Hüseyn Abdullayev: Əli Əsədov mənə zəng edib dedi ki…

Hakimiyyət ailəmə məxsus bütün yerləri qəsb edib, bəzilərini də yol salmaq adıyla dağıdıb”

Source:


“Hakimiyyət ailəmə məxsus bütün yerləri qəsb edib, bəzilərini də yol salmaq adıyla dağıdıb”

Keçmiş deputat Hüseyn Abdullayev saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsindən ictimaiyyətə açıq məktub ünvanlayıb. Sabiq deputat istər 2007-ci ildə, istərsə də 2018-ci ildə həbsinə gətirib çıxaran hadisələr, prezident İlham Əliyevlə münasibətlərinin korlanmasının səbəbləri, əmlakının əlindən alınması, özünə və ailəsinə qarşı təzyiqlər haqda ətraflı yazıb.

Hüseyn Abdullayev yada salır ki, 2005-ci ildə Daxili İşlər Nazirliyinin polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi, onlarla adam oğurluğu və qətllər törətmiş dəstənin ifşasından sonra nazir Ramil Usubovun parlamentdə izahat verməsini tələb etmişdi. Həmin ərəfədə parlamentdə Nazirlər Kabinetinin illik hesabatı da təqdim olunub. Həmin vaxt deputat olan Hüseyn Abdullayev bu hesabatı tənqid edib: “Hər şey 2005-2007-ci illərdə Ramil Usubovun Hacı Məmmədovun dəstəsinin törətdiyi dəhşətli cinayətlərə görə parlamentdə izahat verməsini tələb etməyimdən, eləcə də Nazirlər Kabinetinin yarıtmaz illik hesabatını tənqidimdən başladı. Millət vəkillərinin qəbul etdiyi qanunlara nəzarət üçün xüsusi nəzarət mexanizmi yaradılmasını tələb etməyim Ramiz Mehdiyev və onun himayə etdiyi məmurları çox narahat edirdi. Bu qruplaşma İlham Əliyevə absurd məruzələr çatdırdı ki, guya mənim başqa niyyətim var, hansısa qüvvələrlə birləşib parlamenti ələ keçirəcəkmişəm. Belə cəfəng şayiələrlə həbsimi təşkil etdilər…”

Baş verənlərdən sonra iqtidara münasibətinin dəyişdiyini vurğulayan Hüseyn Abdullayevin sözlərinə görə, həbsdən çıxandan sonra da təqiblərə məruz qalıb. Bu səbəbdən valideynlərilə məsləhətləşib qərara gəliblər ki, əmlaklarını satıb Avropaya köçsünlər.



Hakimiyyət ABŞ səfirliyi ilə 34 və 28 milyonluq müqavilələrə imkan vermədi”

Həmin ərəfədə ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni bina tikintisi üçün səfirlik əməkdaşları Bakıda torpaq sahəsi axtarırlarmış:

“Təxminən 2011-2012-ci illər idi. Amerika səfirliyinin əməkdaşları Bakıda həm yeni səfirlik binasının, həm də səfirlik əməkdaşlarının ailə üzvlərinin yaşayışı üçün tikinti məqsədilə böyük torpaq sahəsi axtarırdı. Təsadüfən bizə aid olan ərazini bəyəniblər. Beləliklə, müqavilə bağlandı və torpaq sahələrindən birinin 34 milyon, o birinin isə 28 milyon dollara satılması barədə müqavilələrə imza atıldı. Amerika tərəfinin bizə aid olan yerləri bəyənməsi mövcud hakimiyyəti tədirgin etmişdi. Mən daim ehtiyac içində yaşayım, əlimə pul gəlməsin deyə, mane oldular. Öz ədavətini davam etdirən və məni iqtisadi baxımdan müflis etmək istəyən iqtidar Əmlak Komitəsinin sədri Kərəm Həsənova göstəriş verərək, o dövrdə satış üçün tələb edilən Forma-1 sənədinin bizə verilməsinə əngəl oldu. Bu maneə uzun müddət davam etdi. Kərəm Həsənov şəxsən özümə dedi ki, “Hüseyn, məndən incimə, bu məsələ prezidentin nəzarətində olduğuna görə Forma-1 verə bilmirəm”. Səfirliklə bağlanmış müqavilə baş tutmadı. Hətta 2012-ci ildə Bakıya səfər edən ABŞ dövlət katibi Hillari Klinton prezident Əliyevlə görüşü zamanı bu məsələyə də toxunmuşdu, yeni səfirlik binasının tikintisi üçün həmin yerlərin uyğun olduğunu bildirmişdi. Buna baxmayaraq, onların xahişi təmin edilmədi. Bütün bu biabırçılıqları görən səfirlik əməkdaşları mənim vəziyyətimi başa düşdü və müqaviləyə verdikləri ilkin 300 min dolları geri istəməyərək, başqa yer axtarmağa məcbur oldular”.



