Neftçala şəhərinə yeni mənbədən keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb. Şəhərə yeni tikilmiş Şirvan-Muğan qrup su kəmərindən içməli su verilir. Rayonunun kənd və qəsəbələrinin də dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq. Qurumdan bildirilib ki, gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur.

Qurumdan bildirilib ki, son illər müşahidə olunan quraqlıq səbəbindən 2020-ci ilin yay aylarında Kür çayında su səviyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan artıq kəndinə Kür mənbəyindən içməli suyun verilməsi dayandırılıb. Yaranmış problemin həlli məqsədilə “Azərsu”, Fövqəladə Hallar Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin tədbirləri çərçivəsində əhalinin içməli suya olan tələbatı alternativ yolla ödənilib. Bu məqsədlə Salyan şəhərindən suyun daşınması üçün nəqliyyat vasitələri cəlb edilib və yaşayış məntəqələrində müvəqqəti su çənləri quraşdırılıb. Yeni kəmər istismara verildikdən sonra Neftçala şəhərinə maşınlarla suyun daşınması dayandırılıb.

Əhali isə həmin su kəmərinin içməli suya olan tələbatı ödəmədiyini bildirir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rzbcwj

Ən çox baxılan