”Hərdən az qalıram polisə deyim, tutun oğlumu”

Narkomaniyadan necə xilas olmalı?

Foto: Meydan.TV

25 yaşlı Lənkəran şəhər sakini Namiq Məmmədov 19 yaşından narkotik istifadəçisidir. O, bu vərdişindən dəfələrlə qurtulmaq istəsə də, heç bir nəticə əldə edə bilməyib:

“Əvvəllər ayda bir-iki dəfə ot çəkirdim. Sonra siqaret kimi istifadə etməyə başladım. Artıq əvvəlki effekti vermirdi, mən də daha ağır maddələrə keçməyə başladım. İlk iki ildə heç bir ciddi təsirini görmürdüm. O vaxta qədər ki, işdə belə istifadə etməyə başladım, 1 həftə keçməmiş işdən çıxartdılar. Əlimdə-ovucumda qalan pulu da xərcləyəndən sonra ev əşyalarını satmağa başladım. Ailəm dəfələrdə məni həkimə apardı, 20 günlük müalicədən sonra yenidən evə qayıdırdım. Hər dəfəsində qaldığım yerdən davam edirdim. Sonuncu dəfə Narkoloji Mərkəzdən qayıdanda artıq evdə satmağa dəyərli əşya qalmamışdı. Ağrılarım o qədər çox olurdu ki, damarlarımı kəsib, özümə fiziki zərər verməyə başladım. Artıq narkotik mənə zövq vermirdi, onu ağrıkəsici kimi görürdüm. Şükür olsun ki, bir müddətdir azaltmışam. Düzdür, həmişəlik atmağı hələ bacarmıram, amma əvvəlkitək çox istifadə etmirəm. Haçansa ömürlük qurtula bilsəm, özüm kimi olan insanlara maddi və mənəvi yardım edəcəyəm”.

Onlar tələbə adını qazandılar, mən isə “narkoman” adına layiq görüldüm

Narkotikdən asılı həyata mübtəla olanlardan biri də lənkəranlı 20 yaşlı Rəşad Abbasovdur. O da 3 ildir narkotik alışqanlığından əziyyət çəkir. Onun narkotik asılılığını qəbul etməsi 2 il çəkib: “ “Məktəbin sonuncu günü idi, sinif yoldaşlarımın ikisi davamlı olaraq marixuana çəkirdi. Amma heç bir anormal hərəkətlərini görməmişdim. Mənə də həmin gün təklif eləyəndə ona görə yoxlamaq qərarına gəldim. Beləcə onların “dost kruquna” girə bilmişdim. Ancaq ot artıq siqaret kimi adi gəlirdi. Çox çəkmədən damarlarımızı zəhərləməyə başlamışdıq. Yaşıdlarımız qəbul imtahanına hazırlaşırdı, biz isə hər dəfə polisin gözündən uzaq yerlər axtarırdıq ki, damara vura bilək. 6 ay sonra bədənim hər gün heroin tələb edirdi. Siqaret kimi sadə qəbul elədiyim vərdişimə artıq pul çatdıra bilmirdim. “Dostlarım” da mənə borc verməkdən bezmişdilər. İndi başa düşürəm ki, onlar niyə mənim halıma düşmürlər. Çünki mən orta imkanlı ailənin, onlar isə varlı ailənin uşaqlarıdır. Onlar tələbə adını qazandılar, mən isə “narkoman” adına layiq görüldüm. Ata-anamın mənə heç bir ümidi qalmayıb, mən də nə vaxtsa qurtulacağıma inanmıram”.

Adının açıqlanmasını istəməyən 55 yaşlı Masallı sakini isə deyir ki, bəzən az qalır gedib oğlunu polisə şikayət etsin: “Bir ana kimi dözə bilmirəm, balamın sağalmasını istəyirəm. Əlimdə-ovcumda nə varsa, alıb aparır, verir narkotikə. Düşünmür anam yaşlanıb, yazıqdı, necə dolansın? Ağlı başında olanda çox yaxşı uşaq olur, elə ki, o zəhrimarın əsəri gəlir, gözünə heç nə görünmür. Bir dəfə həbs olunub, yatıb-çıxıb. Onda da narkotika üstündə idi. İçəridə olanda həm özü zəhrimardan uzaq olurdu, həm də bizim qulağımız dinc idi. Hərdən az qalıram gedib şikayət edim ki, tutun oğlumu”.

