Seçki eksperti dəyişiklikləri mürtəce, hüquqşünas texniki sayır
Seçki Məcəlləsinə müəyyən dəyişikliklərin ediləcəyi nəzərdə tutulur.
“Report”un yazdığına görə, dəyişikliklə məcəllədəki “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəzlənir:
“Layihə Prezidentin 2023-cü il 8 aprel tarixli 2089 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin bənddə qanunların və Azərbaycan Prezidentinin aktlarının “Media haqqında” Qanuna uyğunlaşdırılması tapşırılıb”.
Bəs Medianın İnkişafı Agentliyi tərəfindən media subyekti kimi qeydiyyata alınmayan müstəqil media orqanları hansı aqibətlə üzləşə bilərlər?
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Meydan TV-yə deyib ki, nəticə etibarı ilə dəyişiklik jurnalistlərin seçki prosesini işıqlandırmasına və şəffaflığına mənfi təsir göstərəcək:
“Artıq bəlli sayda jurnalistlər seçkidən reportaj hazırlaya biləcəklər. Bunun özü həm informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır, həm də seçkilərinin aşkarlığı, şəffaflığı ilə bağlı yeni məhdudiyyətin yaradılmasına səbəb olacaq”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə fərqli düşünür.
Onun fikrincə, buna mahiyyət yox, texniki dəyişiklik kimi baxmaq lazımdır.
“Çünki “Kütləvi Informasiya Vasitələri haqqında” Qanun qüvvədən düşüb. Əvəzində “Media haqqında” Qanun qəbul olunub. Bütün sənədlərdə də “kütləvi informasiya vasitələri” ifadəsi yeni qanunda “media subyektləri” ifadəsi ilə əvəz olunub”.
Ələsgər Məmmədli deyib ki, qanunvericiliyə görə, agentlik reyestrdən keçməyən media qurumlarının fəaliyyətini dayandırmaq üçün məhkəməyə müraciət etməyənə qədər onlar media subyekti olaraq mövcuddur və fəaliyyət göstərirlər.
Bu baxımdan, məhkəmə qərarı olmadan MSK-nın hansısa media orqanının müşahidə aparmasına qadağa qoymağa ixtiyarı yoxdur:
“Hazırda agentliyin iddiası əsasında məhkəmə qərarı ilə heç bir media subyektinin fəaliyyətinə xitam verilməyib. Bu, o deməkdir ki, qanundan əvvəl də, indi də mövcud olan media subyektlərinin seçkini işıqlandırmaq hüquqları var. Heç bir halda məhdudiyyət olmadan Seçki Məcəlləsində müəyyən olunan xəbərləri də toplaya, reportaj da hazırlaya bilərlər. Həmçinin seçki ictimai proses olduğundan izlənməsi və müşahidəsi təməl prinsiplərdəndir. Yəni agenlikdə qeydiyyatda olub-olmamaq şəffaflığın təmin edilməsi baxımından rol oynamır”.
Dəyişikliyin beynəlxalq normalarına uyğunluğuna gəlincə, hüquqşünas bildirib ki, mətbuatın fəaliyyəti hər hansı bir formada icazəli deyil:
“Yəni qadağan olunan məqamlarda mətbuata məhdudiyyət gətirilə bilir: dövlət sirləri, xüsusi obyektlərə buraxılmamaq və.s. Bu baxımdan bütün media orqanları, o cümlədən, onlayn, sosial, ənənəvi, ümumilikdə, ictimai informasiya təminatını həyata keçirənlərin hamısı seçki prosesini müşahidə edə bilər və bunun üçün icazəyə ehtiyacları yoxdur”.
“Burada reyestrdən keçməyən ifadəsi keçərli deyil. Seçki Məcəlləsinin 43-cü maddəsi bütün media orqanlarının prosesi izləməsini nəzərdə tutur. Yalnız beynəlxaq medianın MSK-da qeydiyyatı tələbi ola bilər. Bunun üçün MSK-ya məlumat verirlər, vəssalam”, – Ələsgər Məmmədli qeyd edib.
Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.
Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.
Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.