“Human Rights Watch”: Yaqubluya çıxarılan hökm heyrət doğurmadı

Beynəlxalq təşkilat istintaq və məhkəmə zamanı Tofiq Yaqublunun hüquqi müdafiəsinə əngəl yaradıldığını da bəyan edib.

Source: google.az


"Human Rights Watch" və "Amnesty International"dan Tofiq Yaqublunun həbsinə münasibət

Beynəlxalq insan hüquqları təşkilatları Tofiq Yaqublunun həbsinə münasibət bildiriblər.

İlk bəyanatı "Human Rights Watch" təşkilatı yayıb.

Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti öz rəqiblərindən qisas almaqla qanunun aliliyinə şübhə altına alır: "Məhkəmədə Azərbaycanın azsaylı alternativ siyasi səslərindən biri olan Tofiq Yaqublu saxta “xuliqanlıq” ittihamı ilə mühakimə olunub və 4 il 3 ay həbs cəzasına məhkum edilib. Hökm heyrət doğurmadı, ancaq Azərbaycan hakimiyyətinin öz tənqidçilərindən qisas almaq üçün qanunun aliliyini alt-üst etməyə nə dərəcədə hazır olduğunu göstərib".

"59 yaşlı Yaqublu müxalif Müsavat Partiyasının üzvü və Demokratik Qüvvələrin Milli Şurasında yüksək ranqlı siyasətçidir. Keçmiş jurnalist Yaqublu tez-tez Azərbaycanın insan haqları problemlərini tənqid edib. Hakimiyyət ilk dəfə deyil ki, Yaqublunu siyasi motivli ittihamlarla həbsxanaya atır. O, bundan əvvəl də üç ilini saxta ittihamlar əsasında dəmir barmaqlıqlar arxasında keçirib və 2016-cı ildə sərbəst buraxıldıqdan sonra 2019-cu ilin oktyabrında icazəsiz mitinqə qatıldıqdan sonra yenidən həbs olunub", – açıqlama deyilir.

"Human Rights Watch" hesab edir ki, hakimiyyəti koronavirus pandemiyasına qarşı mübarizədən sui-istifadə edərək rəqiblərini sıxışdırır: "Prezident İlham Əliyevin Covid-19 pandemiyasına qarşı mübarizəni ölkənin siyasi müxalifətini sıxışdırmaq üçün istifadə edəcəyini söylədikdən bir neçə gün sonra – 22 martda polis Yaqublunun bir avtomobil sürücüsünə hücum etdiyini iddia edərək həbs edib. Yaqublu isə bu iddianı qətiyyətlə rədd edib. O bildirib ki, başqa bir nəqliyyat vasitəsi onun avtomobilinin yan tərəfinə sürtüldüyü zaman park etdiyi avtomobilindən düşməyib. Sürücü və bir sərnişin çölə çıxaraq ona hücum etməyə çalışıb. Qəzanın qurma olduğunu anlayan Yaqublu dərhal polis çağırıb və onlar gələnə qədər maşını tərk etməyıb. Buna baxmayaraq, hadisədən sonra həbs edərək “xuliqanlıq” maddəsi ilə ittiham ediblər".

Beynəlxalq təşkilat istintaq və məhkəmə zamanı Tofiq Yaqublunun hüquqi müdafiəsinə əngəl yaradıldığını da bəyan edib. Onun xeyrinə olan videogörüntülərin və digər maddi sübutların heç birinin əldə edilməsinə imkan yaradılmayıb, vəsatətləri təmin olunmayıb.

Təşkilat Yaqubluya çıxarılan hökmü hökumətin tənqidçilərini həbs etmək üçün apardığı amansız kampaniyanın sonu adlandırıb.

Bəyanatda deyilir ki, Tofiq Yaqublu həbsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb.

"Human Rights Watch" hesab edir ki, Azərbaycanın tərəfdaş olduğu beynəlxalq təşkilatlar bu olaya səssiz qalmamalı, Tofiq Yaqublu da daxil olmaqla haqsız yerə tutulanlar sərbəst buraxılmalıdırlar.

"Amnesty International" Təşkilatının Cənubi Qafqaz tədqiqatçısı Natalya Nozadze də Tofiq Yaqublunun dörd il üç ay həbs cəzasına məhkum edilməsinə münasibət bildirib.

O bildirib ki, Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun dərhal və qeyd-şərtsiz sərbəst buraxılması üçün verilən cəzanı təcili şəkildə nəzərdən keçirməlidir.

Onun sözlərinə görə, Tofiq Yaqublu Prezident İlham Əliyev hakimiyyətinin qanunsuz idarəçiliyinə qarşı çıxdığına görə illərdi təqib və təzyiqlərə məruz qalır.

"Tofiq Yaqublu vicdan məhbusudur və onun azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyətinin siyasi müxalifətə, ölkədə söz azadlığına qarşı təzyiqlərinə növbəti nümunədir", – açıqlamada bildirilir.

Ana səhifəSiyasət“Human Rights Watch”: Yaqubluya çıxarılan hökm heyrət doğurmadı