Heydər Əliyevin heykəli dostluq rəmzidir?

Sabah Azərbaycanda hakimiyyət dəyişsə, qeyri-YAP siyasi qüvvə hakimiyyətə gəlsə, əminəm ki, Heydər Əliyevin rolunu təftiş edəcək

Source: google.az


Gürcüstanlıların bu heykələ münasibəti birmənalı deyil

Tbilisinin tam mərkəzində, “Meydan” adlanan ərazidə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin büstü yüksəlir. Büstü əhatə edən və eyni adı daşıyan park 1 hektar sahəyə malikdir və gündəlik olaraq gözətçilər tərəfindən qorunur, bağbanlar qulluq edir.

2004-cü ildə keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin təşəbbüsü ilə açılan park 2007-ci ildə yenidən təmir olundu. Ərazinin bütün xərcini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çəkir. Tbilisidə həmçinin Əliyevin adına memorial lövhə və teatr da var. Digər büst isə Rustavi şəhərində yerləşir.

Heydər Əliyevə məxsus büst və hekəllər Türkiyə, Serbiya, Rumıniya, Moldova, Ukrayna kimi ölkələrdə də var və Azərbaycan dövlətinin xərcləri hesabına saxlanılır. Azərbaycanın rəsmi şəxsləri xaricdə qaldırılan Heydər Əliyevə aid abidələri həmin ölkələr və Azərbaycan arasındakı dostluğun rəmzi kimi qələmə verir. 2012-ci ildə Əliyevin Meksikadakı bürüncdən ucaldılan heykəli qalmaqala səbəb olduğu vaxtda Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov BBC mundo müxbirinə verdiyi müsahibədə bu heykəli və heykəlin yerləşdiyi Tlaxcoaque parkının təmirini Azərbaycanın Meksika xalqına minnətdarlığı olduğunu demişdi. Lakin bütün bunlara baxmayaraq, Mexiko sakinlərinin kəskin etirazlarından sonra 2013-cü ildə heykəl parkın ərazisindən götürüldü.

Bu tip abidələr Azərbaycanın demək olar ki, bütün şəhər və rayonlarında var və əhali tərəfindən xoş qarşılanmır, etirazlara səbəb olur. Ən böyük qalmaqal isə 2016-cı ildə Bayram Məmmədov və Qiyas İbrahimovun Bakıda yerləşən Heydər Əliyev heykəlinin üzərini yazmasından sonra olmuşdu. Bunu edən hər iki şəxs narkotik maddələrin dövriyyəsində günahkar bilinmiş və 10 il müddətinə həbs edilmişdi. Hər iki şəxs cari ilin martında əfv fərmanı ilə azadlığa çıxdı. Azadlığa çıxmasından 13 gün sonra Bayram Məmmədov yenidən 30 gün müddətinə inzibati qaydada həbs edildi və işgəncələrə məruz qaldığını dedi.

Gürcüstandakı Heydər Əliyevə aid abidələrə etirazlar isə 2017-ci ildə, jurnalist Əfqan Muxtarlının oğurlanmasından sonra başlanmışdı. Onun memorialının üzərinə rəng atmışdılar. Həmçinin sosial şəbəkələrdə Əliyevə məxsus heykəlin götürülməsi gündəmə gəlmişdi.

Çox güman bu səbəblərdən büst və bağ xüsusi şəkildə qorunur. Gürcüstan vətəndaşı olan azərbaycanlılardan təşkil olunmuş 3 mühafizəçi gündəlik olaraq növbəli şəkildə buranın keşiyini çəkir. Həmçinin yaxınlıqda parka və büstə nəzarət məqsədi ilə kameralar quraşdırılıb. Büstə zərər yetirməyə çalışan insanlar Azərbaycandakı kimi həbs və işgəncəyə məruz qalmasa da, ərazidəki mühafizəçilər kobudluqları ilə fərqlənirlər.

Ötən ilin yayında büst qarşısındakı əklilə təpik vuran Azərbaycan vətəndaşını ərazini mühafizə edən SOCAR əməkdaşı polisin gözü qarşısındaca döymüşdü. Lakin polis mühafizəçiyə toxunmamış, insidentə səbəb olmuş azərbaycanlını saxlamışdı. Hadisə yerinə gələn Azərbaycan səfirliyinin nümayəndələri isə Azərbaycan vətəndaşını qorumaq əvəzinə onun həbsini tələb etmişdilər. Digər insidentdə isə heykəlin üzərinə yazı yazmağa çalışan şəxsi mühafizəçi güləş fəndi ilə dayandırmışdı. Yaxınlıqdakı iaşə obyektlərində işləyən şəxslərin bildirdiyinə görə, bəzən büstü qucaqlayıb, yaxud da qarşısında uzanıb qeyri-adi şəkillər çəkdirən turistlər də mühafizəçilərin kobudluğu ilə rastlaşır. “Bir nəfər içkili halda heykəli qucaqlamışdı. Başqa heç bir şey etmədi. Mühafizəçi isə onun sərxoş olmasına baxmayaraq, boynundan şillə vurdu və dartıb oradan uzaqlaşdırdı” – deyə, onlardan biri gördüklərini qeyd edir.

Həm mühafizəçilərə, həm də parka qulluq edən şəxslərə SOCAR-ın Gürcüstan nümayəndəliyi nəzarət edir və onların maaşlarını qarşılayır.