Ana düşünür ki, hökumət narkomaniyanın qarşısını almaq üçün sərt tədbirlər görməli, gənclərin həyatını xilas etməlidir: “Narkotik satışının qarşısını alsınlar. O bəla bu ölkədə yetişmir, kimlərsə haradansa gətirir. İşsiz-gücsüz gənclər bilmirlər başlarını necə qatsınlar, düşürlər bu allahsızların “tor”una. Hökumətimiz istəsə, bunn qarşısını ala bilər, sərt qanunlar qoyar. Nolar, balalarımızı xilas etsinlər”.

Hər beş kişidən biri…

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaydığı məlumatda ölkə üzrə 01.01.2018-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30131 nəfərdir. Bunlardan dispanser qeydiyyatında olanlar 25139 nəfər, profilaktik 4992 nəfər, anonim müalicə alan1031 nəfərdir. Qadınların ümumi sayı 595 nəfər: dispanser qeydiyyatında olanlar 450 nəfər, profilaktik 145 nəfər təşkil edir. Toksikomanların ümumi sayı 212: dispanser qeydiyyatında olanlar 207, profilaktik 5 nəfərdir.

Cənub bölgəsində, xüsusilə də, Lənkəranda yerli əhali narkotik vasitələrin artmasından şikayətlənir. Onların dediyinə görə, şəhərdə hər beş kişidən biri narkotik vasitə istifadəçisidir. Üstəlik bu şəxslər artıq yüngül narkotiklərdən savayı, heroindən də istifadə edirlər.

Bəs narkomaniyanın azaldılması üçün nə etmək lazımdır?

Narkotik istifadəsinə məhz bu bölgədə çox sadə baxırlar

Narkoloq İlham Məmmədov Azərbaycanda narkomaniyanın yayılmasının əsas səbəbi kimi İran İslam Respublikası ilə qonşuluğu göstərir:

“Cənub bölgəsində hər 5 kişidən biri narkotik maddə aludəçisidir. Qadınlar arasında isə demək olar ki, az yayılıb. Narkotik istifadəçiləri arasında əsasən yeniyetmələr üstünlük təşkil edir. Bizdə bu problemlə bağlı xüsusi bir araşdırma aparılmayıb. Narkotik istifadəçilərinin sayının artması cənub qonşularımızla bağlıdır. Belə ki, cənubda yaşayan əhali İran ərazisinə keçib orada narkotik maddələri alır, bəzən də Azərbaycan sərhəddinə keçirə bilir. Bu, ənənə halını almayıb, ancaq narkotik istifadəsinə məhz bu bölgədə çox sadə baxırlar. Təkcə tiryək yox, həkimlərin ağrıkəsici dərman kimi xəstələrə yazdığı “Metazon”dan da geniş istifadə olunur. İnsan gördüyünü götürür. Yəni cənub bölgəsində yaşayan insanların tez-tez İrana səfər etmələri narkotik istifadəsini adi hal almasına birbaşa təsir edən amildir”.

Bunun qarşısını tamamilə almaq mümkünsüzdür

Psixoloq Azad İsizadə hesab edir ki, narkomaniyanın qarşısını tamamilə almaq mümkünsüz olsa da, azalması üçün effektiv tədbirlər görülə bilər:

