Hovuzda intiqam

Tribunalar macarların hücumlarını alqışlayır, sovet idmançıları topa yiyələnən kimi fitə basırdılar.

Foto: Meydan Tv


Macar xalqının sovet əsarətinə qarşı mübarizəsinin simvoluna çevrilən Melburn qarşılaşması “Azadlığın qəzəbi” sənədli filmində işıqlandırıldı

1956-cı ilin payızında Macarıstanda demokratikləşmə tələbi ilə başlayan etirazlar getdikcə dərinləşərək kommunist diktaturasının ləğvi və çoxpartiyalı demokratiyaya keçid uğrunda hərəkata çevrildi. “Macar antikommunist inqilabı” adlı məqaləmdə bəhs etdiyim həmin hadisələr sovet qoşunlarının Macarıstana təcavüzü və kommunist hakimiyyətinin silah gücünə bərpası ilə yekunlaşdı. Noyabrın 4-9-da baş verən küçə döyüşlərində 3 min macar öldürüldü, 19 226 nəfər yaralandı, 26 min həbs olundu, 200 min nəfər isə qonşu ölkələrə qaçdı.

Etirazlar başlayan zaman su polosu üzrə Macarıstan yığma komandası Budapeşt yaxınlığındakı bazalarında yay Olimpiadasına hazırlaşırdılar. Oyunların keçiriləcəyi Melburn şəhəri (Avstraliya ) Cənub yarımkürəsində yerləşdiyindən olimpiada 22 noyabr – 8 dekabr tarixlərində baş tutacaqdı.

İdmançıların paytaxtda baş verən hadisələr barədə ətraflı məlumatları yox idi. Sadəcə etiraz aksiyalarının keçirildiyini bilirdilər. Yalnız komandanın Ervin Zador adlı gənc üzvü oktyabrın son günlərində gizli şəkildə Budapeştə getdi və qayıdandan sonra komanda yoldaşlarına gördüklərini anlatdı.

Noyabrın 1-də Macarıstan olimpiya heyəti Çexoslovakiyaya yola salındı. Sovet təcavüzünün başladığı gün, noyabrın 4-də isə Melburna yollandılar. Burada sonrakı günlərdə Macarıstanda baş verənlər barədə Qərb mətbuatı vasitəsilə xəbər tutdular. Noyabrın 8-də açılış mərasimində bütün macar heyəti qollarında qara sarğı ilə yürüdülər. İspaniya, Niderland və İsveçrə isə SSRİ-nin Macarıstana təcavüzünü əsas götürərək yarışları boykot etdi.

***

Su polosu Macarıstanın ənənəvi gclü olduğu idman növlərindən biri idi. Son dörd olimpiadalarda (1932, 1936, 1948 və 1952) macarlar bu növdə 3 qızıl və 1 gümüş medal qazanmışdılar. Onlar bu dəfə də çempion olmaq, xüsusən şəxsi qarşılaşmada sovetlərdən Budapeşt hadisələrinin intiqamını almaq əzmində idilər.

Turnirdə 10 komanda iştirak edirdi. Onlar üç qrupa bölünürdülər. Qrupların birində 4, ikisində isə 3 komanda yer alırdı. Hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə çıxacaqdı. Bu mərhələdə komandalar dairəvi sistem üzrə yarışacaqdılar. Yalnız eyni qrupdan çıxan iki komanda daha bir-biri ilə oynamayacaq, onların qrupdakı qarşılaşmalarının nəticəsi nəzərə alınacaqdı. Başqa sözlə, final mərhələsində hər komanda dörd oyun keçirəcəkdi.

