”Hərraca çıxarılan əmlaklar yalnız daxili qrupların marağını kəsb edir”

Natiq Cəfərli: “Xarici investorlar üçün cəlbedici olan layihələrin və əmlakların özəlləşməyə çıxarılması prioritet olmalıydı”

Source:


Natiq Cəfərli: “Xarici investorlar üçün cəlbedici olan layihələrin və əmlakların özəlləşməyə çıxarılması prioritet olmalıydı”

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Komitədən “APA -Economics”ə verilən məlumata görə, bu hərraca ümumilikdə 84 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 26 kiçik dövlət müəssisə və obyekti, 32 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb. Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, özəlləşdirmə portalı (privatization.az) və “Facebook” səhifəsində yerləşdirilib.

“Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir” – məlumatda qeyd olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Daşkəsən, Lənkəran, Tərtər, Şəmkir, Qobustan, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında “Çinar” soyuducular zavodunun Şəmkir filialı, Zaqatala Barama Toxumu Zavodu, Maşın Meliorasiya Stansiyası kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti paytaxtın Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-tikinti sahəsidir. 2 milyon 711 min manata təklif olunan müəssisənin torpaq sahəsi 7869,1 kv.m.-dir. Paytaxtın Sabunçu rayonunda yerləşən və 22239,2 kv.m. torpaq sahəsi olan Maşın Meliorasiya Stansiyası isə 750 min manata təklif olunur. Bundan əlavə, paytaxtın Suraxanı rayonundakı 42 saylı mağaza 800 min manat, Sumqayıtda yerləşən 22 saylı mağaza 425 min manat, Zaqatala Barama Toxumu Zavodu 509 min 375 manat start qiyməti ilə hərraca çıxarılıb.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 29-u paytaxtda, qalanları isə Astara, Ağcabədi və Oğuzda yerləşir. Ən yüksək ilkin satış qiyməti Astara rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 100 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 75 min manat start qiyməti təyin olunub.

Budəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Bərdə Tikinti Quraşdırma”, “İsmayıllı Sənaye İstehsal”, “Zaqatala Fındıq”, “Şamaxı Dəmir Beton”, “Biləsuvar Broyler” kimi səhmdar cəmiyyətlər var.

Komitədən bildirilir ki, istənilən şəxs və ya media üzvü hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Məlumatı Meydan TV-yə şərh edərkən iqtisadçı Natiq Cəfərli xatırladıb ki, hökumətin dövlət əmlakının özəlləşdirilməsi yoluyla büdcə kəsirinin qapadılması qərarı olmuşdu. Ancaq bugünə qədər özəlləşmədən əldə olunan vəsait kifayət qədər kiçikdir.

İqtisadçının qənaətincə, özəlləşdirmə prosesi qeyri-peşəkar və qeyri-şəffaf aparıldığından cəmiyyətin bu barədə əhatəli və doğru məlumatı da yoxdur:

“Sonuncu məlumatdan görünür ki, böyük məbləğ etmir. Ümumiyyətlə, özəlləşmənin fəlsəfəsi ondan ibarət olmalıydı ki, ciddi xarici inverstorları ölkəyə cəlb etmək, həmin sahələrin inkişafını təmin etmək və uzun perspektivli proqramlar əsasında investorlarla danışıqlar aparmaq lazım idi. Amma hələ hərraca çıxarılan əmlaklar torpağına və sahəsinə görə yalnız daxili qrupların marağını kəsb edir, xarici investorların heç biri buna maraq göstərmir. Bu amil prosesin düzgün qurulmamasından xəbər verir. Halbuki, Azərbaycanın ehtiyac duyduğu xarici valyutadır, bunun üçün də xarici investorları cəlb etmək vacibdir. Ona görə özəlləşmə prosesi bu yöndə aparılmalıydı. Yəni xarici investorlar üçün cəlbedici olan layihələrin və əmlakların özəlləşməyə çıxarılması prioritet olmalıydı. Hələlik bu yöndə ciddi qərarlar və xarici investorları maraqlandıran təklif proqramları da yoxdur. Məsələ ondadır ki, xarici investorlar ölkəyə gəlməzdən əvvəl təşviq proqramlarını görmək istəyirlər. Amma Azərbaycan nə Ümumdünya Ticarət Təşkilatına üzv olur, nə yerli qanunvericiliyi dəyişir, nə də təşviq proqramları təklif edir”.

Bununla belə, Natiq Cəfərli iqtisadiyyatın dövlətsizləşməsi prosesinin getməsini gərəkli hesab edir: “Yəni dövlət üzərindən yükü atmalı və büdcə yükünü azaltmalıdır. Sadəcə, prosesin özü yanlış olduğundan ciddi effekt verəcəyinə inanmıram”.

Ana səhifəXəbərlər”Hərraca çıxarılan əmlaklar yalnız daxili qrupların marağını kəsb edir”