maliyyə-pul

Mənbə: Foto: Turan İA

Başlıq: maliyyə-pul

Hökumətin antiböhran proqramı

İqtisadiyyat Nazirliyi pandemiyanın yaratdığı böhrandan çıxmaq üçün hökumət planını təqdim edib. Əhali bu planı səbrsizliklə gözləyirdi. Əvvəla, əhalinin mühüm hissəsi çoxlu pul xərcləyib, saxlamaq üçün yemək və dərman alıb, yeni gəlirlər yoxdur və pulsuz qalıb. Onlar vəd edilmiş köməyi tezliklə almaq istəyir. İkincisi, hökumətin gənc islahat qrupunun iqtisadiyyatı çətin vəziyyətdən çıxara biləcəyinə əmin olmaq istədilər. Üçüncüsü, hökumətimizin hərəkətlərinin təsirini digər ölkələrdəki həmkarlarının işi ilə müqayisə etmək maraqlıdır.

Azərbaycanda dövlət dəstəyinin ümumi həcmi 2,5 milyard manat həcmində nəzərdə tutulur. Bu, ÜDM-in 3%-ni təşkil edir. Qonşu Gürcüstanda bu məqsədlər üçün 613 mln dollar (3.5%) məbləğində vəsait ayrılıb. ABŞ-da 2,2 trilyon dollar (10,7%); Almaniyada 500 milyard avro (14%). İki milyonluq Sloveniyanın antiböhran paketi 3 milyard avrodur. Sloveniya səviyyəsini rəhbər tutsaydıq, onda Azərbaycanın yardım paketi 28 milyard manat olmalıdır.

Proqrama əsasən, böhrandan ən çox əziyyət çəkən seçilmiş müəssisələrin 304 min işçisinin ixtisarlarının qarşısını almaq üçün kompensasiya tədbirləri həyata keçiriləcək. Onlara respublikada orta əmək haqqı səviyyəsində yardım ayrılacaq. Azərbaycanda 5 milyon 190 min iqtisadi fəal əhali var. Bunlardan 4.938.5 min nəfər işləyir. Kənd təsərrüfatında 1,8 milyon insan çalışır. Fərz etsək ki, kənddə iki metrlik məsafəni saxlamaqla tarlada işi təşkil etmək mümkündür, onda kəndliləri çıxanda 3,1 milyon nəfər aktiv əhali qalır.

Amma dövlət dəstəyi proqramı 1,6 milyon işləyən insan üzərində qurulub. Bunlardan 900 mini dövlət orqanlarında işləyir və büdcədən maaş alacaq. Özəl sektorda 604 min işləyir, onlardan 304 mini böhran proqramı çərçivəsində yardımlarla əhatə olunacaq. Qalan 300 min isə, ehtimal etməyə cəsarət edək, işçilərə dəyən ziyanı özü kompensasiya edə bilən böyük holdinqlərdə (“Azersell”, “Azersun”, banklar və s.) işləyir.

Bu kateqoriyanın 3.1 milyonunu çıxandan sonra dövlət proqramı ilə əhatə olunmayan 1.5 milyon insan qalır. Bu çox böyük saydır və İqtisadiyyat Nazirliyinin səhvidir. Koronavirus qlobal böhrandır, iqtisadiyyatın bütün sahələri bundan əziyyət çəkir. ABŞ-da işçilərin böyük yığım imkanlarına baxmayaraq, hökumət böyüklərə 1200 dollar, uşaqlara 500 dollar ayırıb. Sloveniyada işini itirənlərin hamısına əmək haqqının 80%-i qədər kompensasiya verilir, zərər çəkən özünüməşğul edən şəxslər isə 350-700 avro arasında baza müavinəti alır. Xarici nümunələrdə bizi ödənişlərin miqdarı (hər ölkənin öz maliyyə imkanları) yox, təsirə məruz qalan əhalinin kömək ilə əhatə olunması maraqlanılır.

Statistikadan görünür ki, Azərbaycanda işsizlərin sayı 251,5 min nəfərdir, amma 200 min işsizin hər birinə 190 manat yardım veriləcək. Bunu proqramın böyük uğuru hesab edirik, çünki 1 yanvar 2020-ci il tarixinə 81,3 min işsiz qeydiyyata alınıb. Yəni proqram qeydiyyatda olmayanları da nəzərə alıb.