“Gənc yaşlarda hamımız riskli, qeyri-adi şeyləri yoxlamaq istəyirik. Yeniyetmə yaşında anlamadan siqaret çəkməyə başlayırıq. Bu yaşlarda insan nəyinsə dadına baxmaq, özünü böyük kimi aparmaq istəyir. Həmin dövrdə siqaret, içki və ya narkotik kimi pis vərdişlərə dadına baxmaq, yoxlamaq üçün başlayan gənclərin sayı da çoxdur. İlk zamanlar istənilən vaxt bu tip vasitələrdən istifadəni dayandıra bilərəm deyə düşünürlər. Əfsuslar olsun ki, çox zaman bunu etmək mümkün olmur və yavaş-yavaş o sərhəddi keçmək çox tez baş verir”. Psixoloq deyir ki, narkotikin növündən asılı olaraq aludə olmağın müddəti dəyişir. Belə ki, 15-20 gün ərzində 2-3 heroindən ( maye halında qəbul edilən narkotik maddə) istifadədən sonra asılılıq yaranır. Yüngül narkotik olan marixuana, yaxud xaşxaş tipli maddələrdən asılılığın yaranması isə aylar çəkə bilər. Ancaq bu, heç vaxt asılı olmayacaqları mənasına gəlmir:

“Alkoqol ilə müqayisə etsək, görərik ki, hər içki içən tez bir zamanda alkoqolik olmur. Bədəndən asılı olaraq biri bir az gec, biri isə daha tez alkoqolizmə düçar olur. Narkotikdə isə sadəcə olaraq bu müddət daha qısa olur. Narkotik maddə aludəçilərinə istifadə aralığına görə yox, konkret simptomlarla diaqnoz qoyulur. Belə ki, narkomaniyada iki klinik simptoma rast gəlinir. Fikizi və psixoloji asılıq. Fiziki asılılıqdan qurtulmaq digərinə nisbətdə daha asandır. İlkin mərhələdə psixoloji asılılıq yaranır. Mən bunu istifadə etdikdən sonra özümü gümrah və xoşbəxt hiss eləyirəm, təsiri bitdikdən sonra pis vəziyyətə yox, əvvəlki vəziyyətə düşürəm. Bir neçə dəfə istifadədən sonra psixoloji asılılıq fiziki asılılığa çevrilir və bədən narkotiksiz dayana bilmir. Bundan sonra iynənin təsiri artıq 24 saat davam edir və əvvəlki əhval-ruhiyyənin aşağı düşməsi ilə yanaşı bədəndə ciddi ağrılar yaranır”.

Heç vaxt gec deyil

Psixoloqun fikrincə, dövlətin bu sahədə gördüyü işlər yetərli deyil, narkomanları müalicə etməklə yanaşı, hələ başlamamış şəxslərlə iş aparılmalıdır:

“Narkotik istifadəçisi olan bir şəxs artıq bu maddəni yaxşı əhval-ruhiyyə gətirən bir şey kimi yox, ağrıkəsici kimi tələb etməyə başlayır. Uzun müddət narkotik maddə istifadəçisi olan bir şəxsin bu asılılıqdan qurtulması mümkündür, yəni heç vaxt gec deyil. İlkin mərhələdə asılılığı saxlayan ağrıların aradan qaldırılması prosesi başlayır. Hansı ki, bu mərhələ bir o qədər də çətin deyil. Həmin şəxslər bizə müraciət edir və bundan sonra narkotikin ağrıkəsici effektini əvəzləyəcək dərman preparatları ilə müalicə başlayır. Həmin müalicə kursu təxminən 10-15 gün davam edir. Bundan sonra insanın bədəni fiziki olaraq narkotiki tələb etmir. Lakin bundan sonra psixoloji asılılığı yox etmək bir o qədər çətin olur. Bədən tələb etmədiyi halda insan hələ də özünü narkotiksiz yarımçıq hesab etməyə davam edir. Yenə də təkrarlamaq istəyirəm ki, istifadə müddətindən asılı olmayaraq narkotikdən tamamilə qurtulmaq mümkündür”.

