Hüquq müdafiəçisi Gürcüstanda saxlanılıb (yenilənib)

Avtandil Məmmədovun anası yerli və xarici hüquq müdafiəçilərindən kömək istədiyini bildirib

Source: Meydan TV

***


Son məlumatlara görə, Gürcüstanda saxlanılan azərbaycanlı fəal Aftandil Məmmədovu Marneuli rayon polis şöbəsinə aparıblar.


O, Azərbaycan tərəfin ekstradisiya barədə sorğusu əsasında saxlanılıb. Bunu “Turan”-a hüquq müdafiəçisi Oqtay Gülalıyev fəalın ailə üzvlərinə istinadən bildirib.


A.Məmmədov cinayət məsuliyyətinə cəlb olunub və Quba rayon polis şöbəsi tərəfindən barəsində axtarış elan edilib. Lakin konkret nədə ittiham olunduğu aydın deyil.


O.Gülalıyevin sözlərinə görə, A.Məmmədov Azərbaycanın şimal bölgəsində hüquq-müdafiə işilə fəal məşğul olub. Buna görə cinayət təqibinə məruz qalıb.


Bununla əlaqədar 2017-ci ildə Azərbaycanı tərk edərək Gürcüstana gedib.


Tbilisi hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib və hazırda iş baxılmaq üçün Apelyasiya Məhkəməsindədir.


O.Gülalıyev qeyd edib ki, A.Məmmədov sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edib.


Gürcüstanda oğurlanaraq Azərbaycanda mühakimə olunmuş jurnalist Əfqan Muxtarlının hüquqlarının müdafiəsilə bağlı mayın 29-da Tbilisidə keçirilən mitinqdə o kəskin çıxış edib.


Hüquq müdafiəçisi güman edir ki, Bakının A.Məmmədovun saxlanmasını tələb etməsinin səbəbi həmin çıxış və A.Məmmədovun son günlər “Facebook”-da kəskin tənqidi statusları ola bilər.


O.Gülalıyev deyib ki, məhkəmə 72 saat ərzində A.Məmmədovun ekstradisiyası məsələsinə baxmalıdır.


"Biz güman edirik ki, Aftandil Məmmədovu qeyri-obyektiv istintaq, isğəncə, ədalətsiz məhkəmə gözləyə bilər. Biz beynəlxalq hüquq-müdafiə təşkilatlarını məsələyə müdaxilə etməyə çağırırıq. Gürcüstanda müdafiəyə vəkil cəlb edilib. Gürcüstan QHT-ləri məsələdən xəbərdardır və Aftandil Məmmədovun azadlığa buraxılması və onun ekstradisiyasının qarşısının alınması üçün addımlar atırlar", – O.Gülalıyev bildirib

***


Aftandil Məmmədovun anası yerli və xarici hüquq müdafiəçilərindən kömək istədiyini bildirib

2 il əvvəl Gürcüstana mühacirətə gedən hüquq müdafiəçisi Aftandil Məmmədov iyunun 17-də günorta saatlarında Tbilisi polisi tərəfindən saxlanılıb.

Məlumatı Meydan TV-yə Aftandil Məmmədovun anası Məlahət Məmmədova verib.

Məlahət Məmmədovanın sözlərinə görə, iki uşaq atası olan Aftandil Məmmədov məcburi şəkildə ölkədən gedib:

“Oğlum Qubada icra orqanlarının qanunsuzluqlarını ictimailəşdirdiyi üçün dəfələrlə polisə aparıldı, sonda təzyiqlərə tap gətirmədiyindən getməli oldu. Sonra mən Gürcüstana gedib oğlumla görüşmək istədim, amma yerli polis qoymadı, ölkədən çıxışımı qadağan etdilər. Təsəvvür edin, anayla balanı ayırdılar, onunla tez-tez telefon əlaqəsi qurmaq da mümkün deyil, çünki hər ikimizin imkanı yoxdur. Avtandil kefindən getməyib Gürcüstana, onu burda incitdilər. İndi də eşitdim ki, polisdədir, Azərbaycana gətirsələr, onu nələr gözləyir, bir Allah bilir”.

Məlahət Məmmədova yerli və xarici hüquq müdafiəçilərindən kömək istədiyini bildirib.

Aftandil Məmmədov Quba rayonunun Rustup kəndində doğulub. O, hüquq müdafiəçisi kimi təzyiqlərə məruz qaldığı üçün ölkədən getdiyini iddia edir. Onun hansı səbəblə saxlanıldığı haqda məlumat yoxdur.

Ana səhifəXəbərlərHüquq müdafiəçisi Gürcüstanda saxlanılıb (yenilənib)