Mikro və kiçik sahibkarlığa maliyyə dəstəyi proqramı 292 min sahibkarlıq subyektini əhatə edəcək. Burada rəhbərdən əlavə 10 nəfərdən çox işçinin olmadığı hüquqi şəxslərdən bəhs olunur. Bu proqram 248 mindən çox insanı əhatə edir ki, bu da ölkədəki bütün vergi ödəyicilərinin 25%-ə bərabərdir. İki ay ərzində vergi ödənişlərini azaltmaq və aşağıdakı vergilər üzrə tətil hüququ əldə etdilər:

- sadələşdirilmiş vergi;

- əmlak vergisi;

- torpaq vergisi;

- mənfəət vergisi (gəlir vergisi);

- ictimai iaşə sahəsində sadələşdirilmiş vergi dərəcəsinin azaldılması;

- gəlir vergisindən azad olmaq (ictimai iaşə);

- 2019-cu ilin yekunlarına görə mənfəət vergisinin (gəlir vergisi) ödənilməsi müddətlərinin uzadılması;

- vergilərin ödənilməsi və vergi bəyannamələrinin verilməsi müddətlərinin uzadılması;

- müəyyən kateqoriya vergi ödəyicilərinin ƏDV ödəməsindən müəyyən müddətə azad olunması.

Vergi endirimlərinin və vergi tətillərinin təmin edilməsi müsbət amildir. Amma bizdə onlar iki ay müddətinə nəzərdə tutulubsa, Gürcüstanda 4 aylıqdır. Böhrandan sonrakı bərpa üçün çox vaxt lazım olacağını nəzərə alsaq, Gürcüstanın müddəti daha optimaldır. Eyni zamanda, demək lazımdır ki, Azərbaycan hökumətinin fikrincə, ölkəmizdə pandemiya uzun müddət davam edərsə, iş adamlarına və əhaliyə yardım şərtlərinə yenidən baxılacaq.

Ən böyük xərclərdən biri də müəssisələrin icarə və kommunal xidmət xərcləridir. Gürcüstanda müəssisələr vergi güzəştləri ilə yanaşı, kommunal xərclər üzrə güzəştlər əldə ediblər. Tbilisi Bələdiyyəsi üç ay müddətində icarəyə verilən binaları və şəhərdəki torpaq sahələrini icarə ödənişindən azad edib. Rusiya Federasiyasında bu səlahiyyətlər regional hökumətlərə verilir. Sankt-Peterburq Qanunverici Məclisi icarə və kommunal xidmətlərin məhdudlaşdırılması məsələsinə baxacaq. Azərbaycan hökuməti bu məsələni diqqətdən kənar qoymamalıdır. Hökumət milli iqtisadiyyatı dəstəkləmək üçün icarə haqqını 30-50% azaltmaq təklifi ilə fərdi icarədarlara müraciət etməlidir. İcarədarlar ən varlı siniflərdən biridir və belə bir müraciətə anlayışla yanaşardılar. Bu tədbirlər 2008-ci ildə müxtəlif ölkələrdə yaşanan böhran zamanı çox populyar idi. Karantindən qabaq belə bir təşəbbüs Bakı yaxınlığındakı "Sədərək" ticarət mərkəzinin rəhbərliyi tərəfindən göstərildi.

Əhaliyə ərzaq, tibbi və digər vacib malların verilməsi ilə məşğul olan müəssisələr bu məqsədlə malların istehsalında istifadə olunan xammal vergisindən azad edilir, həmçinin ƏDV-nin sıfır dərəcəsini alırlar. Dünyanın bütün ekspertləri böhranın nəticələrinin ən azı ilin sonuna qədər hiss olunacağını bildirir. Buna görə çox böyük bir mal qrupu üzrə gömrük dərəcələrinin və ƏDV-nin endirilməsini təmin etmək məqsədəuyğun sayılır. İş adamlarının əvvəlcə Çin bazarından başqa bazarlara yönəlməli olacaq. Çin bazarının ucuzluğu başqalarına xas deyil. Buna görə də bu dərəcələrin azalması qiymət artımını dayandırardı.

Gürcüstanda hətta avtomobil idxalçılarının biznes şərtlərini yüngülləşdirdilər. Bundan əlavə, hökumət planlaşdırılan 600 milyon lari (təqribən 204 milyon dollar) əvəzinə şirkətlərə əlavə ƏDV olaraq 1,2 milyard lari qaytaracaq. Bu bizim proqramımızda nəzərdə tutulmayıb.

