Mənbə: Meydan tv

Heyvansevərlər aksiya keçirdi, saxlanılanlar var

Məqalə yeniləndi:  6 Avqust 2021

Heyvansevərlər aksiya keçirdi, saxlanılanlar var

Dörd fəalın hara aparıldığı haqda məlumat yoxdur

Avqustun 6-da Bakıda bir qrup heyvansevər şəhərin mərkəzi küçəsində etiraz aksiyası keçirib.

Onların bildirməsinə görə, səbəb sahibsiz heyvanlara olan pis münasibətdir. Əvvəlcə aksiya iştirakçılarının məqsədi qırmızı boyalı geyimlə mərkəzi küçədə yürüş etmək olub. Onlar bu yolla insanlara Azərbaycanda sahibsiz heyvanlara olan münasibəti göstərmək istəyiblər.

Aksiya iştirakçısı Aynur Babazadə bildirib ki, planlaşdırdıqları əraziyə gəlib çatmamış dostları saxlanıb. Onlar maşına mindirilərək naməlum istiqamətə aparılıb:

"Biz yürüş edəcəkdik sadəcə. Şəhərə çatmamış dostlarımız Nicat İsmayılov, Kamran Məmmədli, Elmir Abbasov və Elxan Mirzəyevi özünü təqdim etməyən şəxslər maşına basıb apardılar. Daha bilmədik onlar polis əməkdaşları idilər, ya yox. Biz davam etdik və gəldik bura. Aksiya etmək kimi bir fikrimiz yox idi, amma belə alındı".

Aynur Babazadə bildirib ki, etirazları sahibsiz itlərə qayğı mərkəzi kimi fəaliyyət göstərən "Toplan"ın fəaliyyətinədir. Onun bildirməsinə görə, həmin mərkəzdə heyvanlar öldürülür, onlara zülm verilir:

"Biz bunu insanlara göstərmək istəyirdik. Ancaq imkan vermədilər. Dostlarımızı saxlayan şəxslər mənə də fiziki zorakılıq göstərdilər. Məni yerdə sürüdülər, əvvəlcə maşına basırdılar ki, aparalar, sonra fikirlərini dəyişdilər. Dedilər, "siz gedin". Barmağım deyəsən sınıb. Yerdə sürüdükləri üçün əllərimin içi gömgöydür. Biz hal-hazırda saxlanılan dostlarımızın yanına gedirik. Ancaq onları hara apardıqları barədə birfikrimiz yoxdur".

Ərazidə çox sayda polis əməkdaşı və polis maşını var idi.

Daxili İşlər Nazirliyi fəalların saxlanılması ilə bağlı hər hansı açıqlama verməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 Avqust 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u9cv1p

Ən çox baxılan