Jalə Bayramova

Mənbə: Jalə Bayramovanın şəxsi arxivindən

Başlıq: Jalə Bayramova

Hüquqşünas: Evindən zorla çıxarılan trans barədə ev sahibi “xəstədir” ifadəsi işlədib

"Səhiyyə Nazirliyi siyahıdan çıxarıb ki, belə bir xəstəlik yoxdur"

“Bu ay LGBTIQ+ vətəndaşlara qarşı 9 təzyiq hadisəsi törədilib”.

LGBTIQ+ vətəndaşların hüquqlarını müdafiə edən hüquqşünas Jalə Bayramova Meydan TV-yə belə deyib.

Təzyiqlərə gəlincə, hüquqşünas deyir ki, bunlar müxtəlif növdə olub.

Küçədə, yolda gedərkən hücum edib, döyməkdən tutmuş, yaşadıqları evlərdən zorla, sürüyə-sürüyə çıxarılmaya qədər...

Jalə Bayramova deyir ki, 2017-ci ildə də belə hadisələr baş vermişdi. Polis bölmələrində saxlanan LGBTIQ+ vətəndaşları işgəncələr görmüş, bədənlərinə elektrik cərayanı verilmiş, saçları qırxılmış, zorlanmış və təhqir edilmişdilər: “Ən pisi də bütün bu cinayətləri törədənlər polis əməkdaşları olmuşdu. Hazırda həmin iş Avropa İnsan Hüquqları Məhkəməsindədir (AİHM). Kommunikasiya mərhələsi bitib, biz qərar gözləyirik”.

Jalə Bayramova deyir ki, LGBTİQ+ vətəndaşlar bu ay öz kimliklərini bayram edirlər. Adətən, bu ayda təşkilatlar müəyyən LGBTİQ+ vətəndaşlara müxtəlif proqramlar keçirir, yəni bütün diqqət onların hüquqlarında, çəkdikləri əziyyətlərdə olur. Bir növ 8 Mart kimidir, sadəcə, bütöv ayı əhatə edir”.

Hüquqşünas bildirir ki, bu müddət ərzində 9 nəfər LGBTİQ+ vətəndaş zorakılığa məruz qalıb: “Biz artıq həmin hadisələrlə bağlı 6 şikayəti məhkəməyə göndərmişik. Digər 3-ü isə hazırlanır. Bütün bunlar göstərir ki, bir formada qruplaşma var və bu dəfə törədilən zorakılığı dövlət özü etmir. Ehtimal var ki, bu işlər özünün xəbəri olduğu şəxslər tərəfindən törədilir. Yəni 2017-ci ildən fərqli olaraq bu dəfəki hadisələrdə iştirak edənlər polislər deyil, fərdi şəxslərdir”.

Jalə Bayramovanın dediyinə görə, həmin fərdi şəxslərin kimlikləri barədə məlumat yoxdur. O, təxmin edir ki, onlar polisə işləyən şəxslər, mülki polislər ola bilər: “Bizdə məlumat var ki, zorakılığa məruz qalan şəxslər küçədə, yolda getdikləri yerdə hücuma məruz qalıblar. 4-5 aydır, bəlkə də, illərdir yaşadıqları evlərin həyətində döyülüblər. Onları yaşadıqları evlərdən çıxarırlar. Bütün bunlar deməyə əsas verir ki, bu işlər planlaşdırılıb”.

Hüquqşünas bütün bu işlərin sırf onların orientasiyası ilə bağlı olduğunu düşünür.

O deyir ki, məsələn, evindən zorla çıxarılan trans qadın barəsində ev sahibi “xəstədir” ifadəsi işlədib: “Anlamır ki, bu onun orientasiyası, kimliyidir. Elə Azərbaycan Səhiyyə Nazirliyi də bunu xəstəliklər siyahısından çıxarıb. Yəni belə bir xəstəlik yoxdur. Bütün döyülmə faktları polisə bildirilir. Onlar da gəlir bu şəxsləri narahat edirlər, ev sahibi ilə danışırlar və s. Polislər ev sahiblərinə deyirdilər ki, sizin evinizdə yaşayan şəxslər fahişəliklə məşğuldur. Onlar trans qadındırlar. Onları evdən çıxarmaq lazımdır”.

Jalə Bayramova düşünür ki, əgər bu işlərin təşkilatçısı dövlət deyilsə, o zaman baş verən zorakılıq hadisələri araşdırılmalı, zorakılığı törədən şəxslərin kimliyi müəyyənləşdirilməli, onlar cəzalandırılmalıdırlar: "Belə olarsa, gələcəkdəki hadisələrin də qaşısı alına bilər: “Eyni şəkildə də bu şəxslərin xəstə olmadığı, kimlikləri barədə cəmiyyətə məlumat verilməlidir. Biz dünən Neyrocərrahiyyə Xəstəxanasında idik. Orada kimsə trans qadının kimliyini anlamadı. Niyə görünüşcə qadın, amma şəxsiyyət vəsiqəsində kişi adı yazılıb, bunu başa düşmürdülər. Halbuki orada işləyənlər həkimdir, tibb işçiləridir. Bunları bilməlidirlər, amma bilmirlər. Biz eyni formada bu anlayışı, məlumatlılığı cəmiyyətdən də gözləyirik. Ancq dövlət xəstəxanasının həkimi bunu bilməyəndə, cəmiyyətdən çox nə gözləmək olar?”

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda vəziyyət belədir ki, dövlət özü də zaman-zaman bu vətəndaşlara qarşı təzyiqlər həyata keçirir. Ona görə də Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) getməkdən başqa çarə qalmır: “2017-ci ildə 100-dən çox şəxsi tutub, onlara işgəncə verən, zorlayan, təhqir edən, başını qırxan bir hökumətdən çox da nəsə gözləmək olmur. Onların bu şəxslərə qarşı davranışı göz önündədir. Bütün bu hadisələr baş verir, hökumət çıxıb bununla bağlı məsuliyyəti üzərinə götürmür. Onlara dəyən maddi, mənəvi, psixoloji zərər qarşılanmır. Mən o şəxslərlə işləyirəm və görürəm ki, başlarına hər hansı bir zorakılıq hadisəsi gələndə polisə getməyə qorxurlar. Ona görə ki polisə güvənmirlər. Düşünürlər ki, polisə getmək zorakılığın davamı olacaq. Polis nəinki işi araşdıracaq, bu dəfə də özü onlara işgəncə verməyə başlayacaq”.

Son günlər LGBTIQ+ vətəndaşlara qarşı törədilən zorakılıq faktı ilə bağlı hər hansı tədbir görülüb-görülməməsi barədə Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb. Nə də nazirlik özü bu barədə hər hansı bir açıqlama verməyib.

İyunun 10-da Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri də LGBTIQ+lərə qarşı artan zorakılıq hallarına dair bəyanat yayıblar.

Vətəndaş cəmiyyəti nümayəndələri bildirirlər ki, son bir ay ərzində Azərbaycanda LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın və ayrı-seçkiliyin artması müşahidə edilir.

İnternet xəbər portalları və sosial şəbəkələrdə yayılan məlumatlara görə, mayın 30-dan bu günə kimi 6 Azərbaycan vətəndaşı müxtəlif şəxs və qrupların fiziki hücumuna məruz qalıb, onlara müxtəlif xəsarətlər yetirilib.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri son vaxtlar ölkədə LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın, ayrı-seçkiliyin və digər hüquqa zidd halların artması və bu istiqamətdə dövlətin hərəkətsizliyindən narahat olduqlarını bildiriblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2pq73p

Ən çox baxılan