Mənbə: meydan.tv

Hüquqşünas AFFA-nı tənqid etdi, klub Baş Prokurorluğa müraciət etdi

Məqalə yeniləndi:  6 Oktyabr 2021

Aslan İsmayılov: “Klub iki ildir ki, 5 min 800 manat icarə pulunu ödəmir”

Hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə “Keşlə” FK-nun “İnter Arena”ya olan borcunu ödəmədiyi barədə status paylaşıb.

O, “Facebook” səhifəsində qeyd edib ki, klub artıq iki ildir 5 min 800 manat icarə pulunu ödəmir.

Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir.

Hüquqşünas məsələ ilə bağlı üç aydır ki, AFFA-nın baş katibi Elxan Məmmədova əlaqə saxlamağa çalışsa da, buna nail olmadığını yazıb: “Bu da ölkədəki dərəbəylikdən, hərənin özü üçün bir “boss” olduğunu, heç kimi saymadıqlarından xəbər verir”.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məsələyə münasibət bildirib.

Qurumun yaydığı məlumatda deyilir ki, hər il hesabat konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir: “Həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər. Bu cür ittihamlar səsləndirən Aslan İsmayılov, konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır. Hüquqşünas qeyd olunan “Facebook” paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq”.

Aslan Hüseynovun iddialarına cavab olaraq “Keşlə” Futbol Klubu da bəyanat yayıb:

“Bildiririk ki, “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu” MMC arasında 23.10.2017-ci il tarixində “İnter Arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanıb. Müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin “Keşlə Futbol Klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 1 fevral 2018-ci il tarixində müqaviləyə 1 saylı dəyişiklik edilmiş, “İnter Arena”da sahələrdən isifadə üçün 13,000.00 (on üç min) manat ödəniləcəyi razılaşdırılıb. (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).

1 mart 2019-cu il tarixindən isə “Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, “Keşlə Futbol Klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27,890.00 (iyirmi yeddi min səkkiz yüz doxsan) manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib

01.03.2019 – 3,000.00 (üç min) manat;

24.07.2019 – 5,000.00 (beş min) manat;

21.10.2019 - 3,000.00 (üç min) manat;

26.11.2019 - 3,000.00 (üç min) manat;

15.04.2020 - 2,000.00 (iki min) manat;

10.09.2020 - 1,000.00 (bir min) manat;

05.08.2021 - 2,000.00 (iki min) manat;

02.09.2021 - 3,000.00 (üç min) manat;

20.09.2021 - 3,000.00 (üç min) manat;

20.09.2021 – 2,890.00 (iki min səkkiz yüz doxsan manat).

Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5800 manat olmamış, razılığa uyğun olaraq, 27,890.00 vəsait “Keşlə” klubu tərəfindən hissə-hissə ödənilib. Bir daha bildiririk ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu İctimai Birliyi” arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verir. Bununla da, klubumuzun işgüzar nüfuzuna xələl gətirir. Aslan İsmayılovun “Keşlə” klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik”.

Aslan İsmayılov isə AFFA-nın onu məhkəməyə verməsini sosial şəbəkədə belə şərh edib: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məni məhkəmə ilə hədələdi. İnsan sözünün arxasında durmalıdır. Mən hazır. Ona görə ki AFFA məsullarından fərqli olaraq hər yazıdığımı anlayıram və məsuliyyətini dərk edirəm. İzləyicilərim üçün statusda qaldırdığım konkret problemə də AFFA münasibət bildirsə, çox maraqlı olardı. Nə üçün fəhlələrin 5 min 800 manat pulu iki ildən artıqdır ki, ödənilmir?”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q1zoqg

Ən çox baxılan