Əli Əsədov dedi ki, prezident o yerlərdən imtina etməyimi istəyir”

Sabiq deputatın sözlərinə görə, bu hadisədən bir müddət sonra hazırkı Baş nazir, o dövrdə isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olan Əli Əsədov onunla əlaqə saxlayıb. Deyib ki, prezident ondan xəbərsiz Amerika səfirliyi ilə müqavilə bağladığına görə inciyib və bərk əsəbiləşib: “Mən isə Əli müəllimə dedim ki, bu, nə deməkdir? Biz şəxsi mülk və torpaqlarımızı satmaq üçün kimdənsə icazə almalıyıq? Narazılığımı bildirdim və xoşagəlməz söhbət yarandı. Bundan bir neçə ay sonra yenə Əli Əsədov mənə zəng edərək, daha ultimativ şəkildə dedi ki, “cənab prezident səndən həmin yerlərdən imtina etməyini istəyir”. Etiraz edib dedim ki, biz hansı dövrdə yaşayırıq, dövlət reket tərzində öz vətəndaşından şəxsi, alın təri ilə qazanıb aldığı mülklərdən imtina etməsini tələb edir? Bəlkə də həyatımda ilk dəfə idi ki, o cür həyəcanlanıb, dərin depressiyaya düşmüşdüm”.



Hakimiyyət mənə məxsus əmlakları qəsb etdi”

Hüseyn Abdullayev deyir ki, bu söhbətdən sonra ölkədə qalmağın onun üçün təhlükəli olduğunu qətiləşdirib və təcili Azərbaycanı tərk edib. Sosial şəbəkələrdə yayılan “Susma” mahnısı da elə həmin ərəfədə yaranıb: “Olduqca üzgün və çox dilxor idim. Görünür, həmin hal həm özümə, həm də minlərlə soydaşıma yönələn zorakılıq siyasətinə etiraz olaraq, “Susma” mahnısını yazmağa sövq etdi. İstanbulda olarkən bunu yazıb saxladım. O ərəfədə müalicə almaq üçün Almaniyaya səfər edirdim, valideynlərim də məni görmək, təsəlli vermək üçün yanıma gəlmişdi. Elə o günlərdə zəng gəldi və və Bakıdakı dostlarım bildirdi ki, hakimiyyət ailəmə məxsus bütün yerləri qəsb edib, bəzilərini də yol salmaq adıyla dağıdıb. Bu xəbərdən sonra ürəyim az da olsa, sakitləşsin deyə, “Susma” mahnısını “Youtube”a yerləşdirdim və həmvətənlərimlə paylaşdım. Bir gün keçməmiş Vergilər Nazirliyi heç bir əsas olmadan mənə və anama qarşı cinayət işi başladı. Siyasi sifariş əsasında İnterpol xəttilə beynəlxalq axtarışa verildim. Ona görə də Almaniya dövlətinə müraciət edib, siyasi sığınacaq istədim. Aparılan uzunmüddətli araşdırmalarla təqib olunduğum müəyyənləşdirildi və Almaniya mənə siyasi sığınacaq, səyahət pasportu verdi”.