Azad İsizadə deyir ki, son zamanlar Azərbaycanda narkotik istifadəsinin artmasının müxtəlif səbəbləri var. Bunlardan başlıcası, Azərbaycan sərhəddinə yaxın olan bölgələrdə bu maddələrin əldə olunmasının nisbətən asan olmasıdır:

“Belə ki, İranla sərhəd olan cənub bölgəsində narkomaniyanın geniş vüsət alması da bu faktorla birbaşa bağlıdır. İrandan Azərbaycana narkotik vasitələrin daşınması prosesinin qarşını almaq çox çətindir. Mütəmadi olaraq sərhəddən bu tipli maddələri keçirməyə çalşan insanlar tutulur, lakin saxlanılmadan ölkəyə keçənlərin də sayı az deyil. İstisna deyil ki, sərhəd zonalarda heroinin istifadəsi çoxalıb. Təkcə cənub zonasında deyil, Gəncə, Yevlax, Mingəçevir kimi bölgələrdə də narkomaniya yayılıb. Bununla belə, Gürcüstanın paytaxtı Tbilisi ilə müqayisədə Bakıda narkotik istifadəsi dəfələrlə azdır. Dünya praktikasında marixuana istifadəsinin leqallaşdırıldığı ölkələrdə ağır narkotik maddələrin (heroin) istifadəsinin yerini yüngül maddələrə ( marixuana, xaşxaş) verdiyinin şahidi oluruq. Lakin bu narkotik istifadənin azalmasına və ya artmasına elə də ciddi təsir etməyib. Bununla belə, artıq heroindən istifadə edən şəxslər bunu marixuana ilə əvəzləyib. Gürcüstandakı kimi Azərbaycanda da marixuananın leqallaşdırılması prosesinə başlamaq hələ tezdir. Belə ki, bu gün biz narkomanları yarıqapalı şəkildə müalicə edirik. Bu gün leqallaşma yüngül narkotiklərin hesabına narkotik istifadəçilərinin sayını çoxaldacaq. Azərbaycanda narkomaniyanın artmasının səbəbi kimi insanların maddi durumlarının çətinləşməsini, gəlirlərin aşağı düşməsini göstərənlərin sayı da az deyil. Lakin nəzərə almalıyıq ki, narkotik spirtli içki deyil ki, hər istəyən bunu ala bilsin. Gündəlik və ya tez-tez narkotik istifadəsi üçün nə qədər pul gərəklidir. Buna görə də adətən bu pis vərdişə aludə olanların əksəriyyəti yeniyetmələr və gənclər olur. Hansı ki, onların gündəlik xərcləri bu tip vərdişlərə xərclənir, başqa qayğıları olmur”.

Psixoloq Azad İsizadə
Psixoloq Azad İsizadə

Psixoloq hesab edir ki, bunun qarşısını tamamilə almaq və ya istifadəsini sıfıra endirmək mümkünsüz məsələdir. Lakin narkomaniya ilə mübarizə üçün müxtəlif sosial reklamların sayını artırmaq lazımdır.

«Telekanallarda isə hazırda sosial mövzulu reklamla, kommersiya məqsədi ilə hazırlanmış reklamın qiyməti eynidir. Deməli, narkomaniya ilə mübarizə aparan təşkilat bu reklamlara külli miqdarda pul ayırmalıdır. Bu da hazırda bir o qədər də real görünmür. Bununla yanaşı, dövlət təşəbbüsü ilə məktəblərdə və ali məktəblərdə narkomaniyanın fəsadları və onunla mübarizə ilə bağlı təbliğat aparılmalıdır. Bu sadaladığım işlər fasilələrlə yox, davamlı şəkildə aparılarsa, ciddi bir nəticə əldə etmək mümkün olar. Azərbaycanda narkomaniya ilə mübarizə aparılmır da demək olmaz. Narkoloji dispanserlərin yaradılması və onunları dünya standartlarına uyğunlaşdırılması prosesi də son illər güclənib. Lakin hər bir halda gənclərimiz narkotik aludəçiliyinə düçar olmadan onları maarifləndirmək daha vacib məsələdir”.

Ana səhifəXəbərlər”Hərdən az qalıram polisə deyim, tutun oğlumu”