Macarıstan üç komandanın yer aldığı B qrupundakı hər iki rəqibinə çətinlik çəkmədən qalib gəldi. Böyük Britaniyanı 6-1, ABŞ-ı isə 6-2 hesabı ilə məğlub etdilər. İkinci yeri britaniyalıları 5-3 hesabı ilə məğlub edən ABŞ tutdu. Dörd komandanın yer aldığı A qrupundan Yuqoslaviya və SSRİ (əyani qarşılaşmanı yuqoslavlar 3-2 qazandılar), C qrupundan isə İtaliya və Birləşmiş alman komandası (əyani qarşılaşma 4-2 italyanların xeyrinə) final mərhələsinə çıxdılar.

Macarlar növbəti iki oyunda İtaliya və Birləşmiş alman komandasını eyni hesabla (4-0) məğlub etdilər. Sovet komandası isə İtaliyaya (3-2) və ABŞ-a (3-1) qalib gəldi. Altılar finalının üçüncü turunda Macarıstan və SSRİ komandaları qarşılaşdılar.

Qrup mərhələsində Yuqoslaviyaya məğlub olduğuna görə, sovet komandası qızıl medallar uğrunda mübarizəni davam etdirmək üçün bu oyunda mütləq qalib gəlməli idi. Heç-heçə və məğlubiyyət müqabilində isə çempionluq iddialarından vaz keçməli olacaqdılar.

Bütün Olimpiada turniri ərzində macarlar istənilən yarış növündə yerli azarkeşlərin coşğun dəstəyi ilə üzləşirdilər. Su polosu turnirində təcavüzkar SSRİ-ni təmsil edən komandaya qarşı qarşılaşmada bu dəstək daha da böyük vüsət aldı. Qiyməti 2 funt-sterlinq olan biletlərin qiyməti qara bazarda 30-40 funta qalxdı. Buna baxmayaraq, 6 min tamaşaçı tutan üzgüçülük salonu dekabrın 6-da ağzına qədər dolu idi. Onlar bir ağızdan “Hajra, magyarok!” (Macarlar, irəli!) qışqırırdılar.

İkinci dünya müharibəsindən sonra sovet nəzarətinə keçən Macarıstanda rus dili orta məktəblərdə tədris olunduğundan idmançıların çoxu bu dili sərbəst bilirdi. Onlar bundan faydalanaraq sovet idmançılarını təhqir etməyi və hövsələdən çıxarmağı qərara aldılar. Ervin Zador sonralar yazırdı: “Plan belə idi: biz oynayırıq, onlar dalaşırlar”.

Gözlənildiyi kimi, oyun macarların hücumları ilə başladı. Üçqat olimpiya çempionları öz rəqiblərindən açıq-aşkar üstün idilər. Hesabı Dejö Dyarmati açdı. Daha sonra Ervin Zador cərimə zərbəsi ilə fərqi artırdı 2-0. İlk hissə bu hesabla başa çatdı.

download.jpg
Ervin Zador

Oyun olduqca kirli mübarizə şəraitində keçirdi. Tərəflər bir-birini təhqir edir, imkan düşəndə zərbə endirirdilər. Hakimlər dəfələrlə hər iki komandanın oyunçularını cəzalandırdılar, ümumilikdə beş (üç sovet, iki macar) oyunçunu isə oyundan kənarlaşdırdılar. Tribunalar macarların hücumlarını alqışlayır, sovet idmançıları topa yiyələnən kimi fitə basırdılar.

İkinci hissədə oyunun gedişində dəyişiklik olmadı. Macarlar yenə də açıq-aşkar üstün idilər, sovet idmançıları onlara qarşı heç bir şey edə bilmirdilər. Dyerd Karpati və Ervin Zadorun vurduğu qollardan sonra hesab 4-0 oldu. Yaxınlaşan qələbədən həzz alan macarların atmacaları, təhqirləri daha kəskin oldu. Məğlub sovet idmançıları isə daha əsəbi reaksiya verməyə başladılar.