Buna baxmayaraq, İnterpol xəttilə axtarış qüvvədə qaldığına görə Hüseyn Abdullayev vəkilləri vasitəsilə bu quruma da müraciət edib. 2014-cü ildə İnterpolun baş ofisindən müsbət cavab gəlib və onun axtarışı dayandırılıb. Sabiq deputat deyir ki, bu xəbəri “Facebook”da paylaşandan sonra Bakıdakı daha iki əmlakı ağır texnika ilə dağıdılıb. O əmlaklardan birinin yerində YAP üçün qərargah tikilib, o birində isə “Sevgi parkı” salınıb. Hər iki məkanın açılışında da prezident və onun xanımı iştirak edib.


“Ağlıma gəlməzdi ki, bu açıqlamam onlarda panika yaradacaq”

Həmin ərəfədə valideynləri də Almaniyada onunla birlikdə olub. Lakin onlara verilmiş vizanın müddəti başa çatdığına görə geri qayıdıblar. Bundan sonra onların ölkədən çıxışına qadağa qoyulub:

“Xəstə atamın müalicə olunmaq üçün Vyanaya getməsinə mane oldular. Tamamilə qanunsuz olaraq, günahsız valideynlərimin ölkədən çıxışına qadağa qoyuldu. Bütün bunlara dözməyən atam dünyasını dəyişdi. O andan sonra həm KİV vasitəsilə, həm də sosial mediada hakimiyyətin ünvanına kəskin tənqidlər və haqlı etirazlar yazmağa başladım. Hətta vəziyyət o həddə çatdı ki, ciddi niyyətim olmasa da, sadəcə, acıq üçün 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürəcəyimi bildirdim. Ağlıma gəlməzdi ki, bu açıqlamam mövcud rejimi təşvişə salacaq, onlarda panika yaradacaq. Məhz bundan sonra Türkiyəyə tez-tez getdiyimi öyrənən Azərbaycan iqtidarı Türkiyə hökumətinə müraciət edərək, məni tutub Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil vermələrini xahiş etmişdi. Türkiyə mənim Almaniya dövlətinə aid olduğumu, o dövlətdən siyasi sığınacaq aldığımı və Almaniya pasportu ilə Türkiyənin Frankfurtdakı konsulluğundan viza alıb İstanbula gəldiyimi yaxşı bildiyindən, Azərbaycan tərəfinin istəyini təmin etməmişdi. Azərbaycan ədliyyə nazirinin o vaxt daxili işlər nazirinin birinci müavini olan Vilayət Eyvazova yazdığı 18 aprel 2018-ci il tarixli cavab məktubundan çox şey aydın olur. Nə ekstradisiyamın, nə də deportasiyamın mümkün olmadığını görən Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Terrorla Mücadilə Şöbəsinin rəhbərliyilə məxfi və tamamilə qeyri-rəsmi danışığa gedərək, “dövlətlərarası insan oğurluğu” adlanacaq əməliyyata imza atırlar. 21 aprel 2018-ci ildə məni saxlayıb, bir sutka ərzində – 22 apreldə zorakılıq tətbiq etməklə Azərbaycana gətirdilər. Tam saxta, həm də sifarişli ittihamlarla qanunsuz olaraq, məhkum edildim”.


“Bu, həmin Vilayət Eyvazovdur ki…”

Hüseyn Abdullayev məktubunda daxili işlər naziri Vilayət Eyvazovla münasibətlərinə də toxunub, vaxtilə ona necə kömək etdiyini xatırladıb:

“Bu, həmin Vilayət Eyvazovdur ki, 90-cı illərin ortalarında Neftçilər prospektindəki ofisimin qarşısında aylarla dayanmışdı. Mənim uşaqlıq dostum olan, Naxçıvandakı məşhur Mamed əminin çayçısına bitişik dükanda işləyən Camalın vasitəsilə mənə yaxınlaşmışdı. Məhz mənim davamlı kömək və dəstəyimlə İrana mal göndərib, çox gəlirli biznes əməliyyatları həyata keçirməklə ailəsinə çörək aparmışdı…”

***

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı o zaman deputat olan Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olub. Bu hadisədən sonra Abdullayevin deputat mandatı əlindən alınıb və ardınca o, həbs edilib. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxıb.

O, 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb. Ona qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il azadlıqdan məhrum edilib. Həmin hökmlə onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Ana səhifəXəbərlərHüseyn Abdullayev: Əli Əsədov mənə zəng edib dedi ki…