Daha sonra, sahibkarlıq subyektləri üçün yeni bank kreditlərini dəstəkləmək üçün bir kredit zəmanəti proqramını nəzərdən keçirəcəyik.

Dövlət yeni bank kreditlərinin 60 faizini ödəmək üçün cəmi 500 milyon manat dəyərində zəmanət verəcək. Bu cür zəmanətli kreditlər üzrə faiz dərəcələri 15%-dən çox, maksimum müddət üç ildən çox olmamalıdır. Burada dövlət tərəfindən zəmanətli kreditlər üzrə faizlərin yarısı (15% -in 7,5% -i) subsidiya ediləcək. Bu pul Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən ayrılacaq. Mövcud kredit portfelini dəstəkləmək üçün sahibkarlara 1 milyard manat ayrılıb. Kreditlərin müddəti və faiz dərəcəsindən asılı olmayaraq, zəmanətli olmayan kreditlər üzrə faiz dərəcəsinin 10%-i subsidiyalaşdırılacaq. Bu pul həm də Sahibkarlığın İnkişafı Fondu vasitəsi ilə veriləcək. Gələcək kreditlər üçün dövlət zəmanətlərinin verilməsi və faizlərin yarısının subsidiyası iqtisadiyyatın böhrandan sonrakı dövrünə müsbət təsir edəcək. Ancaq bunun üçün əvvəlcə böhrandan çıxmaq lazımdır.

Hökumət proqramı istehlak kreditlərini əhatə etmir. Bundan əlavə, Gürcüstanda olduğu kimi ödənişlər üçün kredit tətilləri təmin edilmir. Maraqlıdır ki, Tiflisdə fəaliyyət göstərən bəzi banklarımız Gürcüstan hökumətinin tələbini cavablandırdı və üç ay müddətinə kredit ödənişlərini dayandırdı. Buna görə də belə bir ciddi məqamda Azərbaycan hökumətinin və bankların münasibəti aydın deyil. Banklar səhmdarlara divident bölməkdən imtina etsələr, bu, kreditlərin ödənilməsində güzəşt edəcəkləri üç ay ərzində maliyyə imkanlarını yaxşılaşdıracaq. İngiltərə və Avropanın böyük bankları maliyyə imkanlarını yaxşılaşdırmaq üçün bu üsuldan istifadə etdilər.

Kommunal ödənişləri dəstəkləmək üçün əhali tərəfindən elektrik enerjisi və qazdan istifadədə güzəştli limitdə artım nəzərdə tutulur. Bu halda cəmiyyətin daha varlı təbəqələri qazanır. Enerjini qənaətlə sərf edən ailələr hökumətin dəstəyini hiss etməyəcək. Enerji resurslarının bizdən fərqli olaraq idxal edildiyi Gürcüstanda hökumət elektrik enerjisi və qazın limit hissəsinin istifadəsini üç ay müddətinə ödəyəcək. Bu, sudan istifadə və zibil yığılması üçün ödənişə də tətbiq ediləcək.

Ayrı bir proqramla dövlət sosial cəhətdən həssas qruplardan olan ailələrin üzvü olan tələbələr üçün təhsil haqqının ödənilməsini dəstəkləyəcək. Bu, çox vacib addımdır və ümid edirik ki, hökumət gələcəkdə bu məsələni diqqətdən yayındırmayacaq.

Yuxarıda deyilənləri ümumiləşdirərək bir nəticəyə gələ bilərik ki, proqramın ən zəif tərəfi pandemiya böhranından təsirlənən daha geniş dairəni əhatə etməməsidir.

Hökumətin ayırdığı vəsait bu məqsədlər üçün yetərlidir. Bunun üçün büdcəni əsaslı tikinti (7,8 milyard manat), idman və mədəniyyət tədbirləri üzrə ixtisar etmək lazımdır. Neft fondunun vəsaitlərindən istifadə etmək və xarici investorlarun maraq göstərdiyi müəssisələrin özəlləşdirilməsinə başlamaq, iqtisadiyyatın kölgədən (ÜDM-nin 67% -i) sürətlə çıxarılması çox vacibdir.

Şahmar Ağabalayev

iqtisad elmləri namizədi

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wqdbv1

Ən çox baxılan