Zadorun özünün etirafına görə, o, bütün oyun boyu rəqiblərdən Valentin Prokopova təhqirlər yağdırırdı. Oyunun sonlarında onsuz da məğlub olduqlarını anlayan Prokopov daha dözmək istəmədi. Hakimin nəyə görə fit çaldığını öyrənmək istəyən Zadorun diqqətinin yayınmasından istifadə edərək yumruğu ilə zərbə endirdi. Zərbə rəqibin qaşını tutdu və dərisini partlatdı.

Bu epizod tribunalarda ehtirasların daha da coşmasına səbəb oldu. Sovet idmançılarının və dövlətinin əleyhinə şüarlar səsləndirildi. Zador isə qanaxmaya baxmayaraq, bir müddət oynamağa davam etdi. O, hovuzda üzdükcə arxasınca qan izi uzanırdı.

Oyunun bitməsinə təxminən 1 dəqiqə qalarkən hakim oyunu saxladı və Zadorun əvəzlənməsini tələb etdi. Hovuzdan çıxan macarın görünüşü qorxulu idi, qan bütün bədəni boyu axırdı. Əslində onun qanaxması elə də gur deyildi. Amma bədənindən süzülən suya qarışdığından gerçəkdə olduğundan daha qorxunc görünürdü.

Bu görüntü tribunalarda emosiya partlayışına səbəb oldu. Bir xeyli tamaşaçı yerindən qalxaraq hovuza tərəf gəldi. Onlar əllərindəki müxtəlif əşyaları sovet idmançılarına atır, onları söyür, hovuza tüpürürdülər. SSRİ yığmasının oyunçuları hovuzun mərkəzinə toplandılar. Hakimlər isə oyunu saxlayaraq polis çağırdılar.

Oyunu davam etdirmək artıq mümkün deyildi. Sovet idmançıları polisin ciddi mühafizəsi altında soyunma otağına aparıldılar. Oyunun bitməsinə az qaldığını və hesabın 4-0 olduğunu nəzərə alaraq macarların qələbəsi qeydə alındı. Altılar finalının son turunda Yuqoslaviyaya 2-1 hesabı ilə qalib gələn Macarıstan dördüncü dəfə olimpiya çempionu titulunu qazandı. Almanlara qalib gələn (6-4) SSRİ isə bürünc medallara yiyələndi.

***

Olimpiya oyunlarında iştirak edən 108 macardan 44-ü ikinci dəfə işğal olunan vətənlərinə qayıtmaqdan imtina edərək müxtəlif ölkələrdə siyasi sığınacaq aldılar. Onların arasında Melburnda 4 qızıl və 2 gümüş medal qazanan əfsanəvi gimnast Aqneş Keleti də vardı. Qayıtmayanlara su polosu yığmasından iki nəfər qoşuldu: Ervin Zador və Mikloş Martin. Onların hər ikisi ABŞ-da məskunlaşdı.

Ervin Zador ABŞ-da üzgüçülük üzrə məşqçi işlədi. Onun yetirmələri arasında ən məşhuru doqquzqat olimpiya çempionu Mark Spitzdir. 1956-cı ildə Macarıstanda antikommunist üsyanın 50 illiyi qeyd olunanda da ölkəsinə qayıtmadı və bunu hökumətdə vəzifə tutan bir çoxlarının əvvəllər kommunist olması ilə izah etdi.

2002-ci ildə Kanadanın Monreal şəhərində həyatda olan sovet və macar idmançılarının görüşü təşkil edildi. Onlar barışaraq bir-birilərindən üzr istədilər. Macar xalqının sovet əsarətinə qarşı mübarizəsinin simvoluna çevrilən Melburn qarşılaşması Kventin Tarantinonun prodüsserliyi ilə 2006-cı ildə çəkilən “Azadlığın qəzəbi” sənədli filmində işıqlandırıldı. Elə həmin il Macarıstanda eyni mövzuda “Azadlıq, məhəbbət” (ingilisdilli prokatda “Children of Glory”) bədii filmi çəkildi.

Ana səhifəXəbərlərHovuzda intiqam