Büst və park barədə Gürcüstan vətəndaşlarının fikirləri də birmənalı deyil. Onlar parkı iki ölkənin dostluq rəmzi kimi görə bilmir. Gürcüstan sakini Tamar Abramidze düşünür ki, iki ölkənin dostluğunu fərqli yolla göstərmək olar: “Hansısa Azərbaycan şairinin heykəli və ya onun hansısa əsərinə aid abidə olsaydı, maraqlı olardı. Əliyevin heykəli isə mənim üçün yaxşı heç nə ifadə etmir”.

“Biz azərbaycanlılarla dostuq. Mən Azərbaycanda 2 il yaşamışam və yaxşı xatirələrim var. Amma heç onların özləri bu insanı sevmir, qaldı ki, bu büst iki ölkənin dostluğunun rəmzi olsun. Gürcüstanı elə vəziyyətə salıblar ki, pulun varsa, Tbilisi mərkəzində bax beləcə atana heykəl ucalda bilərsən. Sabah hansısa ərəb şeyxi burda öz atası, ya da dostuna beləcə abidə qoysa, təəccüblənmərəm,” – yaxınlıqdakı Ablavari ərzisində yaşayan Levan adlı sakin deyir.

Bağın yerləşdiyi ərazidən 100 metr irəlidə azərbaycanlılara aid teatr yerləşir. Teatrın tarixi bir əsrdən çoxdur və müxtəlif aktyorlar yetişdirib. Gürcüstanın xalq artisti İbrahim İsfahanlı teatrın peşakar fəaliyyətə keçidində böyük rol oynayıb. Həmçinin professor, ədəbiyyatşünas Əziz Şərif, siyasi xadim Nəriman Nərimanov da teatr üçün önəmli işlər görüb. Sovetlər İttifaqı zamanında teatr Nəriman Nərimanovun adına olub. Lakin 2007-cü ildə naməlum səbəblərdən bu ad Heydər Əliyevin adı ilə əvəzlənib. Bundan sonra isə teatr üçün SOCAR tərəfindən və Azərbaycanın digər hökumət qurumları tərəfindən maliyyə yardımları ayrılmağa başlanıb.

Aktyor İbrahim İsfahanlının adının çəkilməsini istəməyən nəticəsi isə bildirib ki, bu teatrda əziyyəti keçənlərə qarşı haqsızlıqdır:

“Tək İsfahanlı deyil, orada çoxlu yaxşı aktyor, həmçinin aktyor olmayan, lakin əziyyəti keçən şəxslər olub. Onlardan birinin adını istifadə etmək olardı. Heydər Əliyevin adına onsuz da çoxlu yer var. İnanın ki, belə təkrarçılıq sadə adamları bezdirir”.

Teatrın nəyə görə onun üçün əməyi keçən görkəmli şəxslərin yox, Heydər Əliyevin adına olması haqqındakı sualları teatrın rəhbərliyi cavablandırmaq istəməyib.

REAL Partiyası Məclis başqanı Azər Qasımlı düşünür ki, hakimiyyətin bu cür təbliğatında məqsəd xaricdə imic yaradıb, daxili auditoriyaya xitab etməkdir:

“Amerikada paytaxt Vaşinqton birinci prezidentin adını daşıyır. Qısaca desək, “Qurucu baba” statusu var. Atatürk Türkiyə Cümhuriyyətini quran şəxsdir. Həmçinin Şarl de Qoll nümunasi var. Dövləti qurmasa da, tarixində önəmli rol oynayıb. Heydər Əliyevi də bu insanlara bənzətməyə çalışırlar. Amma burada əsas məqsəd siyasi hakim ailənin, hakim elitanın hakimiyyətini möhkəmləndirməkdir və bu piarı bacardıqları qədər uzun müddət davam etməyə çalışacaqlar. Amma piarın uğurlu olma ehtimalı çox aşağıdır, hətta mümkünlüyü sual altındadır. Çünki Əliyev nə birinci, nə də ikinci prezident və ya dövlətin qurucusu deyil, bu idealarla yaşayan biri olmayıb. Həmçinin bu hekayənin fonunda quruculuq prosesi yoxdur. Demokratiya və insan haqları məsələlərində problemlər var, sosial, iqtisadi tələbləri qarşılayan sistem yoxdur. Ölkə neftdən asılı vəziyyətdədir. Bu müasir sistem deyil və uzunmüddətli ola bilməz, sonu iflasdır. İkinci məsələ, bu siyasətin heç bir ideoloji altyapısının olmamasıdır. Sadəcə boş ritorika və sözlərdən ibarətdir”.

Qasımlı həmçinin Batumidə yerləşən Əli və Nino heykəlini hər iki ölkənin dostluq rəmzi sayıla biləcəyini vurğulayır:

“Mütləq deyil ki, abidə siyasətçiyə qoyulsun. Batumidəki heykəl gözəl nümunədir. “Əli və Nino” romanında tarixi, siyasi və ideoloji konteks var. Buna görə də iki ölkənin dostluğunu bu tipli abidələr göstərə bilər. Atatürk, Şarl de Qoll kimi adamların olması da müsbətdir. Əgər bir millətin tarixi, hekayəsi hansısa şəxsin üzərində qurulursa, burada pis bir şey görmürəm. Sadəcə xalq bu şəxsiyyəti qəbul etməlidir və obraz yalan üzərində qurulmamalıdır. Sabah Azərbaycanda hakimiyyət dəyişsə, qeyri-YAP siyasi qüvvə hakimiyyətə gəlsə, əminəm ki, Heydər Əliyevin rolunu təftiş edəcək”.

Ana səhifəXəbərlərHeydər Əliyevin heykəli dostluq rəmzidir?