Hüquqşünas: Azərbaycan Ermənistanı yalnız Avropa Məhkəməsinə verə bilər

“Yəni beynəlxalq praktikada belə şeylər var, əgər məhkəmə iddiası qaldırılsa, Ermənistana hüququ təsirinin nə qədər olacağını deyə bilməsəm də, siyasi təsiri kifayət qədər olacaq”

Source: Ivor Prickett – The New York Times


"Ermənistan vətəndaşları Beynəlxalq Cinayət Məhkəməsinə verilə bilməz"

Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Ermənistanı beynəlxalq məhkəməyə vermək planı üzərində iş getdiyini və bununla bağlı xarici mütəxəssislərin də cəlb olunduğunu deyib.

İlham Əliyev bildirib ki, işğal dövründə vurulan ziyanın hesablanması prosesi davam etdirilir: “Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu, təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”.

Ölkə başçısının açıqlamasını Meydan TV-yə şərh edən vəkil Fuad Ağayev deyir ki, Azərbaycan Ermənistanı yalnız Avropa Məhkəməsinə verə bilər:

“Bu da insan hüquq və azadlıqlarının, yaxud hansısa təşkilatlarının hüquqlarının pozulmasıyla bağlı ola bilər. Yəni "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının nəzərdə tutduğu çoxsaylı pozuntularla əlaqədar məhkəməyə şikayət etmək mümkündür. İndiyə qədər Azərbaycan müharibə nəticəsində dəymiş zərərlə bağlı bir neçə dəfə Avropa Məhkəməsinə şikayət verib və bununla bağlı bir neçə iş var. Təbii ki, hüquqi müstəvidə digər mexanizmlər də mövcuddur, məsələn, müvafiq dövlətlərin şirkətləri, fiziki şəxsləri Azərbaycan ərazisindən bəhrələnib, əldə etdikləri qızılı, misi başqa dövlətlərdə Ermənistan malı kimi satıblar. Bununla bağlı həmin dövlətlərin məhkəmələrinə müraciətlər etmək olar. Əlbəttə ki, düzgün hesablama və qiymətləndirmələr məhkəmələrdə rol oynaya bilər. Beynəlxalq Cinayət Məhkəməsinə gəlincə, Azərbaycan və Ermənistan bu məhkəmənin statutlu iştirakçısı deyil, yəni Ermənistan vətəndaşları bu mexanizm vasitəsilə məsuliyyətə cəlb edilə bilməz. Ancaq bu o demək deyil ki, Fransanın, yaxud başqa Avropa dövlətinin Ermənistan tərəfindən Azərbaycana qarşı müharibə cinayətlərində iştirak edən vətəndaşlarının məsuliyyət məsələsini qaldırmaq olmaz. Sadəcə, müəyyənləşməlidir ki, kimlər ağır cinayət törədib və məhz həmin məhkəmənin yurisdiksiyasına aiddir”.

sayt-cover (2).png
Fuad Ağayev

Fuad Ağayev prosesə beynəlxalq ekspertlərin cəlb olunmasını təqdirəlayiq hal sayıb: “Avropa İnsan Hüquqları Məhkəməsində "Çıraqov və başqaları Ermənistana qarşı" işinə baxılan zaman Azərbaycan hökuməti hüquq sahəsində kifayət qədər sanballı mütəxəssislərlə təmsil olunurdu. İndi də ixtisaslı hüquqşünasların cəlb olunması bu işə fayda verə bilər”.

Politoloq Ərəstun Oruclunun fikrincə, Ermənistanı işğalçı siyasətinə görə məhkəməyə vermək ideyası yeni deyil:

"Bu müzakirələr əvvəllər də olub, lakin işğal davam etdiyi zamanda bu addımı atmaq qeyri-mümkün idi. Çünki vurulan ziyanın qiymətləndirilməsi mümkünsüz idi. Əlbəttə, məcburi köçkünlər fərdi qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərdilər. Belə president də olub, Laçından olan məcburi köçkünlərin şikayətləri təmin edilib. Amma Əliyev Beynəlxalq Məhkəmədən danışır və bu yöndə də addım atmaq tamamilə mümkündür".

118728382_357734925398062_7336660153914955853_n.png
Ərəstun Oruclu

"İşğal zamanı vurulan ziyan, əhalinin və o cümlədən dövlət əmlaklarının dağıdılmasından, ərazilərin minalanmasından və bunun nəticəsində insanların həyatına təhlükə yaranmasından, ölüm hallarından şikayət verilə bilər. Yəni beynəlxalq praktikada belə şeylər var, əgər məhkəmə iddiası qaldırılsa, Ermənistana hüququ təsirinin nə qədər olacağını deyə bilməsəm də, siyasi təsiri kifayət qədər olacaq. Çünki istər-istəməz diqqət yaranacaq, həm də Ermənistanın siyasi baxımdan beynəlxalq nüfuzuna təsir göstərəcək. Əgər iş düzgün aparılsa, perspektiv var, amma hüquqi təsirləri bir qədər çətindir, çünki orada çox ciddi komanda işləməli və əhatəli iş aparmalıdır. Həmçinin bütün məsələlər detallarına qədər araşdırılmalı, sənədləşdirilməlidir. Bu da uzun zaman alacaq”, – Ərəstun Oruclu belə deyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayımlanıb.

Ana səhifəSiyasətHüquqşünas: Azərbaycan Ermənistanı yalnız Avropa Məhkəməsinə verə bilər